rauf-mirqedirov

«Dövlət Departamentinin hesabatı hakimiyyətə mesaj sayıla bilər»

rauf-mirqedirov«Azərbaycandakı mövcud vəziyyət ərəb baharından əvvəlki durumu yada salır»

Rauf Mirqədirov: «Ard-arda mətbuatın düşməni seçilən bir dövlət başçısı ilə dost olmaq Amerika prezidenti üçün yolverilməzdir»

Hakimiyyətin insan haqlarını kobud şəkildə pozması, ölkədə qanunun aliliyinə hörmət etməməsi növbəti dəfə beynəlxalq hesabatda əksini tapıb. ABŞ Dövlət Departamenti son hesabatında Azərbaycan hakimiyyətini növbəti dəfə sərt tənqd edib. Yürüdülən daxili siyasətin çatışmayan cəhətləri,  insan haqlarının durumu, məhkmə sisteminin işlək olmamasının altı cızılıb. Müsahibimiz siyasi şərhçi Rauf Mirqədirovla  bu və başqa suallara aydınlıq gətirməyə çalışdıq:

– Dövlət Departamentinin hesabatında kifayət qədər ciddi məqamlar yer alıb. Amma təəssüf ki, Departamentin hesabatı ilə ABŞ hökumətinin iqtidara yönəlik siyasəti arasında birbaşa əlaqə yoxdur. Departamentin hesabatında əks olunan müəyyən məsələlər Ağ Evin birbaşa siyasətini müəyyənləşdirmir. Biz ildənilə Dövlət Departamentinin hesabatlarında Azərbaycanda insan haqlarının kobud şəkildə pozulduğunun təsbit olunduğunu görürük. Faktlar onların sayından, hadisələrdən asılı olaraq azalır və ya artır. Düşünürəm ki, bu baxımdan növbəti hesabat bu ilkindən daha kəskin ola bilər. Çünki 2013-cü il prezident seçkilərindən sonraya təsadüf edəcək. Seçkilər dövründə isə hakimiyyət bildiyiniz kimi siyasi repressiyaları artırır. Artıq bu proses də başlayıb.

– Dövlət Departamentinin hesabatında əks olunan məqamları bir çox ekspertlər seçki öncəsi hakimiyyətə bir xəbərdarlaq kimi də dəyərləndirirlər?
– Sözsüz ki, bu seçki öncəsi hakimiyyətə bir mesaj sayıla bilər. Amma bu mesajın mahiyyəti nədən ibarətdir? Bu mesaj birmənalı olaraq 2013-cü ildə keçiriləcək seçkilərin demokratik olacağı və ya bu il ölkəmizdə ərəb inqilabına bənzər proseslərin baş verəcəyi və onların ABŞ tərəfindən dəstəklənəcəyi anlamına gəlmir. Azərbaycanda ərəb baharına oxşar proseslər baş verə bilər. Bu istisna deyil. Amma bu onun ABŞ-dan dəstəklənəcəyi anlamına gəlmir. Geosiyasi baxımdan ABŞ-la Azərbaycandan eyni blokdadırlar. Amma ABŞ eyni zamanda Azərbaycanda elə mühütün də olmasını istəyir ki, Bakı ilə müttəfiqlik Vaşinqtonun beynəlxalq imicinə xələl gətirməsin. Ard-arda mətbuatın düşməni seçilən bir dövlət başçısı ilə dost olmaq Amerika prezidenti üçün bir qədər yolverilməz şeydir. Burada imic məsələsi var.

