“Bir nəfərin, bir ailənin hakimiyyəti əbədi qəsb etməsinə bəraət qazandırmaq həm də ləyaqətlə bağlı məsələdir”
İntiqam Əliyev: «Əbədi hakimiyyət pis idarəçilik, korrupsiya girdabında boğulan, mənəviyyatı deqradasiyaya uğramış cəmiyyət deməkdir»
Azərbaycanda 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın 101.5-ci maddəsi şəxsə iki dəfədən artıq ardıcıl prezident olmağı qadağan edirdi. Lakin 2009-cu ilin martında referendum yolu ilə bu qadağa aradan qaldırıldı. Hazırda mövzu ilə bağlı əsas mübahisə bundan ibarətdir ki, dəyişiklik hazırkı dövlət başçısı Ilham Əliyevə münasibətdə tətbiq oluna bilməz. Çünki o, ikinci dəfə 2008-ci ildə prezident olub ki, həmin vaxt da qadağa qüvvədə idi. Bu baxımdan, o, artıq iki dəfə ardıcıl prezident olduğundan, builki prezident seçkisində namizədliyini irəli sürə bilməz.
Amma digər bir yanaşma da var ki, Konstitusiyanın 149.7-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmağı nəzərdə tutan normativ aktların qüvvəsi geriyə şamil edilir. Bu mənada, hazırkı dövlət başçısının üçüncü dəfə namizəd olmasına hər hansı hüquqi maneə yoxdur.
Bu mövzuda mübahisələrə ölkənin peşəkar hüquqşünaslarından biri, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyevlə aydınlıq gətirməyə çalışdıq:
– Siz bu mübahisələrdə düşərgənin hansı tərəfindəsiniz?
– Əvvəla, mən əminəm ki, bir şəxsin iki dəfədən artıq prezidentliyinə qadağanın aradan qaldırılmasına sosial sifariş yox idi. Ilham Əliyevin isə prezidentliyə üçüncü dəfə namizəd irəli sürülməsi Konstitusiyaya açıq-aşkar zidd olacaq.
Qadağanı aradan qaldıran referendumun keçirildiyi dövr və şərait, prosesin kobud qanun pozuntuları ilə müşayiət olunması, o cümlədən rəyin səlahiyyət müddəti başa çatan Konstititusiya Məhkəməsi hakimləri tərəfindən verilməsi legitimliklə bağlı ciddi suallar yaradır. Seçki komissiyalarının tam hakimiyyətin nəzarəti altında olduğu, medianın, vətəndaş cəmiyyəti qurumlarının uzun illər məqsədli siyasət nəticəsində sıradan çıxarıldığı, toplaşmaq azadlığının qadağan olunduğu, insanların fərqli fikirləri eşitmək hüququndan məhrum edildiyi bir ölkədə referendumun xalqın iradəsini ifadə etdiyini söyləmək çətindir.
O dövrdə Konstitusiyaya edilən dəyişikliklərin məqsədi təbii ki, heç də insan hüquq və azadlıqlarının daha da gücləndirilməsi deyildi. Hədəf eyni adamın prezidentliyinə məhdudiyyət qoyan normanın aradan qaldırılması idi. Onunla bərabər çoxsaylı digər dəyişikliklərin məqsədi isə fon yaratmaq, diqqəti əsas məqsəddən yayındırmaq idi.
Prezidentliyə namizədliklə bağlı müddət məhdudiyyətinin aradan qaldırılması Konstitusiyanın təməl prinsiplərinə ziddir. Konstitusiyanın 155-ci maddəsi onun 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvini, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflərin referenduma çıxarılmasını qadağan edir. Mütləq hakimiyyət – ölkə Konstitusiyasının prezidentə verdiyi səlahiyyətlər, üstəgəl ondan qat-qat geniş real səlahiyyətləri belə söyləməyə əsas verir – uzun müddət davam etdikdə, hakimiyyət səmərəliliyini itirir, avtoritarizm, totalitarizm tendensiyaları güclənir. Konstitusiyanın Azərbaycan dövlətinin demokratik, hüquqi dövlət kimi tərifini verən 7-ci maddəsi toplumu bu təhlükədən müdafiə edir. Bu baxımdan qadağanı nəzərdə tutan normanın referenduma çıxarılması Konstitusiyaya zidd olduğu üçün prosesin legitimliyi ciddi şübhə altındadır.
– İlham Əliyevin yenidən namizəd olmasına bəraət qazandıranlar Konstitusiyanın fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmağı nəzərdə tutan normativ aktların geriyə qüvvəsini nəzərdə tutan 149.7-ci maddəsinə istinad edirlər…
– Yanlış yanaşmadır. Ola bilər ki, həmin norma hansısa müstəsna hallarda bu şəxslərin arasında prezidenti də görə bilər. Amma mübahisə doğuran indiki məsələ, birmənalı o hallardan deyil. Bu cür yanaşma konstitusionalizmin əsasında duran təməl prinsiplərə, onun fəlsəfəsinə zidd olardı. Konstitusiyanın fiziki və hüquqi şəxslər deyəndə, müstəsna səlahiyyətlərə malik hakimiyyət daşıyıcısını yox, onun qəsdlərindən qorumağa çalışdığı toplumu, adi insanları – vergi ödəyicilərini, mülkiyyətçiləri, pensiyaçıları nəzərdə tutduğu o qədər bəsit və aydın ki…
Dünyanın əksər ölkələri hakimiyyətin uzurpasiyasının, avtoritarizmin qarşısını almaq üçün dövlət başçısının hakimiyyətdə olduğu müddəti məhdudlaşdırıb. Sivil dünyanın insan hüquqları və demokratiyanın əsas təminatlarından biri kimi qəbul etdiyi bu qadağa uzun illərdir həmin cəmiyyətlərin inkişafına xidmət edir. Bu məhdudiyyətin kiminsə hüquqlarını pozduğu barədə arqumentlər ciddi deyil. Hətta bu cür olduğu halda belə, toplumun yuxarıda qeyd etdiyimiz maraqları baxımından bu məhdudiyyətə bəraət qazandırıla bilər. Eyni məntiqlə qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmaya gərək. Eyni yanaşma ilə, 15 yaşına çatmamış uşağın əmək fəaliyyətilə məşğul olmasını, 30 yaşı olmayan şəxsin hakim, 3 il stajı olmayan adamın vəkil olmasını, din xadiminin prezident və ya parlamentə seçilə bilməsini qadağan edən normaların arxasında da diskriminasiya dayanır.
