ANS məhkəməyə verdiyi KİV-ləri bağışladı

ANS Şirkətlər Qrupu müxtəlif vaxtlarda şirkətin imicinə xələl gətirən yazılar dərc etdiyinə görə bir sıra kütləvi informasiya vasitələri ilə bağlı qaldırdığı məhkəmə iddialarını geri çağırıb.

Şirkət rəhbərliyi hüquq departamentinin simasında bu addımını onunla əsaslandırıb ki, həmin mətbuat orqanlarının bəziləri artıq ANS-ə, buraxılmış səhvlərin anlaşılmazlığın nəticəsi olduğunu etiraf edib, bəziləri isə yol verilmiş xətaları bilərəkdən etmədiklərini və bununla əlaqədar ANS-in mövqeyini dərc etməyə hazır olduqlarını bildirməklə ANS-in onlara qarşı irəli sürdüyü iddiaları təmin etmiş olublar.

Bütün bunları nəzərə alan ANS mətbuatla bağlı məhkəmə iddialarını geri götürmək haqqında qərar qəbul edib. Şirkətlər Qrupunun Hüquq Departamentindən ANS-PRESS-ə bildiriblər ki, ANS bu addımı atmaqla mətbuat nümayəndələrinin bundan sonra məlumatla daha korrekt davranacağına ümid edir və inanır ki, jurnalistlər yoxlanılmamış, həqiqətə uyğun omayan informasiyalar yaymamaqla nə özlərinə, nə də başqalarına problem yaradacaqlar.

Bu addımı isə mətbuat və cəmiyyət düzgün anlamalı, kütləvi informasiya vasitələri isə xoş məramlı bu hərəkətdən dürüst nəticə çıxarmalı, öz fəaliyyətlərində daha məsuliyyətli və peşəkar olmalıdır.

***

ANS Şirkətlər Qrupu “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə iddiasını geri götürüb. Bu barədə məlumatı Musavat.com-a “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu verib. Baş redaktorun sözlərinə görə, bu gün ANS Şirkətlər Qrupunun rəhbərliyindən ona zəng edərək bildiriblər ki, qəzetlərə qarşı son məhkəmə prosesləri nəticəsində onların bağlanma təhlükəsini nəzərə alaraq, ANS belə bir həmkar jesti edir. “Biz istəmirik ki, hansısa qəzetlər bağlansın. Bizim istəyimiz budur ki, jurnalistlər məhkəmələr vasitəsilə məsuliyyətli olmağa alışsınlar. Bizim məzkəmə müraciət etməyimizin səbəbi demokratik hüquqlarımızdan istifadə etməkdir. Amma əgər məhkəməyə verdiyimiz qəzetlərə qarşı ciddi təhlükə varsa, o bağlanmaq təhlükəsi ilə üz-üzədirsə, biz bu prosesə qoşulmayacağıq. Ona görə də iddiamızdan imtina edirik”, – ANS rəhbərliyi “Yeni Müsavat”ın baş redaktoruna bildirib.

ANS-in bu addımı ilə bağlı məlumat artıq İctimai Palatanın mediaya basqılara dair iclasında səsləndib və təqdirlə qarşılanıb.