Şıxəli Qurbanovun adı teatrdan silindi

Gülnarə Qurbanova: «Mən bunu yalnız ölülərlə mübarizə adlandıra bilərəm»

Azərbaycanın ictimai-siyasi və mədəniyyət tarixində silinməz iz qoymuş Şıxəli Qurbanovun adı Musiqili Komediya Teatrından götürülüb. Şıxəli Qurbanovun Azərbaycan üçün hansı xidmətləri olduğunu təqdimatsız da hamı bilir. Bircə faktı xatırlatmaq kifayətdir – uzun illər xalqın gizli şəkildə, qeyri-rəsmi qeyd etdiyi Novruzun milli bayram statusuna sahib olması məhz Şıxəli Qurbanovun adı ilə bağlıdır. Bu fakt uşaqdan-böyüyə hamıya məlumdur. Məlum olmayan isə xalq arasında “Muzkomediya” kimi tanınan bir mədəniyyət ocağından – Musiqili Komediya Teatrından bu görkəmli şəxsin adının silinməsidir.
Əlbəttə, xalqın mütəfəkkir oğullarının adının, simvolların bilərəkdən ləğv edilməsi faktı ilə ilk dəfə deyil ki, rastlaşırıq. Bundan əvvəl, Bakı Dövlət Universitetindən M.Ə.Rəsulzadənin, Konservatoriyadan Ü.Hacıbəyovun, Opera və Balet Teatrından M.F.Axundovun adı götürüldü. Bəzi küçələrin adları dəyişdirilərək, Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatına dəxli olmayan şəxslərin adı verildi. Kampaniya xarakteri alan bu məsələ bir ara səngimişdi ki, yenidən aktuallaşmağa başlayıb. Budəfəki hədəf isə xalqın ürəyində adı daim yaşayan Şıxəli Qurbanov oldu.

“Atamı müəmmalı şəkildə öldürüblər”

Məsələnin mahiyyəti barədə “Azadlıq”a danışan, Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova teatrın təmirdən sonra srağagünkü açılışında artıq atasının adını daşımadığını bildirdi. Onun sözlərinə görə, bundan sonra sözügedən mədəniyyət ocağı Musiqili Teatr adlanacaq: “Musiqili Komediya Teatrına atamın adının verilməsinin xüsusi bir səbəbi olub. Atamın sağlığında hər il bir əsəri teatrda tamaşaya qoyulub. Bu barədə Mərkəzi Komitə və Nazirlər Kabinetinin birgə qərarı olub. Həmin qərar ləğv olunmadan teatra başqa heç bir ad verilə bilməz. Onu müəmmalı şəkildə öldürüblər. Atamın adının da teatra verilməsi əsassız deyil, əsaslı şəkildə olub. 46 ildə bu şəxs neylədi ki, adını teatrdan götürdülər?! Mən bunu yalnız ölülərlə mübarizə adlandıra bilərəm. 2 iyun 1967-ci ildə, atamın vəfatından bir həftə sonra Mərkəzi Komitə ilə Nazirlər Kabinetinin birgə qərarı əsasında atamın adına küçə qoyuldu, külliyyatı buraxıldı və Musiqili Komediya Teatrına onun adı verildi. Polad Bülbüloğlu vaxtilə bu işə çox can atdı. Onun adını teatrın mərkəzi girişindən götürdü. Işçilər üçün olan qapıda onun adı qalmışdı ki, təmir başlayana kimi orada idi. Polad Bülbüloğlu afişaların, bukletlərin üstündən atamın adının götürülməsi əmri vermişdi. Mən müraciət edəndə isə çap  məsələsini bəhanə gətirdilər”.
Gülnarə Qurbanova bir məqamı da vurğuladı. O hesab edir ki, M.F.Axundovun adı Milli Dram Teatrına verilməlidir: “Çünki Axundov milli dramaturgiyanın banisidir və teatra bu adın verilməsi yerinə düşər”.

“Bu, qərəz deyil”

Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva “Azadlıq”a açıqlamasında bildirib ki, teatrların üstündən şəxsiyyətlərin adı çoxdan götürülüb. Bu addımın həmin şəxsiyyətlərlə heç bir əlaqəsi yoxdur: “Musiqili Komediya Teatrına Musiqili Teatr adı verilməsi bu mədəniyyət ocağına daha geniş spektrdə işləmək, şərait yaratmaq, fəaliyyət göstərmək imkanı verilməsi məqsədi  daşıyır. Bu məsələdə heç bir qərəz görmək lazım deyil. Prezidentin 2009-2019-cu illərdə teatrın inkişafıyla bağlı sərəncamı var. Həmin sərəncamdan irəli gələn islahatların olması, təmirlərin aparılması məqsədi var. Yəni, burada hansısa qərəzdən söhbət gedə bilməz”.

Özbaşınalıq, başıpozuqluq, xalqla hesablaşmamaq…

Yazıçı-publisist Mehriban Vəzir isə Şıxəli Qurbanovun adının “Muzkomediya”dan götürülməsi haqda danışarkən deyir ki, hazırkı rejimin bütün istiqamətlərdə atdığı addım xalqı diksindirir: “Şıxəli Qurbanovun adının teatrdan götürülməsini eşidən vətəndaşda haqlı suallar yaranır. Bunun səbəbini soruşan vətəndaşla hesablaşmaq, onu saymaq, adam yerinə qoymaq lazımdır. Bu işi görənlər xalqa səbəbləri izah etməli, ondan icazə almalıdır. Xalqla hesablaşmadan, onun fikri öyrənilmədən görülən iş fayda verərmi? Şəxsiyyətlərin adının siyasi fikir tarixindən silinməsinin səbəbləri açıqlanmalıdır. Bunun bircə adı var – özbaşınalıq, başıpozuqluq, xalqla hesablaşmamaq”.

“Rəsulzadənin adının da universitetdən götürülməsinə qarşı çıxmışam”

Millət vəkili Sabir Rüstəmxanlı da bu addımdan narazılığını ifadə edərək, deyir ki, “hava dəyişən kimi, yerdəki abidələr, heykəllər, küçə, mədəniyyət ocaqlarının adlarının dəyişməsi” düzgün deyil: “Şıxəli Qurbanov sovet dövründə Novruz bayramının rəsmən qeyd olunmasına təşəbbüs göstərən və bunu yüksək səviyyədə həyata keçirən şəxsdir. O elə milli təfəkkür və düşüncəsinə görə öldürülüb. Onun adı teatrdan nə üçün götürülməlidir? Rusiyada, həmçinin dünyanın hər yerində mədəniyyət ocaqları onu quranın, əməyi olanın, mədəniyyət tarixinə töhfə verənin adıyla adlandırılır. Şıxəli Qurbanovun əsərləri daha çox həmin teatrda oynanıldığına görə adı da ora verilib. Mən illər öncə Rəsulzadənin adının universitetdən götürülməsinin də əleyhdarı olmuşdum. Indi də Şıxəli Qurbanovun adının Musiqili Komediya Teatrından götürülməsini doğru hesab etmirəm”.

Nigar