– Prezidentliyə namizədliklə bağlı müddət məhdudiyyətinin aradan qaldırılması hansı təhlükələr yaradır?
– Azərbaycan kimi avtoritar ölkələrdə sosial tələbat ölkə prezidentinin hüdudsuz səlahiyyətlərinin azaldılmasınadır, real hakimiyyət bölgüsünün, siyasi plüralizmin və rəqabətin təmin olunmasındadır.
Hər dəfə ölkə başçısının iştirakı ilə keçirilən tədbirlərdən reportajlara baxanda hakimiyyətin dəyişilməz, əbədi olacağı fikrinin hansı eybəcərliklər doğurduğunun şahidi olursan. Nazir, icra hakimiyyəti başçısı, bələdiyyə başqanı, məhkəmə sədri, ordu generalı yalnız hakimiyyətin əbədi olduğu güman edilən ölkədə özünün bü cür aşağılanmasına razılıq verər. Obamanın, Ollandın, Peresin naziri, senatoru, konqresmeni, lordu heç vaxt prezidentin qarşısında əzilib-büzülməz, ona yarınmaz, itaət etməz. Çünki həmin adamlardan hər hansı birinin prezident ola bilməsi ehtimalı var. Obama da, Olland da, Peres də bilir ki, onlar uzağı, 10 il bu vəzifədə olacaqlar, sonra sıradan birinə çevriləcəklər, yaxşı halda isə, nazir, senator, konqresmen və ya prezident müşaviri olacaqlar. Bu gün o, vəzifəsinə görə başqasından qarşısında əyilməyi tələb edirsə, sabah başqası həmin yeri tutanda, ondan eyni şeyi tələb edəcək. Ona görə də sivil ölkədə prezident nazirinə, merinə, bələdiyyə başqanına hörmətlə yanaşır, onu təhqir etmir, alçaltmır.
Prezident, baş və adi nazir, böyük və kiçik mer bilsə ki, o, həmin vəzifəni maksimum 10 il tuta bilər və bundan sonra hakimiyyətə gələn qüvvə (bu, müxalifət də ola bilər) onun tikdirdiyi körpülərlə, saldığı yollarla, gətizdirdiyi avtobuslarla və s. bağlı sorğu-sual edə, araşdırmalar apara buna görə onu cinayət məsuliyyətinə cəlb edə bilər, onda real qiymətindən 5-10 dəfə artıq körpü tikmək, yol çəkmək, Dubayda villalar almaq, Vircin adalarında şirkətlər açmaq fikrinə düşəndə, bu addımların gələcəkdə onun üçün yarada biləcəyi fəsadlar barədə düşünər bəlkə. Amma hakimiyyət dəyişilməz olanda, bu suallara və narahatlığa ehtiyac qalmır – Azərbaycandakı kimi.
Dəyişikliklər cəmiyyət üçün çox vacibdir. Hakimiyyət dəyişikliyi də bu mənada istisna deyil. Cəmiyyətdə dəyişikliyi, inkişafı şərtləndirən amillərdən biri, bəlkə də birincisi hakimiyyət dəyişikliyidir, idarəçiliyə yeni insanların gəlməsidir. Hakimiyyətə gələn qüvvə biləndə ki, cəmiyyətə verdiyi vədləri, o cümlədən və ilk növbədə, sosial proqramları reallaşdırmaq üçün ona ayrılan vaxt məhduddur, o çalışacaq ki, həmin proqramlara daha çox diqqət ayırsın, daha çox iş yeri açsın və s.
Ümumilikdə belə qəbul olunub ki, 8-10 illik müddət dövlət başçısının seçiciləri qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası üçün yetərlidir. Bir yerdə qalanda, hətta su da iylənir. Dəyişilməz hakimiyyət durğunluq deməkdir. Əbədi hakimiyyət pis idarəçilik, korrupsiya girdabında boğulan, mənəviyyatı deqradasiya uğramış cəmiyyət deməkdir. Yeri gəlmişkən, əgər hakimiyyət və onu dəstəkləyənlər ölkədə bir nəfərə – hətta öz içindən belə, layiqli alternativ görmürsə, bu həm də həmin hakimiyyətin, onun siyasətinin, idarəçiliyinin keyfiyyət göstəricisidir. Eyni zamanda, bir nəfərin, bir ailənin hakimiyyəti əbədi qəsb etməsinə bəraət qazandırmaq həm də ləyaqətlə bağlı məsələdir. Davamlı və sistemli təzyiqlərə, repressiyalara baxmayaraq, ləyaqətlə yaşamaq istəyən insanların sayı getdikcə artmaqdadır. Bu, sabaha ümidlə baxmağa çox ciddi əsas verir.
Aytən Məmmədova



