Təhsil naziri Misir Mərdanov APA-ya müsahibəsində bunları deyib: “Hesab edirəm ki, elə məsələlər var ki, onlar dünyada olsa da, Azərbaycan həqiqətlərinə və mentalitetinə uyğun deyilsə, dərsliklərdə olmamalıdır”.
Gerçəkdən düşündürücüdür. Nazir əmindir ki, verdiyi bəyanat müsbət emosiyalar doğuracaq. Amma məsələ Misir müəllimin tənqidi və çoxluğun bu tənqidi təqdir etməsi ilə bitmir. Üstüörtülü deyilməsinə baxmayaraq, aydın məsələdir ki, söhbət məktəblərdə cinsi tərbiyənin necə aşılanmasından gedir. Başlıca problem ondadır ki, biz cinsi tərbiyəni uşaqlara xortdan qismində təqdim edirik. Əslində, yeniyetmələr dediklərimizə inanmırlar, necə ki valideyn özü siqaret çəkir, amma övladına bunun zərəri haqqında moizə oxuyur. Indi uşaqlar internet vasitəsilə istənilən informasiyanı alır və bizim səmimi olmadığımızın şahidi olurlar. Bir neçə il VI-VII siniflərdə “Həyat bilgisi” (HBƏT) fənnini tədris etmişəm. Çox ciddi problemlərlə üzləşmişəm. Hələ proqrama daxil edilmiş mövzular (məsələn, “cinsi yetkinlik gəncliyin ilk əlamətidir”) bir yana qalsın, dəfələrlə yeniyetmə qızların “Cinsi əlaqə nədir?” sualına cavab vermək üçün daha korrekt ifadələr axtarmaq zorunda qalmışam. Məlum anlayışın üstündən adlayıb keçmək də mümkün deyil, çünki bir çox mövzuların məzmunu həmin sözün izahından asılıdır. Amma bütün bu çətinliklər əsas vermir ki, biz övladlarımıza cinsi tərbiyə haqqında bilgilər verməyək.
Hesab edirəm ki, şagirdlərin cinsi tərbiyəsi ilə bağlı dərsliklərdə verilmiş aşırı məlumatlar, bir-iki epizodu çıxmaqla, çox şişirdilib. Elə verilən reaksiyalar da xalqımızın mühafizəkar mentaliteti ilə bağlıdır. Bir sıra ölkələrdə bu sahədə çox ciddi problemlər meydana çıxıb. Bu da valideynlərin narahatlığı üçün detonator rolunu oynaya bilər. Lakin narahatlığa ehtiyac olduğunu düşünmürəm. Həmin ölkələrdə baş qaldırmış problemlər sistem xarakterlidir və beş-on ilin söhbəti deyil.
Ikinci dünya müharibəsindən sonra Danimarkada antipornoqrafik qanunlar ləğv edildi. Ardınca dünyada ilk dəfə olaraq seksual yarmarka keçirildi. Feminist hərəkatı xeyli aktivləşdi, gender bərabərliyi tamamilə yeni bir mərhələyə keçdi. Digər tərəfdən, orada yaşayış səviyyəsi ən yüksək həddə çatdı. Insanların təsərrüfat qayğıları azaldı və özlərinə daha çox diqqət yetirməyə başladılar. Bütün bunlar yaşlı nəslin əxlaq və dəyərlərinə yeni yanaşma tələb etdi. Hazırda Danimarka ailələrində dominant rolu qadınlar oynayırlar. Övladlar istənilən məsələ barədə anadan icazə alır. Nəticə çox məyusedicidir: 5,5 milyonluq əhalinin bir milyon 300 min sakini tək yaşayır. Kənardan baxana bu mənzərə faciəvi görünsə də, onlar heç də məyus görünmürlər. Əksinə, onların fikrincə, eyni vaxtda bütün ailə üzvlərinin süfrə arxasına keçməsi azadlıq hissinin boğulması deməkdir. Bizə qəribə gələ bilər, amma bu, azadlığa verilən yüksək qiymətdir. Görünür, insanlar azadlığı şəxsi həyatından da yüksək tuturlar.
Danimarka nümunəsinə müraciət etməkdə məqsədim çox sadədir: cinsi tərbiyə Azərbaycanda mənəvi aşınmaya gətirib çıxara bilməz, çünki nə ictimai-siyasi həyat, nə də hüquqi qanunlarımız buna imkan verir. Faciəni tamamilə başqa yerdə axtarmaq lazımdır.
Cinsi tərbiyə insan tərbiyəsinin vacib komponentlərindən biridir. Deyirlər, insanı heyvanlardan fərqləndirən dörd mühüm cəhət var: ağıl, inanc, həya və nikah. Çoxları üçün sirr deyil: bizim ölkəmizdə ağılsızlar ağıllılardan daha çox qazanırlar. Hakimlər YAP iqtidarının sifarişi ilə günahsız insanları həbsaxanalara doldurur və Allahdan qorxmurlar – allahsızlıq baş alıb gedir. Artıq həya da qalmayıb. Hər seçkidə hamının gözü qarşısında qutulara qucaq-qucaq saxta bülletenlər doldururlar. Nəhayət, həmişə Azərbaycan ailəsinin möhkəmliyi ilə fəxr etsək də, ailənin müqəddəs olduğunu indi iddia edə bilmərik – boşanmalar pik həddə çatıb.
Bu gün bütün insanlar kimi, Misir müəllimi də bu məsələlər narahat etməlidir. Mental qaydaların pozulduğu məkanı da burada axtarmaq yerinə düşərdi.
Nabatəli Qulamoğlu


