Milli qəhrəmanlar icra başçısından şikayət etdilər

Hansısa məmur Vətən uğrunda canlarından keçən, sağlamlığını itirən qəhrəmanlara qayğı göstərmirsə, onun sıravi vətandaşlara insani münasibət sərgiləyəcəyini mümkünsüzdür, bunu gözləməyə dəyməz. Halbuki, o məmur Vətən yolunda canını qoyan, qanını axıdan, əlillik qazanan insanların hesabına kresloda oturduğunu unutmamalıdır. Əgər bunu kəsdirə bilmirsə, demək o məmur üçün mənəvi dəyər anlayışı yoxdur.

Bununla heç də bütün dövlət məmurlarının işinə kölgə salmaq istəmirik. Qarabağ savaşı iştirakçısını görüb ayağa qalxan vəzifə sahibləri az deyil.

Təəssüfləndirci haldır ki, bunun əksini edənlər də çoxdur.

Örnək kimi Milli qəhrəmanların fikirləri ilə tanış olmaq kifayətdir.

“Milli Qəhərəmanam, amma bu gün mən evimin kupçasını belə, ala bilmirəm…”

Azərbaycanın ilk Milli qəhrəmanlarından olan Maşallah Abdullayev Modern.az saytına açıqlamasında Goranboy rayon İcra Hakimiyyəti və onun başçısı tərəfindən özünə qarşı heç bir diqqət olmadığını bildirir:

“İcra başçısı mənə Milli Qəhərəman olaraq heç bir diqqət və qayğı göstərmir. Ən azından düşünürəm ki, mən dövlətimizin mütəqilliyinə imza atan bir insan olmuşam. Mən Azərbaycanın Milli Qəhərəmanıyam, amma bu gün evimin kupçasını belə, ala bilmirəm. Bununla bağlı bir neçə dəfə rayon rəhbərinə müraciət etsəm də, heç bir nəticəsi olmadı. Goranboyda məmurların özbaşınalığı baş alıb gedir. Bu gün bizim rayonda veteranlar var ki, onlar haqları olan müavinəti belə, ala bilmirlər. Amma döyüşməyənlər, ermənilərə qarşı heç bir müqavimət göstərməyənlərə veteranlıq statusu verilib”.

“Bizə hörmət qoymurlarsa, camaata necə hörmət edəcəklər…”

Goranboyda yaşayan digər Milli Qəhərəman Məhəmməd Həsənov də Maşallah Abdullayevlə eyni fikirdədir: 
“Goranboyda Milli Qəhrəman olaraq özümə qarşı nə diqqətdən, nə də sayğıdan danışa bilərəm. Mən bir şeyi deyim ki, məktəb direktoru işləməzdən öncə heyvandarlıqla məşğul olurdum və bunun üçün qışlaq yeri icarəyə götürmüşdüm. Təsəvvür edin ki, rayonun məmurları mənə imkan vermədilər təsərrüfatla məşğul olmağa. Onların da başında duran var. Çünki özləri neçə yüz hektarlarla əraziləri əllərində cəmləşdiriblər. Halbuki, cənab Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, sahibkarlara maneçilik törətmək olmaz. Bizdə isə əksinədir, sahibkarlar sıxışdırılır, əvəzində məmurlar sahibkarlıqla məşğul olurlar. Bizim rayonda onlar bütün torpaqları zəbt ediblər, hər yeri əkirlər-biçirlər, amma bizim kimi insanlar öz yerlərini suvara bilmirlər. Bizə hörmət qoymurlarsa, adi insanlara necə hörmət edəcəklər. Belə hallar baş alıb gedir. Bu gün Goranboyda iki Milli Qəhərəman yaşayır. Ən ağır döyüşlərdə iştirak etmişəm, amma bu gün mənə bir qəpiklik qiymət vermirlər. Hətta başqa rayonlara gedəndə gördüyüm diqqəti öz rayonumda görmürəm”.