Ekspert Kərəm Həsənovu yalanladı

«Özəlləşdirmə prosesi Azərbaycan xalqının maraqlarına zərbə vurub»

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesində 250 mindən çox səhmdar meydana gəlib. Bunu Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib. Onun sözlərinə görə, ümumilikdə 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. Ümumilikdə götürdükdə 1.2 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələnib. Kərəm Həsənovun açıqladığı bu statistik göstəricilər nə dərəcədə reallığa uyğundur? Bu sualla iqtisadçı ekspert Nemət Əliyevə müraciət etdik.

Ekspert deyir ki, Kərəm Həsənovun dediyi doğrudursa belə, yenə də yalnız sənədlər, rəqəmlər üzərində vəziyyət bu cürdür, gerçəklik isə başqadır. Özəlləşdirmə prosesi Azərbaycan xalqının maraqlarına zərbə vurub: “Kağız üzərində bu rəqəmlərin olmasına baxmayaraq, gerçəklikdə özəlləşdirmə prosesi, özəlləşdirmə istiqamətində dövlət proqramı, özəlləşdirmənin qarşısında duran məqsəd və vəzifələrin həyata keçirilməsinə nail ola bilməyib. Yalnız bir məqsəd gerçəkləşib ki, mülkiyyət dövlətin adından bir qrup adamın adına rəsmiləşdirildi. Özəlləşdirmə dövlət mülkiyyətinin elə formada xüsusiləşdirilməsini nəzərdə tutmalıydı ki, bu, bir tərəfdən ölkədə sahibkarlıq mühitinə, digər tərəfdən müəssisə və təşkilatlarda istehsal prosesinə təkan verməli idi. Bu gün emal sənayəsi dağılmış vəziyyətdədir, aqrar sektor, toxuculuq, yeyinti-sənaye sahələri demək olar ki, yox səviyyəsindədir. Həmin sahələrdə müəssisə və təşkilatlar demək olar ki, fəaliyyətini dayandırıb. Özəlləşdirmə məhz ona görə lazım idi ki, o sahələrdə istehsalı yerindən tərpətsin, istehsalda artıma gətirib çıxara bilsin. Ancaq özəlləşdirmə elə formada həyata keçirildi ki, həmin müəssisələr dağıldı. Bu baxımdan, özəlləşdirmə prosesi qarşısında duran hədəflərə nail ola bilmədi. Bu kontekstdən yanaşanda insanlarda yaxşı ovqat yaratmağa hesablanmış iri rəqəmlər içi boş, çürük rəqəmlərdən başqa bir şey deyil.
Təəssüf edirəm ki, onlar belə bir özəlləşdirmə prosesi həyata keçiriblər. Çox yarıtmaz, çox səviyyəsiz formada, hətta deyə bilərəm ki, Azərbaycan xalqının maraqlarına zərbə vura biləcək bir səviyyədə qiymətləndirilə bilər”.

Bəyim Həsənli