Ramil Osmanlı: «Qiymət artımını ipoteka şərtlərinin asanlaşdırılmasıyla əlaqələndirmək absurddur»
Daşınmaz əmlak bazarında müşahidə edilən qiymət artımı ekspertlərin bu sahə ilə bağlı proqnozlarının reallaşdığını göstərir. Paytaxtın daşınmaz əmlak bazarında ötən ilin payızından başlayan qiymət fərqi hazırda yüksələn xətt üzrə gedir. Qiymət artımı ipoteka şərtlərinin müəyyən qədər asanlaşmasıyla izah edilsə də, ekspertlər bunun heç də əsas səbəb olmadığını deyir.
“Əmlak bazarı iştirakçıları” Ictimai Birliyinin sədri Ramil Osmanlı deyir ki, bahalaşmaya ipotekanın təsiri yoxdur. Onun sözlərinə görə, son 4-5 ayda bazarda qiymətlər 18-20 faiz artıb: “Qiymət artımını ipoteka şərtlərinin asanlaşdırılmasıyla əlaqələndirmək tamamilə absurd yanaşmadır. Çünki növbəti dəfə qiymət artımının müşahidə olunduğu son 4-5 ayda ipoteka şərtlərinin sadələşdirilməsi dedikdə, yalnız sosial ipotekanın məbləğinin artırılmasıyla bağlı prezident fərmanından başqa heç nəyi tapmaq olmur. Yəni, sosial ipoteka ümumi ipoteka kreditləşməsində təqribən 8-10 faizlik paya malikdir”.
Ekspert hesab edir ki, ikinci rübün sonuna qədər ipoteka prosesində ciddi dəyişikliklər müşahidə oluna bilər. Bura ilkin ödənişlərin həcminin azaldılması, yaxud aradan qaldırılması, eyni zamanda, ipoteka məbləğlərinin artırılması kimi məsələlər aiddir.
Ramil Osmanlı mənzil bazarında qiymət artımını əsasən iki səbəblə əlaqələndirir. Bunlardan biri mülkiyyətçilərin daşınmaz əmlak bazarındakı ajiotajdan istifadə etməsi və nəticədə bazarda satılıq mənzillərin azalmasıdır. Yəni, insanlar əmlakı bazardan çıxararaq bir müddət sonra daha baha qiymətə satmaq niyyətindədir. Belə olan halda da tələblə təklif bir-birinə uyğun gəlmir.
Ikinci səbəb kimi, ekspert süni spekulyasiya ilə bağlı amilləri əsas gətirir: “Mülkiyyətçilər satışa çıxardıqları əmlakın qiymətini süni şəkildə qaldırır. Spekulyativ amil kimi bəzi maraqlı tərəflərin, kommersiya təşkilatlarının bazara qiymət artımıyla bağlı informasiyalar ötürməsi də bu məsələyə təsir edir”.
Nigar