Situasiyanı proqnozlaşdırmaq çətinləşib

– Dövlət katibinin müavini Melianın Azərbaycana səfəri zamanı maraqlı bəyanatlar verildi. Melia ABŞ-ın Azərbaycanda demokratik maraqları heç nəyə qurban verməyəcəyinin altını cızdı. Bu fikri necə dəyərləndirərdiniz?
– Əslində bu tip bəyanatlar ABŞ-ın müxtəlif rəsmiləri tərəfindən tez-tez eşidilir. Bu sual bir neçə dəfə də yüksək post tutan ABŞ rəsmilərinə verilib. Onların cavabları Melianın cavabı ilə oxşar olub. Onlar da bəyan ediblər ki, ABŞ demokratiya maraqlarını neft maraqlarına qurban verməyəcək. Sözsüz ki, neft maraqları burada şərti bir ifadədir. Burada söhbət yalnız ABŞ-ın neft maraqlarından getmir. Bura neftlə əlaqəsi olmayan geosiyasi maraqları da əlavə etmək olar. Bu baxımdan Cənubi Qafqazın bir çox coğrafi məkan kimi mühüm əhəmiyyəti var və bu coğrafi məkanda müəyyən fəaliyyətə başlamaq lazımdır. Əlbətdəki burada söhbət ondan getmir ki, indiki iqtidarın ABŞ üçün müstəsna dəyəri var. Məsələ orasındadır ki, situasiyanı mürəkkəbləşdirəndə, situasiyaya çoxsaylı oyunçuları daxil edəndə onun nəticəsinin nə olacağını müəyyənləşdirə bilmirsən. Azərbaycanda təəssüf ki, artıq elə bir şərait yaranıb ki, daxili oyunçuların hesabına hadisələrin ssenarisinin necə olacağını proqnozlaşdırmaq çox çətindir. Azərbaycandakı situasiya daha çox ərəb baharından əvvəlki durumu yada salır. Sözsüz ki, hər şey olduğu kimi təkrarlanmır. Amma biz sanki siyasi inkişaf baxımından 88-ci ildəki dövrə qayıtmışıq. O zaman informasiyalar vərəqələr vasitəsilə yayılırdısa, indi bu internet, sosial şəbəkələr vasitəsilə edilir. Amma mahiyyət eynidir. Hazırda ölkədəki proseslərə xarici güclər – ABŞ, Rusiya daha çox təsir edir. Indi isə biz bu dövlətlərin aktivləşdiyini görürük.

Hakimiyyətin heç bir resursu yoxdur

– Xalq Hərəkatının başlandığı il ilə müqayisə apardınız. O zaman SSRI son illərini yaşayırdı və rejimin atdığı addımlardan bu hiss olunurdu. Hazırda Azərbaycan hakimiyyətinin atdığı addımları necə qiymətləndirirsiniz?
– “O olmasın bu olsun” filmində Məşədi Ibadın bir sözü var. Mənim bir eybim var o da eyibsizliyimdir. Indidə Azərbaycandakı idarə sisteminə qiymət verməli olsaq, o zaman söyləmək olar ki, bu idarə sistemindən daha çox, sistemsizlikdir. Yəni bu sistemin zor aparatının, xəfiyyə sisteminin nə qədər güclü inkişaf etməsindən asılı olmayaraq onun resursu yoxdur. Hakimiyətin ictimai, sosial,iqtisadi resursu yoxdur. Azərbaycanın makro iqtisadi göstəricilərini nəzərdən keçirsək görürük ki, əldə olunan iqtisadi nailiyyətlər neft və qaz gəlirlərinin nəticəsidir. Yəni Ümumdaxili Məhsulun artmasının da səbəbi infrastruktur layihələrinə edilən dövlət investisiyalarıdır. Yəni bu iqtisadiyyatın daxili inkişafının nəticəsi deyil. Neft gəlirləri hesabına yollar çəkilir. Amma bu yolların nə dərəcədə zəruri olduğu heç hesablanmır. Bütün bu layihələr hesabına Ümumdaxili Məhsul şişirdilir. Amma bu şişmənin daxili iqtisadi əsası yoxdur.

– Melianın səfəri zamanı onun adından öncə verilən daha sonra isə təkzib olunan açıqlama maraq doğurdu. Söhbət dövlət başçısının namizədliyinin 3-cü dəfə irəli sürülməsinin “qırmızı xətt” adlandırılmasıyla bağlı açıqlamadan gedir. Amma bu bəyanat təkzib olunmasına baxmayaraq ekspertlər Melianın bu açıqlamasını hakimiyyətə bir seçki xəbərdarlığı kimi dəyərləndirirlər.
– Fərqləndirmələr ola bilər. Istisna etmirəm ki, bu doğurdan da bir mesaj idi. Amma konkret olaraq “namizədliyini irəli sürmə” mesajı deyildi. Bu mesaj o baxımdan ola bilər ki, iqtidar özünü müəyyən çərçivələrdə aparsın. Əgər hakimiyyət özünü yaxşı aparmasa, başqa tədbirlərdə görülə bilər.
Amma onu da istisna etmirəm ki, Melia bir demokratik insan kimi jurnalistlə əvvəlcə sadəcə olaraq səmimi olub.

