“Traxtur”un azarkeşləri İran səfirini döyüb (VİDEO)

Aprelin 24-də Təbrizin “Traxtursazı” futbol komandası BƏƏ-nin “Əl-cəzirə” komandası ilə görüşündə 2-0 hesabı ilə uduzub. Ancaq futbol yarışı “Traxtursazı”nin qapısına iki qol vurulmasından daha çox matçdan sonra azarkeşlərin İranın BƏƏ-dəki böyükelçisinin döyülməsi ilə yadda qalıb.

Belə ki, futbol matçını izləmək üçün dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan türkləri Dubaya gəlib. Azarkeşlər sırasında Güney Azərbaycan İstiqlal Partiyasının fəalları da olub. Dünya Azərbaycanlıları Konqresinin fəallarından Səftər Rəhimlinin “Yeni Müsavat”a verdiyi xəbərə görə, stadiona giriş zamanı mühafizəçilərlə “Traxtur”un azarkeşləri arasında gərginlik yaşanıb:“Azərbaycan bayraqlarını, plakatlarımızı içəri keçirməyimizə imkan vermirdilər. Plakatlarımızda türkcə və ingiliscə  “Güney Azərbaycan İran deyil” yazılmışdı. Stadiona İran xüsusi xidmət orqanlarının əməkdaşları da yerləşdirilmişdi. Bu şəxslərin əmirlik polisinə müraciətlərindən sonra “Traxtur”un azarkeşləri xüsusi nəzarətə götürülmüşdü”.

Stadionda Dünya Azərbaycanlıları Konqresinin sədri Mirəşrəf Fətiyevə də basqılar olub. Polis İran təhlükəsizlik orqanlarının təhriki ilə Mirəşrəf Fətiyevə hücum edərək onu stadiondan çıxarmaq istəyib. Ancaq Təbriz komandası azarkeşlərinin səyi ilə bu mümkün olmayıb. Bundan sonra “Traxtur Sazi”nin tərəfdarları səsgücləndirici ilə Azərbaycan Respublikasının dövlət himnini oxuyub.

Matç başa çatandan sonra azarkeşlər futbolu yayımlayan media təmsilçilərinin qarşısında rəsmi Tehranın türklərə qarşı siyasətini sərt tənqid edən şüarlar səsləndirib. İranın BƏƏ-dəki səfiri və səfirliyin bəzi əməkdaşların olaya müdaxiləsi durumu daha da gərginləşdirib. Hətta məsələ əlbəyaxa döyüşə qədər ciddiləşib. Təbriz komandasının azarkeşləri ilə İran rəsmilərinin toqquşması zamanı İranın BƏƏ-dəki səfiri də xəsarət alıb.

Olay çoxsaylı media təmsilçilərinin gözü qarşısında baş verdiyindən polis xüsusi güc tətbiq etməyə ehtiyatlanıb. Azərbaycan milli fəallarının stadionun önündə İrana qarşı şüarlar səsləndirməsinə imkan yaradılıb.