Yeni təhsil nazirindən hansı gözləntilər var?

Mikayıl Cabbarov çökmüş təhsil sistemini ayağa qaldıra biləcəkmi?

Yeni təhsil naziri Mikayıl Cabbarovla bağlı ən çox müzakirəyə səbəb olan məqamlardan biri onun təhsil sisteminə yad biri olmasıdır. Eyni zamanda, təhsilini xaricdə alan bu gənc kadrın nazir postuna uğurlu seçim olduğunu düşünənlər də var. Əlbət ki, dünyada, hətta yaxın qonşularımızda belə, öz postunu layiqincə təmsil edən gənc kadrlar nümunəsinə rast gəlmək olar.
Amma ən uğurlu kadrın belə, çürük, rüşvət və korrupsiyaya bulaşmış bir sistemi düzəldəcəyinə inanmaq da sadəlövlükdür. Üstəlik M.Cabbarov bundan əvvəlki vəzifələrində də xüsusi uğuru və idarəetmə bacarığı ilə fərqlənməyib. Görək, yeni nazirdən ictimaiyyətin hansı gözləntiləri var?

“Təhsil naziri olacaq adamın təhsildən xəbəri olmalıdır”

Keçmiş Təhsil naziri Firudin Cəlilovun fikrincə, bu vəzifəyə kim gəlir-gəlsin, Azərbaycan təhsilinin problemini qısa müddətdə çözə bilməyəcək(“Azadlıq” radiosu). Onun sözlərinə görə, vaxtilə Lidya Rəsulova da təhsil sahəsində heç bir təcürəbsi olmadığı üçün nazir təyin olunandan sonra çox çətinliklər çəkmişdi: “Ümumiyyətlə, bu gün kimi təhsil naziri qoysan, bu sahədə hər hansı çevriliş mümkün deyil. Çünki bu rejim təhsili elə bir günə salıb ki, düzəlməsinə illər lazımdır. Məndən sonra rəhmətlik Lidya Rəsulova nazir oldu. Çox gözəl bürokrat, təmiz adam idi, yaxşı da çalışırdı, amma təhsil sahəsində işləyə bilmədi. Çox çətinliklər çəkdi, çünki təhsil sahəsində işləməmişdi, təhsilin problemlərini bilmirdi. Axırda öz ərizəsi ilə işdən çıxdı. Təhsil naziri olacaq adam, ilk növbədə, təhsili bilməlidir, əlində təhsillə bağlı konkret proqramı olmalıdır. Bundan başqa, ən vacib göstəricilərdən biri dövlətin özünün təhsillə bağlı proqramının olmasıdır. Gəl ki Azərbaycanda belə proqram yoxdur. Bu gün Misir Mərdanovun yerinə kim gəlsə, bu işləri apara bilməyəcək”.

“İlham Əliyev də gənckən prezident oldu, Mikayıl Cabbarovdan da çox dil bilirdi”

