«Azərbaycan hakimiyyəti barədə bu forma və miqyasda hələ informasiya yayılmamışdı»
Rasim Ağayev: «Azərbaycanda ciddi demokratik islahatların reallaşdırılması üçün vaxt tükənib»
Suallarımızı politoloq Rasim Ağayev cavablandırır. R.Ağayevə ilk sualımız bir müddət əvvəl offşor zonada hakim ailənin kapitalı barədə yayılan informasiya ilə bağlı oldu. Belə ki, siyahıya adları düşən şəxslər arasında yeganə dövlət başçısı məhz İlham Əliyevdir.
– Burada müəyyən qədər yanlış təəssürat da mövcuddur. Ilham Əliyevin üzərində bizim fikrimiz köklənib və mətbuatın diqqəti ona yönəlib. Beynəlxalq mətbuat bir o qədər də bu məlumatı geniş müzakirə etmədi. Amma adları siyahıya düşənlər arasında Ilham Əliyev yeganə dövlət başçısıdır.
– Bu faktın özün necə dəyərləndirirsiniz?
– Mən Azərbaycan hakimiyyəti ilə bağlı belə bir möcüzəvi bir faktın açıqlanmasını xatırlamıram. Heç Qərbin tarixində də oxşar olay baş verməyib. Qərbdə dövlət xadimlərinə qarşı müəyyən kompromat məlumatların şahidi olmuşuq. Son belə bir məlumat Almaniya prezidenti ilə bağlı oldu. Onu plagiatda ittiham etdilər və o dərhal istefa verdi. Çünki prezident vəzifəsində qalsaydı, jurnalistlər ondan əl çəkməyəcəkdilər. Çünki sənə deyirlər “sən oğrusan”, fərqi nədir bu oğurluq necə baş verib. Sivil insan üçün fərq etmir sən kiminsə cibindən pul götürmüsən, ya da kiminsə əsərini oğurlamısan. Belə hadisələr baş verib. Amma belə formada, bu miqyasda hələ informasiya yayılmamışdı. Bildiyiniz kimi, bundan qabaq dövlət başçısının adı Dubay mülklərində və başqa layihələrdə halanmışdı. Amma bu məlumatlarda dövlət başçısının övladlarının adı daha çox hallanırdı. Bu dəfə isə birbaşa Ilham Əliyevin adı hallanır. Burada əsas söhbət firmalardan, böyük vəsaitlərdən gedir. Bəli, bununla iş adamları məşğul ola bilər. Amma dövlət başçısının belə bir fəaliyyətlə məşğul ola bilməz. Ya da bu barədə vaxtında məlumat verilməliydi.
Rusiya ilə Azərbaycan arasında münasibətlər loyaldır
– Dövlət başçısı Rusiya telekanalına müsahibəsində bildirib ki, iki dövlət arasında heç bir problem yoxdur. Bu nə dərəcədə reallığa uyğun bir açıqlamadır?
– Problemsiz münasibətlər olmur. Biri var bu problemlər etiraf olunur və onların çözülməsi istiqamətində addımlar atılır. Rusiya ilə Azərbaycan arasında isə münasibətlər loyaldır. Iki dövlət arasındakı problemlər hamıya bəllidir. Onlar sırasında RLS-lə bağlı yaşananları da göstərmək olar.
– Bu sualı təsadüfən vermədim. Bir müddət əvvəl ABŞ-da nümayəndə heyəti görüşlərdə bəyan etmişdi ki, Azərbaycan Rusiya və Iran tərəfindən sendviç kimi sıxılır. O zaman Rusiya ilə münasibətlərin normal olduğunu söyləmək nə dərəcədə düzgündür?
