Qətlə yetirilən iş adamının məhkəməsi niyə sona çatmır?

Mərhumun qardaşı prosesin qəsdən yubadıldığını deyir

Iş adamı, “Avesta” konserninin vitse-prezidenti Əflatun Piriyevin qətlə yetirilməsinə təqsirləndirilən onun şəriki Hümbət Məmmədov və başqa beş nəfərin işi üzrə məhkəmə istintaqı başa çatsa da dövlət ittihamçısı çıxışa hazır deyil. Baxmayaraq ki, məhkəmə istintaqının bitməsindən bir aydan çox zaman keçir. Bir neçə dəfə məhkəmə prosesi təxirə salınıb. 
Mərhum iş adamının qardaşı Ərəstun Piriyev “Azadlıq”a açıqlamasında məhkəmənin bu qədər yubanmasını Hümbət Məmmədovun yaxınlarının istintaqdan gizlədilən mülklərini yerbəyer etməsiylə əsaslandırdı: “Məhkəmənin yekunlaşması Hümbətin yaxınlarına sərf etmir. Çünki onlarla mülk var ki, istintaqdan gizlədilib. Həmin bu mülkləri satmaq istəyirlər. Hümbət Məmmədov qardaşımı pul üstündə öldürüb ki, ondan heç pul tələb etməsin”.
Ərəstun Piriyev deyir ki, qardaşı qətlə yetiriləndən iki-üç saat sonra Bakıya gəlib: “Olay baş verən anda Gəncədə idim. Gəldim Bakıya. Məni Nərimanov Rayon Polis Idarəsinə çağırdılar. Idarənin rəisi ilə rayon prokuroru kimdən şübhələndiyimi, qardaşımı kimlərin öldürə biləcəyini soruşdu. Əflatunun heç kimlə problemi olmayıb. Qardaşımın bütün sirlərini bilirdim. Onu da bilirdim ki, Hümbətin Əflatuna borcu var. Pulu qaytarmadığından, satılan evlərin pullarını mənimsədiyindən Əflatun onunla haqlı olaraq mübahisə edirdi. Çünki mənzil sahibləri bizim üstümüzə gəlirdi. Bütün bunları polis idarəsində rəis və prokurora dedim. Yalnız Hümbətdən şübhələndiyimi söylədim. Onlar mənə bildirdilər ki, bu məsələylə bağlı ölkə başçısı tapşırıq verib. Baş prokuror Zakir Qaralovun nəzarətindədir. Elə də oldu. Olayın üçüncü günü Hümbət Məmmədovun cinayətini sübuta yetirib həbs etdilər. Mənim polisdən heç bir şikayətim yoxdur. Onlar qısa bir müddətdə cinayətin üstünü açdılar, ölkəni tərk edən Fərman Hacıyev, Sahil Şamilovun ölkəyə deportasiya olunmasına nail oldular. Ancaq istintaq qrupuna daxil olan Elxan adlı prokurordan narazıyam. O, ilk gündən Hümbət Məmmədova tərəf çıxır. Belə ki, istintaqın başqa üzvləri məhkəmədən xahiş edir ki, istintaq başa çatmayana qədər Hümbət Məmmədovun adına və ailəsinə məxsus olan mülklərə həbs qoyulsun, ”Azər Ross” IK-ya məxsus tikilidə olan mənzillərin satışı qadağan edilsin. Ancaq Elxan Hümbət Məmmədovdan razılıq alaraq öz adamlarına bir neçə mənzil verib”.
Ərəstun Piriyev deyir ki, iş Elxana tapşırılandan sonra birinci onunla əlaqə saxlayıb: “Mənə dedi ki, tanışlarımdan biri Hümbətdən ev alıb, ancaq sənədi almaq yadından çıxarıb. Indi yanına göndərirəm, ona sənəd ver. Bildirdim ki, iş gedə-gedə binadan heç nə satmaq olmaz. Məndən heç nə ala bilməyəcəyini görüb, Hümbətə tərəf getdi. Indi isə məhkəmənin vaxtını yubatmaqla başqa mülkləri satmaq istəyirlər”.
Mərhumun qardaşı deyir ki, Hümbət Məmmədovun Əflatun Piriyevə 1 milyon manatdan çox borcu olub: “Bu, pullar ”Azər Ross” və “Volbak” MMC-dən qalan borclardır. Hümbət Məmmədov mənzilləri satsa da xəzinədara verməmişdi. Borclarını “Papanin”də tikilən “Azər Ross” IK-ya məxsus binadan satılacaq mənzillərdən verəcəkdi. Ancaq bu da olmadı. Çünki qardaşım qətlə yetirilən gün onun ofisinə gəldim. Bütün sənədləri tapdım, yalnız “Azər Ross” IK-ya məxsus sənədləri, bir də qardaşımın kitabçasını. Kitabça da yoxa çıxmışdı. Əflatun kitabçasında hər şeyi qeyd edirdi. Kimə nə qədər borcu var, kimdən nə qədər alıb, hara nə qədər xərcləyib. Hətta, yaşadığı evin təmirinə xərclədiyi pulu belə qeyd edirdi. Hümbət Məmmədov da məhz onu götürmüşdü ki, qardaşıma olan borcu it-bata düşsün”.
Ərəstun Piriyev deyir ki, Hümbət Məmmədov məhkəmədən 7 milyon manatdan çox dəyəri olan mülkünü gizlədib: “Metronun ”Gənclik” stansiyasının yaxınlığında olan 7 mərtəbəli binanı, Şüvəlanda 1 hektardan çox torpaq sahəsini, qudası, Salyanın icra başçısı Tahir Kərimovla Zərifə Əliyeva adına parkın yaxınlığında şərikə tikdirdiyi şadlıq evini, kərpic zavodu üçün aldığı avadanlığı məhkəmədən gizlədib. Bütün bunların qiyməti 7 milyon manatdan yuxarıdır. Istintaq bəzi üzvləri ona bu işdə kömək edirlər. Bundan başqa, Hümbətin yoldaşı Manananın adına “Azər Ross” MTK-da 2 mənzil və 200 kvadrat metrlik qeyri-yaşayış sahəsi var. Bunlar da Elxanın vasitəsiylə məhkəmədən gizlədilib”.
Məhkəmənin yubadılması onun və qohumları üçün çox çətin olduğu deyən Ərəstun Piriyev bildirir ki, məhkəmə hər dəfə təxirə salınanda Gürcüstanda yaşayan qohumları get-gəli çox çətin olur: “Qohumlarımızın çoxu Gürcüstanda yaşayır. Onlara hər dəfə Bakıya gəlib-getmək çox çətindi. Bundan başqa, qardaşım qətlə yetiriləndən sonra mənzil alan sakinlərin problemini həll etmək üçün, yəni binanın inşasını başa çatdırmağa görə borc-xərcə girdilər. Istintaq da belə edəndə bizə hərtərəfli ziyan dəyir”.
Qeyd edək ki, dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam etdirilir. Qətldə əli olan Ramil Hacıyev hadisədən sonra ölkəni tərk edib. Rusiyada olan Ramil Hacıyev adam oğurluğuna görə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Ramin DEKO