Elxan Şahinoğlu: «İranda istənilən Azərbaycan vətəndaşını girov götürə bilərlər»
“Hər iki ölkədə müxtəlif qurumların mövqelərinə görə hökumətlərin qarşı tərəfə nota verməsi halları münasibətlərə uyğun deyil”. Bunu ANS-ə açıqlamasında Iranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu ölkədə saxlanılan Azərbaycan vətəndaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat Institutunun əməkdaşı Xalidə Xalidlə bağlı sualına cavab verərəkən deyib. Diplomat bildirib ki, hər iki ölkənin rəhbərliyi bu cür halların ölkələrimiz arasındakı münasibətlərə mənfi təsir göstərməməsi üçün siyasi iradə nümayiş etdirirlər:
“Bu Azərbaycan vətəndaşı barəsində məndə rəsmi məlumat yoxdur. Lakin arxayın ola bilərsiniz ki, Iranda heç bir qonaq, heç bir vətəndaş səbəbsiz saxlanıla bilməz. Inşaallah, ən yaxın gələcəkdə bu məsələ ilə bağlı bütün araşdırmalar təkmil olduqdan sonra Azərbaycanın notasına cavab veriləcək. Azərbaycanda da Iran vətəndaşları var ki, burada qanundan kənar hərəkət ediblər. Biz onların qanunla cəzalandırılmasına etiraz etmirik”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu hesab edir ki, hazırda Azərbaycan vətəndaşlarının Irana getməsi təhlükədir: “Iranda istənilən Azərbaycan vətəndaşını girov götürə bilərlər. Azərbaycan səhiyyəsinin bərbad vəziyyətdə olduğunu bilirik. Xeyli sayda vətəndaşımız müalicə üçün Irana gedir. Belə olan halda istənilən vətəndaşın başına torba keçirib zindana ata, girov götürə bilərlər. Mən son həbs olunanların da girov götürüldüyünü düşünürəm. Böyük ehtimalla buna Ramiz Mehdiyevin səfərinin də təsiri oldu. Məncə, bu təzadlarla dolu bir səfər idi. Ramiz Mehdiyevin ən strateji səhvi Iran prezidenti ilə görüşdə onu çox tərifləməsi idi. Ola bilsin, Ramiz Mehdiyev düşünüb ki, bu yolla Irandan Azərbaycana gələn təhlükələri neytrallaşdıra bilər. Çünki seçkiqabağı Irandan müəyyən təsirlərin artması təhlükəsi var. Burada Irana bağlı adamlar var və onlar da müəyyən qarışıqlıq yarada bilərlər. Ona görə, Azərbaycan hakimiyyətinin seçki öncəsi bu təsirləri neytrallaşdırmaq kimi bir niyyəti ola bilər. Amma gördüyümüz kimi, tam əksi oldu. Hazırda Iranın özündə də vəziyyət qarışıqdır. Əhmədinejatı tərifləməyin heç bir mənası yox idi. Ona qarşı Iran hakimiyyətinin özündə belə, güclü nifaq var. Ola bilsin ki, Əhmədinejat Ramiz Mehdiyevlə görüşündə xoş niyyətdən çıxış edib, həqiqətən münasibətlərin normallaşmasına ”yaşıl işıq” yandırmaq istəyib. Məncə, onun bu həbslərdə də marağı olmayıb. Amma Iran hakimiyyətində ona qarşı olan qüvvələr, dini liderin dairəsi böyük ehtimalla elə bu səfərə zərbə vurmaq üçün iki vətəndaşımızı həbs etdi. Vətəndaşlarımız bu səfərin qurbanları oldu desək, yanılmarıq”.
E.Şahinoğlu Iranın Azərbaycan vətəndaşlarının qısa zamanda azad edəcəyinə inanmadığını deyir: “Xatırlayın, iki yazarımızın həbsi zamanı onların azad edilməsi nə qədər enerji apardı. Bu məsələ aylarla uzandı. Bugünlərdə həbs edilən iki vətəndaşla bağlı ağırlaşdırıcı ittihamlar da ola bilər. Uzun müddət bizim xarici siyasətimizin enerjisi onların azad olunmasına xərclənəcək. Bu da iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirəcək”.
Qeyd edək ki, Iranda həbs olunan iki Azərbaycan vətəndaşı qeyri-qanuni əlaqələr qurmaqda ittiham olunur. Iran Xarici Işlər Nazirliyindən verilən məlumata görə, bu şəxslərə qarşı irəli sürülən ittihamlar hazırda Iran Məhkəmə Sistemi tərəfindən araşdırılır. AMEA Ədəbiyyat Institutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində Iran Informasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən tutulub.
Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X.Xalidin sürücüsü, adının isə Şamxal Hüseynov olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və Iranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Digər həbs edilənlər azərbaycanlı fəallar – Aşıq Isaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.


