Baş redaktorun birinci müavini həyəcan təbili çalır
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bank hesabına həbs qoyulması ilə bağlı “Deyerler.org”a açıqlama verib. Hacıyev bildirib ki, artıq qəzetin hesabına gələn bir neçə min manat hesabdan götürülərək qəzet ağır duruma salınıb.
“Azadlıq” qəzeti satışdan maliyyələşən qəzetdir. Onun fəaliyyəti məhz bundan asılıdır. Hakimiyyət qəzetin susdurulması üçün prosesləri çox ciddi mərhələyə çatdırıb. Hazırkı halda qəzetin nəşrinin dayanması olduqca realdır. Çünki başqa imkanlar, başqa gəlir mənbələri yoxdur. Hakimiyyətin təzyiqləri nəticəsində bizə heç bir reklam verilmir, heç bir iş adamı buna risq etmir. Bu da vəziyyəti son dərəcə ağırlaşdıran haldır. Biz vəziyyətdən çıxmağa çalışırıq, amma çox təəssüflər olsun ki, qəzetin imkanları çox məhduddur”.
Oxucuların, azad söz tərəfdarlarının “Azadlıq”a dəstək olacaqlarına ümid edən baş redaktorun birinci müavini vurğulayıb ki, bu qəzet Azərbaycan xalqının köklü maraqlarına xidmət edir: “Azadlıq qəzeti ictimai maraqlara, vətəndaşların maraq və mənafelərinə xidmət edən qəzetdir. Güman edirəm ki, oxucularımız və ictimaiyyət qəzetə ciddi dəstək verəcək və inşallah, qəzet bu mərhələni aşacaq”.
Sonda bir daha “Azadlıq”ın bütün xərclərinin satışdan təmin edildiyini vurğulayan R.Hacıyev qeyd edib ki, 30.000 manat qəzet üçün kifayət qədər böyük vəsaitdir. “Satışdan gələn vəsait qəzetin yaşaması üçün müəyyən bir müddət deməkdir. Hazırkı halda biz əmək haqlarını verə bilməyəcəyik, çap və kağız xərclərini ödəyə bilməyəcəyik. Yəni çox qısa bir müddət ərzində “Azadlıq” qəzetinin fəaliyyəti dayana bilər. Bu 2 həftəyə də ola bilər. Mən heç inanmıram ki, biz 1 ay davam gətirə bilək”, – deyə o qeyd edib.


