Bakıda səfərdə olan ABŞ Dövlət Katibinin müavini Tomas Melia aprelin 18-də Respublikaçı Alternativ (REAL) Hərəkatının ofisində təşkilatın sədri və prezidentliyə namizədi, həbsdə olan İlqar Məmmədovun ailə üzvləri ilə görüşüb. Görüşdə hərəkatın icra katibi Natiq Cəfərli də iştirak edib.
“REAL”ın Facebook səhifəsində yerləşdirilən məlumata görə, T.Melia İ.Məmmədovla bağlı qayğılarını dilə gətirib, onun vəziyyəti, istintaqın gedişi ilə bağlı suallar verib, öz dəstəyini bildirib.
Natiq Cəfərli isə ölkədə siyasi fəaliyyətinə görə həbs olunmuş digər insanların vəziyyəti ilə bağlı ABŞ rəsmisinə məlumat verib.
Xatırladaq ki, T.Melia səfərdən öncə həbsxanada İ.Məmmədovla görüşməyə icazə almaq üçün Azərbaycan hökumətinə sorğu göndərib. Amma hökumət ona cavab verməyib.


