Çalış ki, özün tarix yaradasan…

Əvvəl çox götür-qoy etdim. Vaxt da bir az keçmişdi. Bəli, düşündüm, görən, bu haqda yazım, ya yazmayım? Sonra ağlıma gəldi ki, bəlkə də biz o haqda sonuncu yazanlarıq. 
Rusiya mətbuatına da baxdım. Yazmışdılar. Amma elə yazmışdılar ki, kədər və ironiya bir-birinə qarışmışdı. Doğrusu, kədərlənmək üçün elə bir əsasım yoxdur, çünki yazıda ötəri olaraq haqqında söhbət gedəcək bir adama – Leninə heç vaxt xüsusi simpatiyam olmayıb. O, mənə sadəcə, tarixin ironiyası haqda yazmaq üçün bir nümunə kimi lazımdır.
Onun haqqında niyə xatırladım? Hamı H.Əliyevin 90 illiyini xüsusi bir təntənə ilə qeyd edir. Amma bu məni bir o qədər də əndişələndirmir. Onun üçün ki, bundan da təmtəraqlı bayramlar və yubileylər görmüşəm.
Elə indi bir qədər əvvəl xatırladığım adam bir bəndənin fetişləşdirilə biləcəyi ən böyük həddə qədər fetişləşdirilmişdi. Sonrası nə oldu? Artıq elə bir nəsil yetişib ki, hətta onun adını da bilmir.
Bundan sonrası bir yana qalsın, Moskvada vəzifədən çıxarılandan sonra H.Əliyev, demək olar, millətin böyük hissəsi üçün mövcud deyildi və mən əminəm ki, onun siyasi dirçəlişini qarşısına məqsəd kimi qoyan bəzi adamlar olmasaydı o, beləcə unudulub gedəcəkdi. Amma onun üçün bu aqibət hələ sovuşmayıb, bir neçə ildən sonra, inşallah, bu hakimiyyət yerini başqasına verəndən sonra o, yenə də unudulacaq. Bunu mən tək H.Əliyevin individual keyfiyyətləri ilə bağlamıram. Ümumilikdə götürəndə dövran dəyişir. Indi insanlar kimisə fetişləşdirməyi sevmir. Bir dünyaya baxın. Görün, nə qədər böyük insanlar adiləşiblər, hətta unudulublar.
H.Əliyev şəxsiyyətə pərəstişi öz gözləri ilə görmüşdü və bunun necə sona çatdığının da şahidi olmuşdu. Gərək, o, özü əvvəldən öz şəxsiyyətinin belə şəkildə təbliğ olunmasına imkan verməyəydi. Amma o, bundan həzz alırdı. Ona görə ki, belə görmüşdü, özü belə etmişdi, o, başqa cür olmağı heç təsəvvür də etmirdi.
Ulu öndər, ümummilli lider! Bəli, dünya proletariatının dahi rəhbəri! Indi bunlar bir-birinə nə qədər də bənzəyir! Insanlar var ki, mənzil şəraiti ucbatından min əziyyət çəkirlər. Amma hər il tonlarla gül Bakıya gətirilir, milyonlar xərclənir, sonra da çölə atılır. Həmin vəsaitə nə qədər insanın mənzil problemini həll etmək olardı!..
Hər gün hansısa rayona milyonlar ayrılır. Bu pullar daha çox nəyə xərclənir? Rayonlarda H.Əliyev mərkəzlərinin, parklarının açılmasına, ona abidə qoyulmasına! Kimə lazımdır bunlar? A.Puşkin deyirdi ki, mən özüm özümə heykəl qoymuşam. Dünyada qalan insanın özünə qoyduğu heykəldir. Bir baxın, A.Eynşteynin heç məzarı da yoxdur. Amma o, kimdən az anılır?
Siyasət də belədir. U.Çerçillin məzarı olsa da, olmasa da o, anılacaq. Eləcə də digər siyasətçilər. Doğrudanmı, N.Bonaparta təmtəraqlı məzar lazımdır? Mən heç bilmirəm dünyada Isgəndəri andıran bir əlamət qalıb, ya yox? Amma baxın və düşünün: tarix kitabları Isgəndərlə başlayır…
Budur siyasət və hərb adamının çata biləcəyi zirvə. Beləcə, onlarla misal və nümunə sadalamaq olar. Elə öz tariximiz də yetərlidir. 93 ildir ki, M.Rəsulzadəyə savaş açıblar. Amma nə qazanıblar? Ancaq qınaq! Istehza! Budur tarixə düşməyin və tarixdə qalmağın ən gözəl nümunəsi.
Onlarla belə misal çəkmək olar və dəfələrlə bunu etmişik də. Amma bir özümüz deyib, özümüz eşidirik. Olsun. Təxminən 30 il bundan əvvəl Lenin haqqında da bunu desəydilər elə beləcə qəbul olunardı.
Amma indi baxın. Bir vaxt 22 aprel bəlkə də təqvimin ən xoşbəxt günlərindən biri idi. Amma indi bu gün adidən də adi bir günə çevrilib.
Çox maraqlıdır ki, şəxsiyyətə pərəstişə aludə olanlar təkcə Ş.Əliyevin adamları deyil. Elə başqaları da bəzi siyasi meyidlərin ətəyini buraxmırlar. Halbuki millət bu məsələdə də öz qiymətini verib.
Bunun da səbəbin anlayırıq. Bu yolla bəziləri özlərinə də rəğbət qazandırmaq istəyirlər. Amma mənasız bir işdir. Başqasının yedəyində tarixə düşmək elə də asan məsələ deyil, çalış ki, özün tarix yaradasan…
Kiçik sözardı
Bu hakimiyyətin sonunu mənəvi qurtuluş kimi başa düşürəm. Nə qədər adi həqiqətləri yazıb başa salmalıyıq? Fikirləşirəm ki, elə bir gün gələr ki, bu əzabdan qurtularıq. Amma burada barmağımı dişləyirəm. Qorxuram, bizimkilər də bu mərəzə tutulsun, axı onlar da belə gördülər, belə eşitdilər…