Mühacir fəallar AŞPA qarşısında aksiya keçirdi
“Avtoritar Əliyev rejimi AŞPA qarşısında öhdəliklərinə əməl etməlidir!”
Aprelin 22-də Avropada və dünyanın digər ölkələrində yaşayan siyasi mühacirlər Strasburqa toplaşaraq, Avropa Şurası Parlament Assambleyasının binası önündə aksiya keçiriblər.
Aksiya Azərbaycanda avtoritarizmin güclənməsinə, insan haqları və siyasi azadlıqlar sahəsindəki ağır vəziyyətə etiraz məqsədi daşıyıb. Aksiyanı azərbaycanlı mühacirlərin yaratdığı Demokratık Azərbaycan Hərəkatı və Avropa Azərbaycanlılarının Milli Birlik Şurası birgə təşkil edib.
Aksiyada 100 nəfərdən artıq mühacir fəal iştirak edib. Etirazçılar “Rədd olsun diktatura”, “Avtoritar Əliyev rejimi AŞPA qarşısında öhdəliklərinə əməl etməlidir!”, “Kürü diplomatiyasına uyan avropalı məmurlara ar olsun!” və başqa şüarlar qaldırıblar. Tədbirdə hər iki mühacir təşkilatının təmsilçiləri çıxış ediblər.
Sonda aksiyanın qətnaməsi qəbul edilib və 10 nəfərlik nümayəndə heyəti qətnaməni AŞPA deputatları arasında yaymaq üçün parlamentin binasına daxil olublar.
Etiraz aksiyası 2 saatdan artıq davam edib.










Ayəndə Mürsəliyeva, Strasburq


