Nəqliyyat nazirinin Tarif Şurasına müraciətinin pərdəarxası məqamları
O, vahid kart sisteminə keçiddən qabaq gediş haqlarını artırmaq istəyib
Aprelin 26-da Tarif Şurası Bakı şəhərində marşrutların sayının azaldılmasına dair qərar qəbul edib. Bakı şəhərində marşrutların sayı 316-dan 217-yə endirilir.
Qurum ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə də yenidən baxıb və onu indiki səviyyədə saxlayıb.
Şuranın qərarı ilə şəhərdaxili, qəsəbədaxili və ya qəsəbələrarası hərəkət edən sərnişinlər üçün qiymət 20 qəpik müəyyən edilib.
“Azadlıq”a daxil olan məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun məqsədi gediş haqlarını 50 faiz, yəni 20 qəpikdən 30 qəpiyə qaldırmaq olub. Bu isə təsadüfi deyil. Belə ki, Nəqliyyat naziri may ayının ortalarından başlayaraq 1000-ə yaxın avtobusda vahid kart sisteminə keçidə göstəriş verib. Oktyabr ayına qədər isə, yəni prezident seçkilərinə qədər bütün nəqliyyat kart sisteminə keçəcək. Işin maraqlı tərəfi odur ki, Ziya Məmmədovun Tarif Şurasına müraciətinin əsas məqsədi məhz vahid kart sistemi ilə bağlı olub. Çünki vahid kart sisteminə keçəndə qiymətlərin artımı o qədər də gözə dəyməyəcək. Nəqliyyat naziri də məhz bu amili nəzərə alaraq qiymətlərin qaldırılması üçün müraciət edib. Ancaq hakimiyyət seçkiöncəsi əlavə narazılığın yaranmaması üçün buna razı olmayıb.
Bundan başqa, Ziya Məmmədov vahid kart sisteminin yaradılmasıyla metropoliteni də ələ keçirmək istəyir. Çünki yaradılacaq bu kart sistemi metroda da gedişə yarayacaq. Bu isə sonda metropolitenin Nəqliyyat nazirinin kurasiyasına keçməsinə gətirib çıxaracaq. Ancaq metropolitenin rəisi Tağı Əhmədov müsahibələrində dəfələrlə bildirib ki, metro ilə avtobuslar vahid kart sistemində ola bilməz. Əgər Ziya Məmmədov yenidən buna cəhd edərsə, yəqin ki, “yuxarı” dairələrlə qarşılaşmalı olacaq.


