
ABŞ-ın Bakı ilə münasibətləri Yerevandan vacibdir. Bunu nəzərə alaraq, Vaşinqton Ermənistanı çox güman ki, Azərbaycanın şərtləri əsasında münaqişənin nizamlanmasına vadar edə bilər. Bu barədə Rusiya Xəzər-Qara dəniz hövzəsi Mərkəzinin əməkdaşı Andrey Areşev Armİnfo agentliyinə müsahibəsində bildirib. Bunun əvəzində Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması da daxil olmaqla, Avropaya inteqrasiya əldə edəcək.
O güman edir ki, Moskva Ermənistan hakimiyyəti və müxalifəti ilə əməkdaşlıq etməlidir ki, inteqrasiya layihəsinin irəliləməsi ilə bağlı ABŞ-ın istənilən təşəbbüsünün qarşısını ala bilsin.
“Əlbəttə, mən Avrasiya inteqrasiya layihəsini nəzərdə tuturam, buna alternativ kimi Türkiyə ilə sərhədlərin açılması təklif olunacaq. Bu, ilk növbədə ABŞ-ın maraqları ilə əlaqədardır, çünki ABŞ üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması çox cavibdir. Lakin “Türkiyə” istiqamətinin aktuallaşmasını Qarabağ münaqişəsi Bakının şərtləri əsasında nizamlanmadan təsəvvür etmək çətindir”, – deyə ekspert qeyd edib (contact.az).