Iqtisadçı-ekspert Rövşən Ağayev Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasının geniş müzakirələrə yol açdığını və bu təyinatla bağlı fərqli fikirlərin olduğunu deyir: “Iki yanaşma var. Birincisi odur ki, gənc, ABŞ-da təhsil almış, savadlı, idarətmə təcrübəsi olan kadrdır. Deməli təhsil sistemində müsbət dəyişikliklər olacaq. Ikincisi isə belədir ki, kadrları dəyişib sistemi saxlamaqla heç nə dəyişməyəcək. Mənim fikrimcə, peşəkar və demokratik idarəetmə fərdlərin deyil, mexanizm və institutların idarəetməsidir. Belə şəraitdə kadrların rolu maşının sükanını düz saxlamaq, sükanda problem yarandıqda həmin problemi vaxtında aşkarlayıb aradan qaldırmaqla müqayisə oluna bilər. Bizim sistemimizdə isə fərdlər, yəni kadrlar sükan əvəzidir. Ölkə rəhbəri bu sükanı hara gəldi döndərir. Yəni, sükan rolunda hansı fərdin olmasının fərqi təxminən belədir – onlardan biri mexanikidir, biri hidravliklidir. Maşın sürənlər bunun fərqini daha yaxşı bilir.ÿ
Amma əslində sükan rolunda peşəkar hazırlanmış hökumət strategiyaları, dövlət proqramları, təhsilin maliyyə ehtiyaclarını tam qarşılamağa imkan verən büdcə təminatı mexanizmləri, pedoqoji kadrları hakimiyyətin siyasi maraqlarından və siyasi basqısından uzaq tutan mühafizə mexanizmləri, təhsilin keyfiyyətinə təminat verən nəzarət və hesabatlılıq mexanizmləri və mükəmməl qanunlar olmalıdır. Indi bunların heç biri yoxdur. Ola bilsin ki, yeni nazir məktəb direktorarının valideynlərdən qəpik-qəpik pul toplamaq, məktəb direktorlarını vəzifəyə rüşvətlə təyin etmək təcrübəsinə son qoyacaq. Hər halda buna inanmaq istərdim”.ÿ
M.Cabbarovun gənc olması və xaricdə təhsil alması ilə bağlı ümidlərə gəlincə, R.Ağayev bunları deyib: “Iki örnək gətirəcəm, bəlkə vəziyyət bir az aydınlaşar. Hüseynqulu Bağırov da ABŞ-da təhsil alıb. Nazir təyin ediləndə də cavan idi – 45 yaşı vardı. Bu şəxs 2009-cu ildə Klimancaro dağına dırmaşıb, əlində tutduğu şüar isə bu idi: ”Azərbaycan, yeni zirvələrə doğru Ilhamla irəli”. Ən əsası, Ekologiya Nazirliyinin başqalarından nə fərqi var ki? Ikinci örnək – Ilham Əliyev 42 yaşında prezident seçildi. Mikayıl Cabbarovdan daha çox dil bilir. Uzun illər “gənc və perspektivli lider” titulunu əldən vermədi. Onun ölkədə köklü demokratik islahatlar aparacağına ümid edənlər var idi. Amma nəticə göz qabağındadır. Amma bütün bunlara baxmayaraq, soyuqqanlı olmaqda, bir qədər gözləyib hər şeyə əyani şahid olmaqda fayda var”.

“Hələ də kadrların nəyisə dəyişə biləcəyinə inananlar var”

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli isə deyir ki, nədənsə cəmiyyətdə kadrların nəyisə dəyişə biləcəyi fikri hələ də aktualdır: “Stalin 1935-ci ildə ”Kadrlar hər şeyi həll edir” demişdi. Düz 55 il – SSRI dağılana qədər bu şüar aktual idi. Amma indi görürəm ki, bu deyim bu gün də bizim ölkədə çox aktualdır. Hələ də Stalin yanaşmasına, metodlarına inananlar var. Amma yeni nazir isteriyası bir şeyi də sübut etdi: vətəndaşlar, insanlar, cəmiyyət siyasətdə, idarəetmədə dəyişikliklərə, yeni sifətlərə, yeni insanlara acdır! Seçki ilində bu çox pozitiv məsələdir!”.
Qeyd edək ki, son 15 ildə Azərbaycan təhsilinə rəhbərlik edən nazirÿ Misir Mərdanov ÿvəzifəsindən azad edilib.
Bu vəzifəyə “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin rəisiÿ Mikayıl Cabbarovÿtəyin olunub. Bu barədə prezident Ilham Əliyev aprelin 19-da sərəncam verib.
Mikayıl Cabbarov hazırda həbsdə olan keçmiş Iqtisadi Inkişaf naziri Fərhad Əliyevin dövründə onun müavini vəzifəsində çalışıb. 2009-cu ildə prezidentin sərəncamı ilə “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin rəisi təyin edilib.
Yeni təhsil naziri 1976-cı ildə Bakıda doğulub, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. ABŞ-da hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət Iqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York Vəkillər Kollegiyasının üzvüdür.
67 yaşlıÿ Misir Mərdanov ÿisə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. Uzun müddət elə bu təhsil ocağında dərs deyib. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib. BDU-nun tədris işləri üzrə prorektoru, daha sonra rektoru olub.
“Əməkdar elm xadimi”, “Şöhrət” ordeni ilə təltif edilmiş Misir Mərdanov hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və Idarə Heyətinin üzvüdür.