Tale Bağırovla əlaqələndirilən dindarlara işgəncə verilib

Bəxtiyar Qurbanovun atası ilə Royal Əsgərovun vəkili danışdılar

Həbsdə olan dindar Bəxtiyar Qurbanovun (şəkildə sağda) vəkili Osman Kazımov onun işgəncələrə məruz qaldığını iddia edib. Bakı İstintaq Təcridxanasında Bəxtiyarla görüşən vəkil bildirib ki, Bəxtiyarın əlində yanıq yerləri var, görünür, onu toka veriblər.
Bəxtiyar Qurbanovun atası Yaşar Qurbanov da “Media forum”a açıqlamasında oğlunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında işgəncələrə məruz qalması barədə məlumatlar aldığını deyib: “Bəxtiyar aprelin 2-də həbs olunub. Aprelin 9-dək mən onun harada olduğunu da bilməmişəm. Sonradan dedilər ki, Bəxtiyara Nərimanov Rayon Məhkəməsinin qərarı ilə iki ay həbs verilib. Lakin həbs qərarından sonra da Bəxtiyar qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanırdı. Mən təxmin edirdim ki, ona işgəncə verirlər. Vəkil onunla ilk görüşdən əvvəl də bir neçə saat qapıda gözlədildi. Yəqin ki, bu müddət ərzində Bəxtiyarla söhbət aparılıb ki, vəkilə ona işgəncə verildiyini deməsin.
Mənə Bəxtiyarla görüş vermirlər. Vəkil görüşdükdən sonra əvvəlcə onun gözünün altında qaraltı olduğunu demişdi. Bütün tələblərimizə baxmayaraq Bəxtiyarı bir neçə gün də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxladılar. İndi də məlum olur ki, onun əlində yanıq izləri var. Deməli, həmin bir neçə gündə mümkün qədər cəhd ediblər ki, o, tutduğu əmələ Taleh Bağırov tərəfindən sövq edildiyini desin”.
Yaşar Qurbanov bildirib ki, oğlunun Hacı Talehlə yaxın münasibətləri olmayıb: “Mən onun Taleh adlı adamla oturub-durmağını eşitməmişəm. Sadəcə olaraq Bəxtiyar bir dindar kimi haqqı tələb edən adam idi. Özü də ifadəsində deyib ki, hicab məhbuslarına və Taleh Bağırova göstərilən haqsızlığa etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qapısını yandırmaq niyyəti olub. Belə olan halda onları təcridxanada bu qədər saxlamağa nə ehtiyac var?”.
Bəxtiyar Qurbanovla birlikdə həbs edilən dindar Royal Əsgərova (şəkildə solda) da işgəncə verildiyi üzə çıxır.
Belə ki, Royal Əsgərovun vəkili Yavər Hüseyn aprelin 23-də Bakı İstintaq Təcridxanasında onunla görüşüb. “Media forum”a danışan vəkil deyib ki, Royal ona DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində incidildiyini deyib: “İdarədə olanda mənə deməsə də, ona işgəncə verildiyini hiss etmişdim. Amma bu gün etiraf etdi ki, bir neçə dəfə başına maska keçirərək döyüblər. İşgəncə ilə bağlı üst-üstə altı gün aclıq edib. Amma hazırda onun bədənində işgəncənin izi qalmayıb”.
Gənc dindarlar Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 2-də həbs olunublar.