Hökumətin daha bir uğursuz layihəsi

Bakı ətrafında qaçqın və məcburi köçkünlər üçün salınacaq şəhərciyin hansı fəsadları olacaq?

«Ərazini boşaltmaqdansa, iqtisadi təhlillər aparmadan demoqrafik yükünü daha da artırırlar»

“Azərbaycan hökumətinin Bakı ətrafında böyük məskunlaşma ərazilərinin yaradılması ilə bağlı qərarı son dərəcə səhvdir”. Bunu, iqtisadçı Rövşən Ağayev Masazır-Qobu-Müşfiqabad qəsəbələrinin yaxınlığında 100 min nəfərə yaxın qaçqın və məcburi köçkünün məskunlaşdırılması üçün böyük bir şəhərin salınması qərarını şərh edərkən deyib:
“Bir halda ki, hakimiyyət torpaqlarımızı artıq 20 ildir işğaldan azad edə bilmir, o zaman uçüq-sökük, qışda soyuq, yayda isti binalardan insanların köçürülməsinin başqa alternativi yoxdur. Onsuz da dədə-baba yurdlarını itirməklə bu insanlara olan olub. Doğrudur, cəmiyyət hakimiyyətdən çoxdan tələb etməli idi ki, ay regionun lider dövləti, sən niyə regionun cırtdan dövlətinin yaxasından yapışıb torpaqlarından kənara atmırsan? Nəticədə də yeni məskunlaşma layihələrinə 2008-2013-cü illərdə 1 milyard 77 milyon manat – az qala, Ermənistanın 1 illik dövlət büdcəsi qədər ayırmaq məcburiyyətində qalırsan. Bunu soruşmağa taqətmiz qalmayıb. Amma heç olmasa Bakı ətrafında böyük məskunlaşma ərazilərinin yaradılması ilə bağlı hökumətin son dərəcə səhv qərar verdiyini demək mütləq lazımdır”.
Iqtisadçı qərarını niyə yanlış olduğuna da aydınlıq gətirib: “Böyük Bakının (Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri-red:) demoqrafik yükü həddən artıq çoxdur. Bu coğrafiyada məskunlaşma üçün yararlı ərazi ölkənin ümumi məkunlaşmaya yararlı ərazisinin ən yaxşı halda 7-8%-ni təşkil edir. Amma qeyri-rəsmi hesablamalara görə, ölkə əhalisinin ən azı 40%-i Bakı və Bakı ətrafında yaşayır. Rəsmi məlumatlara görə, ölkənin toplam iqtisadiyyatının azı 75-80%-i Böyük Bakının payına düşür. Belə şəraitdə Bakı və Abşeron yarımadasını iqtisadi təşviq vasitələrilə əhalidən boşaltmalı olan hökumət, əksinə administrativ qərarlarla, demoqrafik və iqtisadi təhlillər aparmadan bu ərazinin demoqrafik yükünü daha da artırır. 100 min nəfərlik yeni şəhərin nə demək olduğunu müqayisədə daha aydın gömək olur. Məsələn, Xızı rayonunun 15 min, Ismayıllı, Şamaxı və Ağsu rayounun hər birinin ayrı-ayrılıqda 80-90 min, Mingəçevir şəhərinin 85 min əhalisi var”.
R.Ağayevin fikrincə, yeni məskunlaşma ərazisinin Bakı-Sumqayıt aralığına salınması daha böyük xətadır. Və bu, ölkədə onsuz da çoxdan pozulmuş regional iqtisadi, sosial və demoqrafik disbalansı daha dərinləşdirəcək: “Bakı-Sumqayıt aralığında 100 min nəfərdən çox insanın yaşayacağı şəhərin salınması iki baxımdan səhvdir. Əvvəla, Bakını Sumqayıtla birləşdirən cəmi bircə qısa yol var, digər yollar çox uzaqdır. Məsələn, Xırdalan dairəsindən Biləcəriyə daxil olub Azadlıq prospektinə çıxmaq. Bu yol hazırkı əhalinin yükünü çəkə bilmir. O, ölkənin şimal və şirvan regionlarını əhatə edən 10 rayonunun 800 min nəfər, Sumqayıt şəhərinin 400 min nəfərə yaxın, Abşeron rayonun Xırdalan da daxil olmaqla bu istiqamətdəki qəsəbələrinin 100 min nəfərədək, Bakı şəhərinin qəsəbələrinin 80 min nəfərdək əhalisinin hər gün istifadə etidiyi yeganə yoldur. Müqayisə üçün deyim ki, ölkənin cənub, qərb və şimal-qərb ərazilərindən paytaxta daxil olmaq üçün dörd alternativ yol var. Dairəvi yol, Badamdara çıxan yol, Bayıldan dəniz kənarına çıxan yol, Ələt qəsəbəsindən Sumqayıta çıxmaqla Bakıya daxil olan yol. Hökumətin təkcə bir səhv qərarı – avtovağzalın Sumqayıt yoluna köçürülməsi son üç ildə bu istiqamətdə tıxacı həddən artıq artırıb”.

Gültəkin