Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Azadlıq” qəzetinin 2013-cü il 29 aprel tarixli sayında dərc olunmuş “Polis sayı çox olan ölkələr” başlıqlı məqalədə Azərbaycanda hakimiyyətin vətəndaşları ilə guya polis gücünə rəftar etməsi, bu səbəbdən də ölkənin hər yerində, əsasən paytaxtda hər addımda polisə rast gəlinməsi barədə iddiaları əsassız, heç bir məntiqi və hüquqi məntiqə sığmayan, daxili işlər orqanlarının işinə, onun qanun, asayiş keşikçisi kimi şərəfli missiyasına hər zaman kölgə salmağa adət etmiş “Azadlıq” qəzetinin və onun təmsil etdiyi düşərgənin məlum konyuktur mövqeyinin növbəti əyani təzahürü hesab edir.
Əslində təhlil üslubuna xas olan, lakin müəllifin və redaksiyanın bəlli mövqeyi halına gəlmiş, jurnalistikanın “Obyektivlik, tərəfsizlik və qərəzsizlik” kimi universal prinsiplərinin pozulduğu, daha çox polisin siyasi yöndə ittiham edildiyi sözügedən məqalənin yazılmasında əsas məqsədin iddia edildiyi kimi, ölkəmizdə polisin sayının digər dövlətlərlə müqayisədə az və ya çox olmasını düşünmək sadəlövlük olardı. “Azərbaycan hakimiyyəti ölkədəki polisin sayını açıqlamır” deyən müəllifin əsas dərdi ölkədə “polis hakimiyyəti”nin yaradılması barədə artıq dəbdən düşmüş nağıllara, tavtalogiyaya həm özünü, həm də oxucuları yenidən inandırmaqdır ki, bu, onda alınmamışdır. Baxmayaraq ki, həmin məqsədinə çatmaq üçün az qala bütün dünya dövlətlərinin statistikasından polis sayı ilə əlaqədar çox üzücü və yorucu sitatlar gətirmiş, arzu olunanı reallıq kimi qələmə verərək oxucularda azərbaycanlı asayiş keşikçilərinin sayı barədə yanlış rəy yaratmağa çalışmışdır.
Əslində isə beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də polisin sayı mövcud kriminogen duruma, əməliyyat şəraitinə, cinayətkarlığın dinamikasına və inkişaf meyllərinə əsaslanmaqla müəyyənləşdirilmiş və müvafiq qanunvericilik aktı ilə təsdiq edilmişdir. Qeyd etməyi vacib bilirəm ki, “Azadlıq” qəzetinin müsbət nümunə kimi vurğuladığı ölkələrin böyük əksrəriyyəti ilə müqayisədə Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən polisin sayı nəzərəçarpacaq dərəcədə azdır və bu, heç də iddia olunduğu kimi 456 əməkdaş təşkil etmir.
Müəllifin sayını qibtəediləcək inad və təkidlə öyrənmək istədiyi məsələ ilə əlaqədar bir xüsusatı da nəzərə almaq lazımdır ki, son 10 ildən də artıq müddətdə ölkə əhalisinin sayının 1 milyon nəfərdən çox artmasına baxmayaraq respublikamızda polis əməkdaşlarının sayı nəinki artmış, əksinə DİN sitemində son illər uğurla həyata keçirilmiş struktur islahatları nəticəsində bu say azalmış, əksər dünya dövlətlərinin paytaxtları və böyük şəhərləri ilə müqayisədə Bakıda və respublikamızın digər iri şəhərlərində aşağı düşərək ən optimal həddə çatmışdır. Bu xüsusda müəllifin diqqətinə bir önəmli faktı da çatdırmaq istərdim ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycan nəinki MDB, eyni zamanda, Şərqi Avropa məkanında ən öncül mövqedədir.
Cinayətkarlıqla mübarizə, sabitliyin qorunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmini kimi ciddi mövzulardan, mətləblərdən yazan şəxslər bu xüsusda şablon siyasi konyukturadan, mövqedən çıxış etmək əvəzinə gerçək faktlara və rəqəmlərə istinad etsələr, həqiqətə, ictimaiyyətin düzgün məlumatlandırılmasına, ümumilikdə hüquq-mühafizə, o cümlədən polis orqanlarının cəmiyyət üçün gərəkli, fədakar fəaliyyəti barədə obyektiv ictimai rəyin formalaşdırılmasına xidmət etmiş olarlar.
“Azərbaycanda polislərin sayı azalıb”
•


