Akif Əlizadə ziddiyyətli fikirlər səsləndirib
Nurəddin Məmmədli: »Seçkili orqanın rəhbəri təyinatına görə kiməsə təşəkkür edirsə, bu o deməkdir ki, seçkiyə haram qatılıb»
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti Akif Əlizadə bu posta seçiləndən sonra artıq bir neçə diqqət çəkən açıqlaması ilə yadda qalıb. APA-ya müsahibəsində yeni prezident hətta bir sıra etiraflar da edib. Ölkədə hətta seçkili orqanlara ölkə rəhbərliyinin razılığı olmadan seçilməyin mümkünsüz olduğu heç kimə sirr deyil.
AMEA prezidenti postuna seçilən Akif Əlizadə bunu bir daha etiraf edib. APA-ya müsahibəsində AMEA prezidenti onu bu vəzifəyə layiq gördüyü üçün Azərbaycan prezidentinə təşəkkür edib. AMEA prezidentini bu posta prezident layiq görürsə, onda seçki nəyə lazım idi?
A.Əlizadənin başqa bir etirafı keçmiş təhsil naziri Misir Mərdanovun AMEA Mexanika və Riyaziyyat Institutuna direktor təyin olunması ilə bağlı olub. Bu post seçkili olsa da, A.Əlizadə bu məsələni ölkə başçısının həll etdiyini deyib. AMEA prezidenti elə öz müsahibəsində də institut direktorlarının vəzifələrinə seçkilərin keçiriləcəyini təsdiqləyib. M.Mərdanovun təyinatının ölkə başçısından asılı olduğunu deməklə A.Əlizadə parlamentdə olduğu kimi, AMEA-da da seçkilərin yalnız formal xarakter daşıdığını bir daha təsdiqləyib.
A.Əlizadə müsahibəsində AMEA-nın elmdən çox siyasətlə məşğul olduğunu da dolayısı ilə etiraf edib. O bildirib ki, akademiyanın boş qalan həqiqi və müxbir üzv yerlərinə seçkilər prezident seçkilərindən sonra keçiriləcək: “Hazırda bütün qüvvəmizi səfərbər edib, ölkə prezidentini seçməliyik. Bu istiqamətdə elmi idarələrimizin bütün potensialını toplayıb Ilham Əliyevin namizədliyini irəli sürəcək və dəstəkləyəcəyik. Ondan sonra AMEA-da seçkilər məsələsinə qayıda bilərik”.
A.Əlizadənin sözlərindən belə nəticəyə gəlmək olur ki, elm gözləyə də bilər, əsas Ilham Əliyevin namizədliyinin dəstəklənməsidir.
79 yaşlı AMEA prezidenti yaşlı alimlərin fəaliyyətinə toxunaraq elmi fəaliyyət üçün ən məhsuldar dövrün 30-55 yaş olduğunu deyib.
AMEA Rəyasət Heyətinin yeni tərkibinə nəzər salanda 12 nəfərdən bir neçəsinin yaşının 65-i haqladığını görmək olur. Bəzilərinin yaşı isə 65-ə yaxındır.
AMEA prezidentinin bu “etirafları” diqqətdən kənar qala bilməzdi.
Biologiya elmlər doktoru, Ali Attestasiya Komissiyasının sabiq eksperti, AXCP sədrinin müavini Nurəddin Məmmədli AMEA prezidentinin davranışlarının, söylədikləri fikirlərin onun vəzifəsinin məsuliyyətini dərk etməməsindən irəli gəldiyini deyir. Digər tərəfdən, bununla Ilham Əliyevə yarınmaq mövqeyini nümayiş etdirib: “Heydər Əliyevin dediyi söz özünü hər prosesdə göstərir. O vaxt hamısına dedi ki, siz mənim akademiklərimsiniz. Yalnız Midhət Abbasov ona etiraz etmişdi. Bunlar hakimiyyətin akademikləridir. Akademiyanın prezidenti seçilir. Bu seçkili orqanın rəhbəri təyinatına görə kiməsə təşəkkür edirsə, bu o deməkdir ki, seçkiyə haram qatılıb”.
N.Məmmədli indiki vəziyyətdə Azərbaycan elmində nəyisə dəyişməyin mümkünsüz olduğunu da qeyd etdi. Çünki sistem tamamilə çöküb. Elmin inkişafı üçün ayrılan vəsaitin həcmi çox aşağıdır. Əgər normal ölkələrdə büdcənin 47 faizi elmə ayrılırsa, Azərbaycanda bu ayırmalar 0,5 faizdən azdır. Bununla isə elmin inkişafı mümkün deyil. Belə şəraitdə Elmlər Akademiyasının prezidenti elmdən yox, ona yaradılmış şəraitə görə təşəkkür etməkdə haqlıdır.
N.Məmmədlinin sözlərinə görə, yaşı 80-ə çatan insanın başqalarına yaş məhdudiyyəti qoyması başadüşülən deyil: “Mən elmə gələndə Akif Əlizadə akademik idi. Özünün də yaşı 80-ə çatıb. Yaş məhdudiyyətini özünə şamil etmir, başqalarına yaş senzi qoyur. Son 20 ildə elmdə kadr yetişməyib. Potensialı olanlar elmdən uzaqlaşdırılıb. Qocaları uzaqlaşdırmaqla elmin potensialını məhv edirlər”.
Fizzə


