Deputat telekanalları ittiham etdi

Asim Mollazadə: «Xarici telekanallara uduzuruq, informasiya mühitimizin böyük bir hissəsini xaricə vermişik»

“Yerli televiziyaların bir sıra məqamlara görə geridə qalması nəticəsində, Azərbaycanın bölgələrindən tutmuş paytaxtına qədər hər yerində çanaq antennalarını görürük. Əhali peyk antennaları, ya da kabel televiziyaları vasitəsilə ya Türkiyə, ya da Rusiyanın telekanallarına baxır. Bu onu göstərir ki, biz informasiya mühitimizin böyük bir hissəsini xaricə vermişik”.
Bunu deyən millət vəkili Asim Mollazadənin sözlərinə görə, bunun başlıca səbəbi odur ki, Azərbaycan yeni televiziya standartları, informasiyanı təqdim etmək sahəsindəki yeni texnologiyalarla işləyə bilmir. Ona görə də bizim telekanallarımız rəqabətdə xarici telekanallara uduzur. Materialların təqdimatında heç bir yerli televiziya yeni texnologiyalardan istifadə edə bilmir. Baxmayaraq ki, həm Azərbaycan Televiziyası, həm də Ictimai Televiziya müasir texniki avadanlıqlarla yüksək səviyyədə təchiz edilib, ancaq onlardan çox məhdud səviyyədə istifadə olunur. Bizdə televiziyalar üçün işıqçıdan, operatordan tutmuş səs və görüntü mühəndislərinə qədər mütəxəssisləri hazırlamağa böyük ehtiyac var. Bundan əlavə informasiyaları, müxtəlif proqramları müasir tələblərə cavab verən şəkildə təqdim edən yaradıcı mütəxəssislərin hazırlanması da vacibdir. Hətta milli dəyərlərlə bağlı verilişləri də daha uğurlu formada təqdim etmək üçün peşəkar mütəxəssisləri yetişdirməliyik”. Asim Mollazadə mövcud problemlərdən çıxış yolu kimi bir Televiziya Akademiyası yaradaraq ora xaricdən mütəxəssislər dəvət etməyi, beynəlxalq təcrübədən istifadəni təklif edib. Millət vəkili həmçinin vurğulayıb ki, nə qədər ki, bu sahədə ciddi islahatlar aparılmayıb, Azərbaycanın informasiya mühiti digər ölkələrin nəzarətində olmaqda davam edəcək.