Qarabağda müharibə başlaya bilərmi?

Vəfa Quluzadə: «Regiondan müharibə qoxusu gəlsə də, Qərbin razılığı olmadan buna kimsə cürət edə bilməz»

Rusiya Islam Komitəsinin sədri, politoloq Heydər Camal APA-ya açıqlamasında deyib ki, Rusiya-Azərbaycan münasibətlərinin soyuqlaşmasının ən başlıca səbəblərindən biri Azərbaycanın işğal altındakı ərazilərini müharibə yolu ilə geri qaytarmaq istəməsidir.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri bu vaxta kimi də o qədər yaxşı olmayıb: “Son vaxtlar isə münasibətlər daha da soyuqlaşıb. Bunun səbəbləri bir sıra faktorlarla bağlıdır. ABŞ-ın Əfqanıstandan qoşunlarını Azərbaycan ərazisindən keçməklə çıxarmaq niyyəti, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərini müharibə yolu ilə azad etmək istəməsi, bu istiqamətdə NATO və Israilin Azərbaycana mümkün qeyri-formal dəstək verməsi iki ölkə arasında münasibətləri soyuqlaşdırıb. Bütün bunlar rəsmi Moskvanın regionda təsir imkanlarını məhdudlaşdırır. Bir sözlə, ”əl-qolunu” bağlayır və imkan vermir ki, Moskva Ermənistanı və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını hərbi yolla müdafiə etsin”.
H.Camal yaxın vaxtlarda müharibənin başlanma ehtimalının da yüksək olduğunu söyləyib: “Dağlıq Qarabağda müharibə hər an başlaya bilər. Azərbaycan tərəfi danışıqların heç bir nəticə vermədiyini görüb öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək istəyir”.
Politoloq Vəfa Quluzadə isə Heydər Camalın sözügedən açıqlamasını şərh edərkən ilk növbədə onu deyir ki, müharibəni Rusiya özü başlaya bilməyəcək: “Müharibəni gərək Azərbaycan özü başlasın. Dəfələrlə deyilib ki, Ermənistan müstəqil dövlət deyil və o, Rusiyanın tərkibində olan bir quberniyadır. Azərbaycan müharibəni başlamaq fikrinə düşsə, onu Rusiya ilə başlamalıdır. Bu o deməkdir ki, Azərbaycan Rusiya ilə heç vaxt müharibə edə bilməz. Başqa bir variant da var ki, Rusiya ilə razılaşdırılmış bir məsələni Heydər Camal səsləndirə bilər”.
Vəfa Quluzadə onu da qeyd edir ki, Qərbin maraq dairəsində olan Cənubi Qafqaz regionunda müharibəni Qərbin razılığı olmadan heç kim başlaya bilməz: “Doğrudur, regiondan müharibə qoxusu gəlsə də, buna kimsə cürət edə bilməz”.

Nigar