İsmayıllı olaylarında həbs edilən Səməd Ismayıllının valideynləri dövlət başçısına müraciət yollayıb
İsmayıllı rayon Hacıhətəmli kənd sakinləri Ismayıllı Səməd Abduləziz oğlu və Ismayılova Pakizə Xəlil qızı dövlət başçısına ünvanladıqları məktubun surətini redaksiyamıza göndəriblər.
Məktubda deyilir: “Cənab prezident, 23-24 yanvar 2013-cü il məlum Ismayıllı hadisələrindən bir neçə gün sonra, siz bir müşavirə keçirdiniz. Müşavirədə qeyd etdiniz ki, bəzi məmurlar harınlayıb, övladları qudurub, insanları təhqir edirlər, saymırlar, özlərini pis aparırlar. Bəli, bu belə idi. Ismayıllı hadisələri məhz məmur qudurğanlığının, onların övladlarının əxlaqdan kənar hərəkətlərinin acı nəticələri idi. Gözlənildiyi kimi siz Ismayıllının icra başçısını dəyişdiniz. Bunları başa düşdük və alqışladıq. Bəs sonra nə baş verdi?
Ismayıllının 80 minlik əhalisi söyüləndə etirazını bildirənlərin həbs edilməsi başlanıldı. Bəli, cənab prezident, bu gün artıq 3 aydır 14 nəfər günahsız Kürdəxanı təcridxanasında zillət çəkir. Bu ədalətsizlikdən xəbəriniz varmı, cənab prezident? Axı siz söz vermişdiniz ki, hər bir Azərbaycanlının prezidenti olacaqsınız. Qondarma ittihamlarla şərlənərək həbs edilən həmin gənclərdən biri də bizim oğlumuz, müəllim Elşən Səməd oğlu Ismayıllıdır. Yaşadığımız kənd Ismayıllı şəhərindən 40 km aralıda yerləşir. Hadisələrdən ayın 24-də, Elşənin ana babası Xəlilov Xəlil Qanbay oğlunun cümə axşamına gedəndə xəbər tutmuşuq. Yas yeri hadisələrin getdiyi Axundov 57-də yerləşirdi. Polislərin atəş, gənclərin qışqırtılarına hamı küçəyə çıxıb. Necə olubsa, oğlumuz kameraya düşüb. Hadisələrdən 10 gün sonra onu təşkilatçı, təhrikçi, fəal iştirakçı kimi şərləyib həbs ediblər. Artıq 3 aydır həbsdə yatır. 2 körpə balası var. Bu zülm-sitəm nə vaxta qədər davam edəcək? Axı siz qudurmuşlara təhqir olunanları açıq göstərdiniz. Qudurmuşları rədd etdiniz, bəs təhqir olunmuşlardan niyə qisas alırlar? Niyə bu qüvvələrə dur deyilmir? Axı bu zülm-sitəm nəhayət işgəncələrin bir sonu olacaq, yoxsa yox? Bizim birimiz birinci qrup əlil, digərimiz bütün həyatını Azərbaycanın dövlət müstəqilliyi uğrunda sərf etmiş adamlarıq. Bu rejim mənsubları övladlarımızın və bizim elementar yaşamaq hüququmuzu əlimizdən alırsa, bəs onda prezident hara baxır? Tələb edirik, tədbir görün: ya günahsızları azad edin, ya da əmr edin hər ikimizi həbs edib oğlumuzun yanına salsınlar. Bu xaraba ölkə onsuz da başdan-başa həbsxanadır”.


