Eldəniz Quliyev: «O, kino sənətini üstün tutmaq əvəzinə, hakimiyyətə yarınmaq yolunu seçdi»
Ictimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün dörd nəfər namizədliyini irəli sürsə də, onların arasından kimin seçiləcəyi artıq indidən bəllidir. ITV-nin yeni rəhbəri postuna Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktoru Cəmil Quliyevin seçiləcəyi ehtimal olunur.
Cəmil Quliyevin bu posta gətirilməsi onun Rüstəm Ibrahimbəyova qarşı aparılan kampaniyada tutduğu mövqeyə görə mükafatlandırılması kimi də qiymətləndirilə bilər.
Bir neçə ay əvvəl hakimiyyət Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar Ittifaqına alternativ qurum yaradanda bu işdə fəal rol oynayanlardan biri məhz Cəmil Quliyev olub. Kinematoqrafçılar Ittifaqının o vaxtkı katibi Rasim Balayev Cəmil Quliyevin Ittifaqın Telestudiya və Kinostudiyada işləyən üzvlərinə ya qurumdan çıxıb onların təşkilatlarına qoşulmaları, ya da ərizə yazıb işdən çıxmaları üçün təzyiq göstərdiyini bildirmişdi. Qurumun parçalanmasında xüsusi rol oynamış Cəmil Quliyev ITV-yə rəhbər gətirilməklə “zəhmətinin bəhrəsini” görür.
Azərbaycanda yaltaqlığın, yarınmağın mükafatlandırıldığını deyən tanınmış ziyalı, kinorejissor Eldəniz Quliyev bunun hər hansı vəzifəyə çəkilmək üçün əsas amil sayıldığını qeyd etdi.
E.Quliyevin sözlərinə görə, Cəmil Quliyev də kino sənətini üstün tutmaq əvəzinə, hakimiyyətə yarınmaq yolunu seçdi. Bu yolun isə sonu yoxdur.
E.Quliyev bir pis kadrın yerinə başqa pisin təyin olunmasının isə Azərbaycana xeyir verməyəcəyini də qeyd etdi.
Fizzə


