Saatlıda YAP-çılar jurnalistə hücum etdilər

Bu gün Saatlının Azadkənd kəndində Heydər Əliyevin 90 illiyi ilə bağlı kənd orta məktəbinin binasında tədbir keçirilib. Tədbirdə insident baş verib. Belə ki, tədbiri işıqlandırmaq üçün gələn, “Azadlıq” radiosunun əməkdaşı Azər Əliyə öyrədilmiş adamlar hücum edib. Kənd sakinləri Məmmədrza Kərimov, Taleh Səmmədov, vaxtilə Azadkənddə yaşamış, hazırda Bakı şəhərində məskunlaşan Akşin və Mürvət Kərimov qardaşları jurnalisti təzyiq göstərib, təhqir ediblər.
Azər Əli “Azadlıq”a qəzetinə açıqlamasında bildirdi ki, olayla bağlı 102 xidmətinə və DİN-ə müraciət edib: “Azadkənd orta məktəbində Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilirdi. YAP-ın Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev və icra hakimiyyətinin bir neçə məsul işçisi də ora gəlmişdi. Onlar gələn zaman gətirdikləri YAP-ın bayraqları yerə töküldü və sonra ağaca keçirilmiş şəkildə bunları ora toplaşanlara verirdilər. Lütfəli bütün bunları çəkdiyimi görüb, “boyunuzu yerə soxum, görmürsünüz bizi çəkir” deyə ətrafdakılara səsləndi. Hər şeyə Nuhəli Kərimov təşkilatçılıq edirdi. Onun qardaşı Məmmədrza mənə hücum elədi. Əvvəlcə itəlidi, getmək istəyəndə arxadan da vurdu. Sonra gənclər üstümə hücum çəkəndə mən artıq 102 xidmətiylə əlaqə saxladım. Orada polis olsa da, hadisələri kənardan seyr edirdi”.