Alqış Həsənoğlunun «Yeni Azərbaycan» qəzetinin yubileyinə dəvət olunmaması ilə bağlı qalmaqal davam edir
“Mən Alqış Həsənoğlunun ”Yeni Azərbaycan” qəzetinin yubiley tədbirinə dəvət edilməməsindən təəssüflənirəm. Təsəvvür edin ki, bu qəzetə 12 il rəhbərlik edən bir şəxsi unudurlar. Amma hesab edirəm ki, bu təsadüfü bir məsələ deyil. Unutqanlıq da deyil”.
Bu sözləri “Bizim Yol”a açıqlamasında Naftalanın sabiq icra başçısı, YAP Siyasi Şurasının üzvü Musa Musayev əmisioğlu Alqış Həsənoğlunun “Yeni Azərbaycan” qəzetinin yubiley tədbirinə dəvət edilməməsi faktına münasibətində söyləyib. Musa Musayev bildirib ki, o və əmisi oğlu 1992-ci ilin noyabrından YAP-a üzv olublar: “Biz bu partiyada köhnə insanlardanıq. YAP-ın icra aparatında elə adamlar var ki, bu partiyaya sonradan gələnlərdir. Onlar bizi görəndə xəcalət hissi keçirilər. Ona görə də bizimlə qarşılaşmaq istəmirlər”.
Alqış Həsənoğlunun redaktorluğu dönəmində “Yeni Azərbaycan” qəzetinin nüfuz qazandığını deyən Musa Musayev Heydər Əliyevin də YAP-ın qurultayında bunu xüsusi vurğuladığını da xatırlatdı: “O zaman mərhum prezidentimiz Heydər Əliyev demişdi ki, cavan bir oğlan bu qəzeti mövqeli, populyar bir qəzetə çevirib. Baxın, Heydər Əliyev kimi bir şəxsiyyətin verdiyi qiymətdən sonra YAP-dakı bəzi adamlar nə düşünür?”


