Türkiyənin mərhum prezidentinin xanımı Səmra Özalın istintaqa ifadəsi yayıldı
Türkiyə mətbuatı ölkənin səkkizinci prezidenti olmuş prezident Turqut Özalın ölümü ilə bağlı həyat yoldaşının prokurorluğa verdiyi ifadəni yayıb. Semra Özal ifadəsində Kartal Demirağ tərəfindən həyata keçirilən sui-qəsdi və Özalın son gecəsindən bəhs edib. Özalın həyat yoldaşı ona 15 il əvvəl verilən “şübhəli” məktubu da prokurorluğa təqdim edib. Həmin məktubda qatilin adı və “Turqut Özal ölmədi, öldürüldü” yazılmışdı.
NTV-nin ələ keçirdiyi üç səhifəlik ifadədə şübhəli Həsən Əlioğlunun Azərbaycandakı ünvanı da göstərilib: “Ərim öldükdən 5 il sonra Istanbulda yaşadığım evimə, mənim evdə olmadığım vaxt bir şəxs gəlib və həmin adam qapıdakı mühafizəçilərə mütləq Səmra xanımı görməliyəm deyib. Evdə olmadığımı söyləyəndə isə indi sizə verdiyim bu qeydi buraxıb: ”Turqut Özalı öldürdülər, qatili Azərbaycanda. Adı Həsən Əlioğludur”.
Səmra Özal Turqut Özalın ölümünü belə təsvir edib: “Təxminən saat 8.30-da qalxdı. Mən qəhvəaltı hazırlamışdım. Ərim duş qəbul elədi və üzünü qırxdı, birlikdə qəhvəaltı etmək üçün yataq otağından çıxdıq. Salon ilə yataq otağının arasındakı zalda idman alətləri var idi. Oradan keçərkən ”bu gün idman etməyəcəm, duş qəbul etmişəm, tərləmək istəmirəm” dedi. Mən öndə gedirdim, birdən səs eşitdim və geri çevriləndə ərimin üzü üstə yerə yıxıldığını gördüm. Qaldıranda ağzından köpük tökülürdü. Tez yardım çağırdım….”
Turqut Özalın qatili olduğu bildirilən Həsən Əliouğluya Həsənoğluya gəlincə, onun barədə hər hansı məlumat yoxdur. Lakin Turqut Özalın ölümünün araşdırılması yenidən gündəmə gələndə – 2012-ci ildə Bakıda Həsən Əlioğlu Kandilçi adlı 47 yaşlı Türkiyə vətəndaşının ölümü barədə məlumat yayıldı. Nəsimi Rayon Polis Idarəsindən Milli.Az-a verilən məlumatda deyilirdi ki, 47 yaşlı Həsən Əlioğlu Kandilçi müəmmalı şəkildə dünyasını dəyişib. Mərhumun meyiti yaşadığı Elman Ovçuyev 3, mənzil 28-də aşkarlanıb. Onun ölümünün səbəbləri məlum deyil. Mərhumun hamamdan çıxdıqdan sonra vəziyyətinin pisləşdiyi və öldüyü bildirilib.


