Ziya Məmmədov tariflərin artırılmasına təkid edir

Rövşən Ağayev: «Sərnişindaşımanın bir əldə cəmlənməsi rəqabətə imkan vermir»

Nəqliyyat Nazirliyi Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət edib. “APA-Economics”in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Nazir qeyd edib ki, hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib.
Xatırladaq ki, bir neçə gün əvvəl də Tarif Şurası ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə də yenidən baxıb və onu indiki səviyyədə saxlayıb. Lakin görünür, nəqliyyat naziri inadından geri çəkilmək niyyətində deyil. Bu səbəbdən də qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına növbəti dəfə müraciət edilib.
Qeyd edək ki, may ayının ortalarından Nəqliyat Nazirliyi avtobuslarda kart sisteminə keçməyi planlaşdırır. Əvvəl bu sistem 1000 avtobusda, oktyabr ayında isə bütün avtobuslarda tətbiq ediləcək. Görünür, kart sisteminə keçənə qədər Nəqliyyat Nazirliyi gedişhaqqını artırmağı qarşısına məqsəd qoyub.
Bəs bunun üçün hər hansı zərurət var idimi?

Iqtisadçı-ekspert Rövşən Ağayev sərnişin daşımada tariflərin artırılmasını tələb edən şəxsin nəqliyyatda inhisarçı mövqeyə malik olduğunu və araşdırmaların da bunu təsdiqlədiyini deyir. Nəqliyyat sistemini tənzimləyən şəxsin həm də təsərrüfat subyektlərində maraqlı tərəf kimi çıxış etməsi ciddi problem yaradır. Nəqliyyat sistemininin başında dayanan şəxsin bu sahənin subyektləri ilə bütün əlaqələri kəsilməlidir ki, hüquqi baxımdan onun danışması yolverilən olsun. Ekspertin sözlərinə görə, tənzimlənən qiymətlərin dəyişməsi üçün ciddi iqtisadi əsas olmalıdır. Cəmiyyət üçün də qiymətlərin nə səbəbdən artması səbəbləri açıqlanmalıdır. Bunu tənzimlənən qiymətlər haqqında qanun da tələb edir. Tariflərin artırılmasına səbəb kimi gəlirlərin azalması göstərilirsə, bunun nə səbəbdən baş verdiyi də izah olunmalıdır. Lakin hələ ki, nəqlyyat naziri bununla bağlı heç bir açıqlama verməyib.
Ekspert nəqliyyat sektorunda rəqabət mühitinin olmamasını da ciddi problem kimi göstərir. Əgər bu sahədə rəqabət olsaydı, həm avtobus, həm də taksi biznesində hakimiyyətə bağlı olmayan şirkətlər fəaliyyət göstərsəydi, mövcud qiymətlər onları qane edərdi. Lakin sərnişin daşımanın bir əldə cəmlənməsi rəqabətə imkan vermir.
Ekspert tariflərin artılırmasından sonra xidmətlrin keyfiyyətinin artırılmasına da zəmanətin olmadığını qeyd etdi. Çünki inhisarçı bazara nəzarət edənlər yalnız öz gəlirlərinin artırılması barədə düşünür.

Fizzə