Ekspertlər deputatın təklifini absurd sayır

Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc Milli Məclisin son iclasında Qarabağa aralıq statusunun verilməsi təklifi ilə çıxış edib. “Ekspress” qəzetinə müsahibəsində Qarabağa Muxtar Respublika statusu verilməli olduğunu deyən deputat aralıq statusun Azərbaycanın milli maraqlarını təhdid etmədiyini bildirib. Millət vəkilinin belə bir təkliflə çıxış etməsi nəyə hesablanıb?

«Belə təklifin məhz seçki ilində səslənməsi şübhələr yaradır»

Siyasi ekspert Rahim Hacıyev fikrincə, Zahid Orucun dilindən belə fikrin səslənməsi yerli və beynəlxalq ictimaiyyətin reaksiyasının necə olacağını müəyyənləşdirməkdən ötrüdür. Uzun illər ərzində müharibə ritorikasına üstünlük verən hakimiyyət, torpaqları hərbi yolla azad etməkdən danışan şəxslər indi əks mövqedən çıxış etməyə başlayıblar. Belə təklifin məhz seçki ilində səslənməsi kifayət qədər şübhələr yaradır.
Ekspertin sözlərinə görə, görünür, hakimiyyət cəmiyyətə hüquq və azadlıqların qorunması və təmin olunması məsələsində heç bir güzəştə getmədiyi halda ermənilərə güzəştə getməklə beynəlxalq aləmdə sülhpərvər obrazı yaratmağa çalışır: “Erməni işğalçı qoşunlarının Azərbaycan ərazilərindən bütünlüklə çıxarılmasından sonra Dağlıq Qarabağın stutusu ilə bağlı danışıqlar tələbi siyasi və diplomatik cəhətdən əsaslandırılmış şərt kimi qiymətləndirilməlidir. Indidən güzəşt mövqeyindən çıxış edib bu problemin həllində heç bir uğur qazanmaq mümkün deyil”.

«İşğal altında olan ərazilərə status vermək olmaz»

Politoloq Vəfa Quluzadə isə hesab edir ki, deputatın dediklərinə yayındırıcı manevr kimi yanışmaq lazımdır. Çünki işğal altında olan ərazilərə status verilməsi doğru olmaz: “Gərək Qarabağ azad olunsun, Azərbaycan öz suverenitetini həmin ərazilərdə bərpa etsin, ondan sonra status barədə düşünmək olar. Işğal altında ona nə status vermək olar? Bilinmir status verilsə, ermənilər ordan çıxacaq, ya yox”.

Fizzə