Əli Həsənovla Rəbiyyət Aslanova arasında qalmaqal

Şöbə müdiri deputatın «emosional söhbəti»ndən hiddətlənib

ABŞ Dövlət Departamentinin hesabatından sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla YAP-çı deputat Rəbiyyət Aslanova arasında qalmaqal yaranıb. Xatırladaq ki, hesabatda Əli Həsənovun demokratik qüvvələrə ictimai nifrət çağırışı da yer alıb. Rəbiyyət Aslanova isə Əli Həsənovu vəziyyətdən çıxarmaq üçün “Azadlıq” Radiosuna müsahibəsində deyib: “Bəlkə də o an emosionallıq olub. Inanmıram ki, Əli Həsənov bunu o şəkildə deyib”.
Amma deputatın bu fikirləri Əli Həsənovu daha qəzəbləndirib. Şöbə müdiri APA-ya açıqlamasında bildirib: “Mənim ölkə ictimaiyyətini antiazərbaycan mövqeyində dayanan daxili və xarici təşkilatlara qarşı prinsipal vətəndaş mövqeyi nümayiş etdirmək, yaxud belələrinə qarşı ictimai qınaq ortaya qoymaq kimi çağırışları edərkən, guya ”emosional” vəziyyətdə olmağım haqda hörmətli Rəbiyyət Aslanovanın “Azadlıq” radiosunda səsləndirdiyi fikir, tamamilə əsassızdır. Mən hazırda, emosiyaya qapılıb qərar vermək, yaxud mühüm ictimai çağırış etmək, sonra da bunu emosiya ilə əsaslandırmaq mövqeyində, yaşında və başında deyiləm. Səsləndirdiyim bəyanatlar mənim prinsipial vətəndaş, düşünülmüş məmur mövqeyimdir və heç vaxt bu mövqedən geri çəkilməyəcəyəm”.

Rəbiyyət Aslanova da Əli Həsənovun fikirlərini cavabsız qoymayıb. “Əvvəla, hər bir kəsə, o cümlədən Əli müəllimə məsləhət görürəm ki, verilən sualı və cavabı diqqətlə oxusun. Söhbət Azərbaycanda müxalif mövqeli jurnalistlərdən gedirdi. Orada söhbət nə xarici təşkilatlardan, nə anti-Azərbaycan qüvvələrindən getmirdi. Sual konkret verilmişdi”, deyə o, Moderator.az-a müsahibəsində deyib.