Müşavirələr görüntü yaratmağa xidmət edir

– Seçkilər yaxınlaşdıqca hakimiyyət daxildə siyasətini sərtləşdirir. Əsas hədəflərdən biri də müstəqil mətbuatdır. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri böyük məbləğdə cərimələniblər. Hakimiyyətin daxildəki bu siyasətinin hansısa perspektivi varmı?
– Azərbaycan hakimiyyəti irrasional deyil. Təəssüf ki, rasional düşüncə tərzi hakimiyyətə yaddır. Söhbət heç də hakimiyyətin avtoritar olmasından getmir. Hakimiyyət davranış tərzinə görə rasional olmalıdır. Hətta qəddarlıq belə rasional olmalıdır. Zəruri olandan daha çox qəddar olmaq bu hakimiyyətə qarşı yönəlmiş silaha çevrilir. Hakimiyyətin bəzi addımlarını başa düşmək çox çətindir.
Bir şeyi nəzərə almaq lazımdır ki, bu cür amansızlıq bir çox hallarda əks nəticələr verir.

– Dövlət başçısı növbəti dəfə yadda qalan bir müşavirə keçirdi. Məmmurlara yenə öz xəbərdarlıqlarını çatdıran Ilham Əliyev Azərbaycanı dünyada görünməmiş templə inkişaf etdiyini bildirdi. Bu cür reallıqdan uzaq və yalnız görüntü xarakterli müşavirələr nəyə lazımdır?
– Əslində biz yeni bir prosesin şahidi deyilik. Əslində bu cür münasibətlər belə idarəetmə sistemlərinə xas olan münasibətlərdir. Oxşar müşavirəni bu yaxınlarda Rusiya prezidenti Vldaimir Putin də keçirmişdi. Həmin müşavirədə o jurnalistlərə kameraları söndürmək göstərişi verəndən sonra hökuməti istefaya göndərəcəyi barədə hədə qorxu gəlmişdi. Və bu xəbərdarlığı da guya kimsə kameranı söndürməyərək çəkmiş, daha sonra isə onu internetə qoymuşdu. Ekspertlərin fikrincə bu bilərəkdən edilmiş bir addım idi. Bu nə üçün edilib? Səbəbi çox sadədir, kral yaxşıdır ətrafı pisdir görüntüsünü yaratmağa çalışırlar. Misir Mərdanov istefaya göndərildi. Misir Mərdanov hazırkı prezidentin də iki hakimiyyəti dövründə nazir işləyib. Yəni on il lazım idi ki, Azərbaycanın dövlət başçısı Misir Mərdanovun yerində olmadığını anlasın.

– Müşavirədə eyni zamanda dövlət başçısı vurğulayıb ki, heç bir ölkə Azərbaycanın daxili işlərinə qarışa bilməz. Bundan əvvəl isə Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyev oxşar bəyanatla, amma daha sərt mesajlarla çıxış etmişdi. Bu ritorika nədən xəbər verir? Hakimiyyət bu cür siyasətini sona qədər davam etdirə biləcəkmi?
– Daxili işlərə qarışmamaqla mesaj həm Qərbə, həm də Rusiyaya yönəlib. Düşünürəm ki, heç hakimiyyət də dediklərinə inanmır. Azərbaycan o qədər böyük dövlət deyil ki, bu cür bəyanatların arxasında dayana bilsin. Sadəcə olaraq bu bəyanatlar bir alver görüntüsü yaradır. Bu bir alver mesajıdır. Hakimiyyət bəyan etmək istəyir ki, bizim daxili işlərimizə, kimi həbs etməyimizə, kimə qarşı kampaniya aparmağımıza qarışmayın. Əvəzində biz bütün güzəştlərə hazırıq.

Xəyal