Almaniya Leyla Yunusa mükafat verdi

Şəhər meri: «Bu mükafatın əsas məqsədi dünyada diktatorlara qarşı mübarizə aparanların dəstəklənməsidir»

Mayın 2-də Almaniyada Esslingen-na-Nekare şəhərində Qərbi Avropa ölkələrinin demokratik qüvvələri tərəfindən avtoritar ölkələrdə vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi yolları, diktator rejimlərinə qarşı mübarizədə beynəlxalq demokratik ictimaiyyətin həmrəyliyi mövzusunda diskussiyalar keçirilib. Diskussiyalar insan hüquqları müdafiəçilərinə Teodor Heker adına illik mükafatın verilməsi mərasiminə həsr olunub.
Bu il mükafat Azərbaycan Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusa verilib. Esslingen-na-Nekare şəhərinin meri debatları açaraq deyib ki, Heker adına beynəlxalq mükafatın əsas məqsədi dünyada diktatorlara qarşı mübarizə aparanların dəstəklənməsidir.  
Hitler nasizminə qarşı cəsarətli müqavimət göstərmiş Teodor Hekerin adı onun vətənində mükafatın təsis edilməsi ilə əbədiləşdirilib. 1995-ci ildən verilən mükafat demokratiya və humanizm idealları uğrunda mübarizə aparanlara verilir. Laureatlar arasında Türkiyə, Belarus, Əlcəzair, Meksika, Ruanda, Rusiya, Iran nümayəndələri olub.
Qalibin seçim mexanizmi alman cəmiyyətinin yüksək inkişaf səviyyəsindən xəbər verir. Seçim prosesi aşağıdakı qaydada həyata keçirilir: meriya vətəndaşları namizədlərin adları olan məktubu şəhər hakimiyyətinin mədəniyyət şöbəsinə göndərməyə çağırır. Ikinci mərhələdə mədəniyyət şöbəsi hər namizəd barədə ətraflı məlumat toplayır və bütün materialları şəhər Deputatlar Şurasına göndərir. Şurada ən layiqli namizədlər seçilir və yenidən mədəniyyət şöbəsinə göndərilir və seçilmiş şəxs üzrə daha geniş məlumat verilməsi xahiş olunur. Nəhayət, yekun mərhələdə bütün toplanmış materiallar yenidən Deputatlar Şurasına göndərilir. Şurada yekun səsvermə keçirilir və qalibin adı açıqlanır. Seçim prosesi bir il yarım vaxt aparır.
2013-cü ilin laureatı Leyla Yunus ona verilən bu beynəlxalq mükafata görə təşəkkürünü bildirib və bu addımı Azərbaycanın vətəndaş cəmiyyətinin beynəlxalq demokratik ictimaiyyət tərəfindən dəstəklənməsi kimi qiymətləndirib.
Mükafatı təqdimetmə mərasimi mayın 5-də olacaq. Həmin gün L.Yunus Azərbaycanda prezident seçkisi ilində vəziyyətlə bağlı məruzə ilə çıxış edəcək. Tədbirin moderatoru kimi ARD şərhçisi Georq Restle və Syuzanna Ştifel çıxış edəcək.