Əhmədinejad Təbrizdə hücuma məruz qalıb

Aprelin 28-də Azərbaycanın qədim paytaxtı Təbrizə səfər edən Mahmud Əhmədinejad bir qrup yerli sakinin hücumuna məruz qalıb. Təbrizin Nəsr Qərzülhəsənə sandığına (bank) pul qoyanlar haqlarının tapdanmasına görə prezidentin qarşısına etirazlarını əks etdirən plakatlarla çıxıblar. GünAz.TV-nin xəbərinə görə, etirazçılardan biri qəfildən Əhmədinejada hücum edib və onu döymək istəyib. Lakin mühafizəçilər tez prezidenti onların əlindən ala biliblər. Hadisə ilə bağlı tutulanların olduğu deyilir. Əhmədinejad isə etirazlara baxmayaraq, Təbriz şəhərində yerli camaat qarşısında çıxış edib. O etirazçıların tələbinin araşdırılacağına da söz verib. Əhmədinejad həmçinin 2012-ci ilin avqustunda Şərqi Azərbaycan vilayətində baş vermiş təbii fəlakətə də toxunub. “Zəlzələdən zərər çəkmiş kənd və şəhərlərə səfər etdikdə bölgənin təbii fəlakətə məruz qalmış ərazilərində bərpa işlərinin yekunlaşması elan olunacaq” – deyə, İran prezidenti bildirib. (musavat.com)