Türkiyəli həkim azərbaycanlı xəstələrə çağırış etdi

Hamdi Koçer: «Mastopatiya xəstəlik deyil və onun üçün sizə müalicə yazılarsa, qəbul etməyin, əməliyyatdan qaçın»

“Mastopatiya bir xəstəlik deyil və onun üçün sizə müalicə yazılarsa, qəbul etməyin, əməliyyata isə qəti razı olmayın və oradan qaçıb uzaqlaşın”. Ötən saylarımızın birində türkiyəli ümumi cərrah Hamdi Koçerin Milli Onkologiya Mərkəzin rəhbərliyinə ünvanladığı ittihamlar böyük əks-səda doğurdu. Onun Azərbaycanda işləyərkən müayinə etdiyi 2000 qadının yalnız 50 nəfərinin əməliyyata ehtiyacı olduğu halda Milli Onkologiya Mərkəzi həkimləri tərəfindən qadınların hamısına əməliyyat olunmalarının vacib bilindiyini açıqlaması da mərkəzin rəhbərliyinin etirazına səbəb oldu.

Azad Kərimli siyasətçi kimi tanınır

Hamdi Koçerin bu etirazlara cavab verib- verməyəcəyini soruşduqda o Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimlinin bir həkim kimi yox, bir siyasətçi kimi çıxış etdiyini bildirdi. Özünün mövzunu həkim kimi davam etdirəcəyini bildirən Koçer azərbaycanlı onkoloqlara qarşı bu dəfə də yeni ittihamla çıxış etdi:  
-Azərbaycanda ən az hər iki qadından biri sizin həkimlərin dili ilə desək, mastopatiya adlı xəstəliyə tutulub və bunun üçün də müalicə alır. Hətta əməliyyat olunanlar da var. Bəs siz azərbaycanlılar necə, başqa ölkələrdəki vəziyyətlə maraqlanmısınızmı?

Mastopatiya əməliyyatından qaçın

Mən Türkiyədə, Almaniyada , Fransada 27 il həkim kimi fəaliyyətim dövründə bu ölkələrin heç birində qadınların mastopatiyadan müalicə aldığını görmədim.
Bu ölkələrdə süd vəzisinin ancaq bir xəstəliyi qəbul edilir:süd vəzi xərçəngi. Mənə Azərbaycanda işlədiyim müddətdə də və indi də sosial şəbəkələr vasitəsi ilə yüzlərlə azərbaycanlı qadın müraciət edir. Onlar Milli Onkologiya mərkəzində müayinə zamanı və mastopatiya xəstəliyi diaqnozu ilə müalicə olunduqlarını deyirlər.
Mən buna çox təəccüblənirəm. Axı bu necə ola bilər? Azərbaycanlı həkimlər mastopatiyanın əksinə xəstəlik olmadığını və qadınların bundan çəkinməmələrini söyləməlidirlər. Mən azərbaycanlı xanımlara müraciət edirəm.
Hansı həkim sizə mastopatiya diaqnozu qoysa, ona şübhə ilə yanaşın. Mastopatiya bir xəstəlik deyil və onun üçün sizə müalicə yazılarsa, qəbul etməyin, əməliyyata isə qəti razı olmayın və oradan qaçıb uzaqlaşın.

Mastopatiya nədir?

Mastopatiya süd vəzisinin normal quruluşudur. Süd vəzisi və uşaqlıq qadınlıq hormanlarına qarşı hər ay reaksiya göstərir. Uşaqlıqda qanama, süd vəzisində şişkinlik baş verir. Hər iki orqanı ostrojen və progesteron  hormonları idarə edir. Bu hormonlar da hər ay fizioloji dəyişikliklər yaradır. Nədir bu dəyişikliklər: süd vəzi axarlarındakı genişlənmələr, süd vəzi ağrısı və həssaslığı, bəzən də süd vəzisi kanallarında, kisəciklərində kistaların yaranması.    
Demək ki, əslində mastopatiya xəstəlik yox, süd vəzisinin qadınlıq hormonlarına verdiyi cavabdır. Sizin onkoloqların xəstəlik adlandırdığı bu vəziyyət klimaks dövründə təmamilə yox olur. Yox olan bir şey necə xəstəlik ola bilər?

Mastapotiya xərçəngə səbəb ola bilməz

Mənə müraciət edən azərbaycanlı qadınlar sual verirlər ki, həkim, mastapotiya xərçəngə səbəb ola bilərmi? Əlbəttə ki, yox. Əgər elə olsaydı, hər iki azərbaycanlı qadının biri xərçəng xəstəsi olmalıydı. Bəs Milli Onkologiya Mərkəzinin həkimləri niyə qadınları bu istiqamətdə məlumatlandırmır?
Qərbdə hormonlara cavab verən, ağrılı və müayinələrdə sərtlik görülən bu süd vəzi quruluşu xəstəlik deyil “fibrostik süd vəzi forması” adlandırılır. Azərbaycanda təəssüf ki, çox nadir hallarda, necə deyərlər barmaqla sayılacaq qədər bunu deyən həkimə rast gəlmişəm.
Bəs fibrostik süd vəzi forması (Azərbaycandakı adıyla mastapatiya) müalicə olunmalıdırmı? Xeyr. Bu süd vəzisinin normal quruluşudur. Əvvəldə qeyd etdiyim kimi xərçəngə çevrilməz. Həkimlərin buna qarşı yazdığı dərmanlar ancaq qadınların canına və cibinə ziyandır.
Mastopatiya adlandırılan xəyali xəstəlik ilə “Don Kixot” kimi döyüşən azərbaycanlı həkimlər isə süd vəzi xəstəlikləri sahəsində əsl mübarizə aparılmalı olanları unudurlar.   
Ən vacib və qorxulu xəstəlik olan xərçəng xəstəliyinə qarşı vaxtında mübarizə aparmaq lazımdır. Bunun üçünsə Türkiyə və başqa inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da qadınlar illik düzənli müayinədən keçməlidir. Bunun üçün qadınlar 40 yaşa kimi USM, 40 yaşdan sonra isə USM və momoqrafiya ilə müayinə olunmaq üçün marifləndirilməlidirlər.
Mənim bu mövzuda danışmaqda məqsədim azərbaycanlı xanımların mastopatiyadan əsla qorxmamaları üçündür.
Maraqlıdır, Hamdi Koçerin xəstəlik kimi qəbul etmədiyi mastopatiya nə üçün azərbaycanlı onkoloqlar tərəfindən xəstəlik kimi tanınır və müalicə, hətta əməliyyat olunur. Milli Onlologiya Mərkəzinin həkimləri yəqin ki, bu ittihama da cavab verəcək.

Sevinc