Məhəmməd Talıblı: «Fond aldığı aktivlərin dəyər qazanması tendensiyasını gözləməyi bacarmalıdır»
Dövlət Neft Fondunun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərclərinin təxminən 570 mln dollar təşkil etməsi xəbərinin ardınca daha bir itki barədə məlumat yayıldı. Belə ki, Azərbaycan Dövlət Neft Fondu qızılın ən baha olduğu ərəfədə 19 ton qızıl alaraq rezervlərinə daxil edib. Daha sonra qiymətli metalın ucuzlaşması Azərbaycanın 400 milyon dollar zərərə düşməsinə səbəb olub.
Hakimiyyət təmsilçiləri Avropanın dərin böhran yaşadığını desə də, Neft Fondu eyni zamanda Avropa ölkələrində daşınmaz əmlak alışı ilə də məşğuldur. Böhran dövründə daşınmaz əmlakın da qiymətinin ucuzlaşmasını nəzərə alaraq bu sahədə də Neft Fondunun itkilərlə üzləcəyini gözləmək olar. Bu itkilərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Iqtisadçı-alim Nazim Məmmədov “Bizim yol” qəzetinə açıqlamasında qızıl bazarının bir qədər spekulyativ olduğunu deyib. Yəni bu bazarda qiymətlərin tez-tez qalxıb-düşməsinə rast gəlinir. Dövlət Neft Fondu kontraktlar bağlayarkən, qızılın bir unsiyası 1900 dollar idi. Bu yatırım indiyədək də davam edir. Son proqnozlarla görə, onun dəyəri 1200 dollara qədər düşəcək. Fondun aldığı 18 tondan çox qızılın alınan qiyməti ilə indiki qiyməti arasında fərq təqribən 413 milyon dollardır.
Ekspertin sözlərinə görə, qiymətlər 1200 dollardan da aşağı düşsə, bu daha pis haldır. Dövlət Neft Fondu rezervlərinə qızıl daxil etmək istəyirsə, burada xarici bazardan deyil, daxili ehtiyatlardan istifadə edə bilərdi. Bu, həm də daxili istehsalı stimullaşdırardı.
Iqtisadçı hesab edir ki, Azərbaycan kimi ölkələr üçün qızıl yatırımı o qədər də uğurlu alət deyil.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı isə hesab edir ki, gəlirlərin artması daha çox Fondun əməliyyatlarının və investisiya siyasətinin keyfiyyəti ilə bağlıdır. Eyni zamanda qızıl bazarında konyunkturanı diqqətdən kənar saxlamaq olmaz. O konyunkturaya uyğun çevik investisiya siyasəti olmalıdır. Konyunkturadan kənarda olan heç bir effektivlikdən danışmaq olmaz. Eyni zamanda Fond aldığı aktivlərin də dəyər qazanması tendensiyasını gözləməyi bacarmalıdır. Həmçinin alınan daşınmaz əmlakın da qiyməti optimal həddə çatanda onu satmaq vacibdir. Əks halda Fondun itkiləri daha da çoxalacaq.
Fizzə


