Gənc yazarlardan deputata cavab

Seymur Baycan: «Nizami Cəfərov gərək mənəvi məsələlərdən danışmasın…»

Aqşin Yenisey: «Ədəbiyyat oxuyandan mənim aləmimdə bir yazıçı, şair olaraq, Nizami Cəfərov adlı adam yoxdur»

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, deputat Nizami Cəfərov “Qafqazinfo”ya müsahibəsində gənc yazarları aşağılayıb. Jurnalistin “Aqşin Yenisey, Seymur Baycan, Günel Mövludu bəyənirsiz?” sualına Nizami Cəfərov belə cavab verib: “Onlar yazıçı deyillər. Novmativləşməmiş publisistdilər. Yaradıcılıqlarını üslub yox, üslubsuzluq, intriqa üzərində qurublar”.
Adları çəkilən yazarlardan Seymur Baycan deyir ki, N.Cəfərovun dediklərini ciddi qəbul etmək lazım deyil. Çünki onun keçdiyi həyat yolu, davranışları ümumiyyətlə, başqası barədə söz deməsinə imkan vermir: “Nizami Cəfərov gərək mənəvi məsələlərdən danışmasın… Bir adam ki, pulla kimlərinsə kitabına ön söz yazır, o, niyə ədəbiyyatdan danışır ki?! O, Hüseynbala Mirələmovun kitabları haqqında danışan adamdır. Getsin, Azərbaycan dərsliklərindən danışsın, biabırçı gündədir”.
Digər yazar Aqşin Yenisey də Nizami Cəfərovun özünü ədəbiyyat adamı hesab etmir: “Mən Nizami Cəfərovu heç vaxt ədəbiyyat adamı saymamışam. O, formal ədəbiyyatla məşğuldur. Bir də var, ciddi ədəbiyyat. O ədəbiyyat Tolstoydu, Dostoyevskidi, Kafkadı, Selincerdi. Mən orada Nizami Cəfərovun adını görməmişəm. Ədəbiyyat oxuyandan mənim aləmimdə bir yazıçı, şair olaraq Nizami Cəfərov adında adam yoxdur. Nizami Cəfərov dünyasını dəyişəndən sonra ondan heç nə qalmayacaq. Bu gün o, Azərbaycan ədəbiyyatında hansı sözün sahibidir? Amma onun yerlibazlığı, Səməd Vurğunun adı üzə çıxan kimi onu müdafiə etməyi (özü də nəyi müdafiə edir) onun şəxsi işidir, mən buna qarışmıram”.
Nizami Cəfərovun o da daxil olmaqla, yuxarıda adları çəkilən bir sıra şəxsləri yazıçı hesab etməməsinə gəlincə, Aqşin Yenisey deyir ki, bu, onun tam hüququdur: “Biz onun yazıçısı deyilik, başqa adamların yazıçısıyıq. Onun bu fikrinə tolerant yanaşmaq lazımdır.
Bəyim Həsənli