– Mən belə müqayisələrdən uzaq adamam. Hazırda söhbət ondan gedir ki, Azərbaycan ətrafında beynəlxalq vəziyyət dəyişib. Hazırda beynəlxalq aləmin Azərbaycana münasibəti 1990-cı ilin əvvələrindəki yanaşmaya bənzəyir. O zaman Azərbaycana qarşı informasiya blokadası var idi. Amma o zaman bir müddət Azərbaycan SSRI-nin tərkibində idi və bütün ümidlər Moskvaya bağlı idi. Indi Azərbaycan müstəqildir və Avropa Şurasının üzvüdür. Azərbaycan üzərinə beynəlxalq səviyyədə müəyyən öhdəliklər götürüb. Azərbaycanda bu öhdəliklərin yerinə yetirilməsini gözləyirlər.
– Bölgədə yaranmış vəziyyətin fonunda hakimiyyət beynəlxalq müttəfiqləri olan Rusiya və Iranı itirib. Bu faktorun Azərbaycandakı proseslərə təsiri necə ola bilər?
– Iranın Azərbaycana siyasi təsiri bir az şişirdilib. Iranın Azərbaycana ideoloji kanallarla təsiri var. Amma bu təsirin nəticələri özünü hələ indi göstərməyəcək. Iran öz hayındadır. Hazırda bu ölkə ciddi sanksiyalarla üzləşib və öz problemlərinin həlli ilə məşğuldur. Sadəcə olaraq Iranı Azərbaycanda narahat edən məqamlar var. O da Azərbaycanın Avropa və Israil ilə yaxınlığıdır. Rusiyaya gəlincə, bu dövlətlə əlaqələr yaxşı idi. Hazırda bu münasibətlərdə problemlər yaşanır.
Rusiya ilə münasibətlər niyə korlanıb?
– Bu problemlərin yaranma səbəbi nədir? Axı bir qayda olaraq hakimiyyət Kremldən gələn istəklərə öz təhlükəsizliyi üçün “hə” cavabı verirdi.
– Azərbaycan bir qədər ehtiyatlı siyasət yürütməlidir. Ona qarşı böyük qüvvə fəaliyyət göstərir. Bu dünyadakı ermənilərdir. Onlar hər yerdə bizim əleyhimizə işləyirlər. Ona görə münasibətlərin korlanmasında onların da əli ola bilər. Lakin düşünmürəm ki, bu əsas səbəbdir. Başlıca səbəb beynəlxalq aləmdə durumun dəyişməsidir. Hazırda böyük geosiyasi aləmdə ciddi dəyişikliklər baş verir. Birinci səbəb, keçmiş sovet məkanında Avraziya Ittifaqı xülyasının yenidən ortaya çıxmasıdır. Eyni zamanda Rusiya ətrafında da beynəlxalq vəziyyət dəyişib. Rusiya ABŞ və Avropa ilə əməkdaşlığa keçib. Eyni zamanda bu əməkdaşlıqla yanaşı rəqabət də baş qaldırıb. Qərb çəkinir ki, sabah Rusiya dirçələrək keyfiyyət cəhətdən yeni bir dövlət kimi meydana çıxa bilər.
Digər tərəfdən, ABŞ-ın hazırda dünya üzrə bir neçə iri layihəsi var. Onlar Böyük Yaxın Şərq, Böyük Qafqaz və Orta Asiya layihələridir. Yaxın Şərqdə baş verən proseslər bu siyasətin tərkib hissəsidir. Bu dəyişikliklər Azərbaycanın sərhədləri yaxınlığında gedir. Hazırda dəyişiklik növbəsində Suriya, daha sonra Iran, Pakistan, Əfqanıstandır. Azərbaycan bu proseslərdən kənarda qala bilməz. Bu mənada Azərbaycan həqiqətən də iki qüvvənin arasında qalıb. Amma bu qüvvələr Rusiya və ABŞ-dır. Baş verən dəyişikliklər hamıya bir xəbərdarlıdır. Bu xəbərdarlıqdır ki, dəyişin. Amma biz hələ dəyişmirik. Dəyişikliklər üçün Azərbaycanın maliyyə, intellektual potensialı var.
Beynəlxalq aləm Azərbaycana inanmır
– Azərbaycanda hazırkı seçki situasiysını şərait və seçkilərə iddialılar baxımından necə qiymətləndirirsiniz?
– Seçki kampaniyası hələ başlamayıb və namizədlər də elan olunmayıb. Amma bu baxımdan hazırkı vəziyyətin qızğınlığı maraqlıdır. Çünki adətən, belə seçkiqabağı kampaniyalarda ittifaqlar yaranır, seçkiyə uyğun addımlar atılır. Amma bizdə vəziyyət fərqlidir. Azərbaycandakı hazırkı vəziyyət qorxuludur. Həm daxildə qızmar vəziyyət var, həm də Azərbaycan beynəlxalq aləmin diqqətinə gəlib. Axı nə baş verib? Ermənistanda seçkilər keçirildi…
– Niyə bizdə vəziyyət normal məcrasında davam etmir?
– Düşünürəm ki, bunun səbəbi təkcə daxili amillərlə bağlı deyil. Baş verənlərdə həm xarici ətrafın təsiri, həm də inamsızlığı var. Azərbaycanla beynəlxalq aləm arasında bir inamsızlıq yaranıb.
– Bu inamsızlığın detallarına varaq. Avropa Şurası və Qərb qarşısında Azərbaycanın müəyyən öhdəlikləri var. Uzun zaman keçsə də bu öhdəliklər yerinə yetirilmir. Sizcə, hazırkı vəziyyətdə bunlardımı bu inamsızlığı yaradan?
– Beynəlxalq aləm üçün maraqlıdır ki, Azərbaycanda demokratiya hansı istiqamətdə davam edəcək. Baş verənlərə böyük diqqət var. Çünki beynəlxalq aləmin Azərbaycanda gözlədiyi dəyişikliklərdən biri hakim dairələrdən seçkilərin tam demokratik keçirilməsinə nail olmaqdır. Beynəlxalq aləmin gözlədikləri reallaşmasa, arada narazılıq baş verəcək. Bu da öz təsirini həm hakim, həm də müxalif dairələrə göstərəcək.
Hakimiyyət hansı yolu seçəcək?
– Əgər hakimiyyət gözlənilən islahatları yerinə yetirə bilməyəcəksə, Azərbaycan iqtidarını hansı perspektivlər gözləyir?
– Artıq Azərbaycanda ciddi islahatların reallaşdırılması üçün vaxtın imkanları tükənib. Ciddi demokratik islahatlar keçirmək üçün beş-altı ay yox, gərək uzun müddət bununla məşğul olasan. Digər tərəfdən, gərək sənin bir siyasi proqramın olsun və bu proqram üzdə olan qüvvələrlə razılaşdırılsın. Demokratik islahatlar üçün gərək sən struktur, proqram, ideologiya dəyişiklikləri aparmalısan. Azərbaycanın hazırda intellektual, enerji vəziyyəti elə bir yerdədir ki, bu dəyişiklikləri reallaşdırmaq olmaz. Hazırda yalnız söhbət ondan gedə bilər ki, hakim dairənin seçkidə nümayəndəsi kim olacaq? Bunu yalnız müəyyənləşdirmək olar. Hələ dövlət başçısı namizədliklə bağlı fikrini bəyan etməyib. Yenə də Ilham Əliyev öz namizədliyini irəli sürsə, bu tam başqa məsələdir. Yox, hakimiyyətin namizədi başqa adam olacaqsa, o zaman situasiya fərqli olacaq. Hakim dairənin yaxınlığında belə adamlar var. Hətta hakim dairələr elə fənn işlədə bilərlər, demokratik düşərgə belə buna hazırlıqlı olmaz. Yox, hakimiyyət baş verənlərə köhnə üsul ilə yanaşsa, bunun mənfi təsirləri, müsbətdən daha çox ola bilər.
Xəyal



