Demokratiya uğrunda mübarizə aparan müxalifyönlü və müstəqil təşkilatlarla minlərlə gənc birləşib
Tez-tez YAP-çıların, hakimiyyətyönlü deputatların, iqtidarın qazanından qidalanan gənclərin dilindən eşidirik ki, ölkə gəncliyinin böyük əksəriyyəti Azərbaycandakı mövcud hakimiyyəti dəstəkləyir. Əslində, hər bir iddianın arxasında fakt durmalıdır. Ölkədəki 2 milyondan artıq gəncin böyük əksəriyyəti hakimiyyəti dəstəkləyirsə, təbii ki, bu, özünü Azərbaycanda 1 milyondan çox istifadəçisi olan sosial şəbəkələrdə, ictimai yerlərdəki müzakilərdə də göstərməlidir.
Bundan başqa, bu gün Azərbaycanda xeyli gənclər təşkilatları var ki, orada birləşən gənclər hakimiyyətin yürütdüyü siyasəti tənqid edir, onunla razılaşmır. Əksinə, bu hakimiyyətin ölkəyə hər gün daha çox ziyan vurduğunu düşünür. Bu cür gənclərin sayı minlərlədir. Əgər ölkə gənclərinin əksəriyyəti hakimiyyəti dəstəkləyirsə, bəs bunlar kimlərdir?
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyir ki, ölkədə gənclərin kütləvi şəkildə birləşdiyi ən böyük təşkilatlardan biri onun rəhbərlik etdiyi qurumdur: “Bizim gənclərin partiyamızın sədri Əli Kərimli ilə sonuncu görüşündə 1000-ə yaxın gənc iştirak edirdi. Bakının bütün rayonlarında, ölkənin müxtəlif bölgələrində gənclər komitəsinin şöbələri var. Bundan əlavə, hər ay bizim komitəyə onlarla gənc üzv olur”.
Əbülfəz Qurbanlı onu da qeyd edib ki, bu ildən başlayaraq, Gənclər Komitəsinin strukturunda dəyişiklik ediblər – seçkili orqana keçiblər. Hazırda Gənclər Komitəsinin ümumrespublika konfransına hazırlaşdıqlarını deyən Qurbanlının sözlərinə görə, rəhbərlik etdiyi qurumun 2000-ə yaxın üzvü var: “Bundan əlavə, bizim sıralarımızda partiya üzvü olmayan yüzlərlə tərəfdaşımız var. ”Facebook”dakı “Xilas” qrupuna üzv olmuş 215 min insan da bunun sübutudur. Əgər gənclərin böyük əksəriyyəti hakimiyyəti dəstəkləyirsə, bəs bunlar kimlərdir? Gənclər deyil?”
Müsavat partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslı da deyir ki, təkcə Bakı üzrə rəhbərlik etdiyi qurumun yüzlərlə üzvü var: “Bəzi rayonlarda da üzvlərimiz fəaliyyət göstərir. Ümumiyyətlə, sosial şəbəkələrdən də aydın görünür ki, hakimiyyətin siyasətini dəstəkləyən gənclər yox səviyyəsindədir. Iqtidarı dəstəkləyən gənclər yalnız kağız üzərində mövcuddur”.
“Azad Gənclik” Təşkilatının (AGT) sədri Ülvi Həsənlinin sözlərinə görə, qurumun təkcə Bakıda 130 üzvü var. Bundan əlavə, təşkilatın Sumqayıt şöbəsi də fəaliyyət göstərir: “Ondan çox xarici ölkədə də üzvlərimiz mövcuddur. Son aksiyalardan sonra sıralarımıza qoşulmaq istəyən gənclərin sayı artmaqdadır”.
ADP Gənclər Komitəsinin sədri Cəmil Hacıyev rəhbərlik etdiyi təşkilat barədə danışarkən ilk növbədə onu qeyd edib ki, Bakının 11 rayonunda qurumun üzvləri var: “Siyasi proselərdə aktiv olan 100-dən çox gəncimiz var. Ancaq müxtəlif səbəblərdən, o cümlədən hakimiyyətin təzyiq və təqiblərinə görə bir çox gənclərimiz aktiv mübarizədən kənarlaşıb. Ancaq biz sona qədər bu hakimiyyətin yarıtmaz idarəetməsinə etirazımızı bildirəcəyik”.
“NIDA” Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Aygün Pəncəliyeva da deyir ki, bu quruma gənclər mütəmadi olaraq üzv yazılır: “Hazırda Bakı şəhəri üzrə 300-ə yaxın üzvümüz var. Xaricdə 50-dən çox üzvümüz var. Xaricdəki üzvlərin əksəriyyəti Türkiyədədir. Ölkənin müxtəlif rayonlarında da üzvlərimiz var. Bundan sonra da bu prosesi davam etdirəcəyik”.
Bütöv Azərbaycan Gənclər Təşkilatının (BAGT) sədri Elvin Camalov isə bu qurumda rəsmi olaraq 3000-dən çox gəncin üzv olduğunu bildirib: “Ancaq ictimai-siyasi proseslərdə fəal olan gənclərimiz 60-70 nəfər arasındadır. Biz çalışacağıq ki, sıralarımızı genişləndirək, məqsədimizə doğru addımlayaq”.
“D-18″ Gənclər Klubunun Idarə Heyətinin üzvü Tural Cəfərov bildirib ki, təşkilat yeni yaransa da, artıq 100-ə yaxın üzvü var: ”Məqsədimiz tez bir zamanda təşkilatlanmaq, ölkənin demokratik sistemə keçidinə töhfə verməkdir”.
VHP sədrinin müavini Samir Əsədli bildirdi ki, partiyanın Gənclər Təşkilatının 500-ə yaxın üzvü var: “Rayonlar üzrə gənclərimiz passiv olsa da, növbəti mərhələdə təşkilatlanmaq işini qarşımıza əsas məqsəd kimi qoymuşuq”.
“Müsbət Dəyişiklik” Gənclər Təşkilatı Idarə Heyətinin rəhbəri Nərmin Rəhimli bu qurumun 100-dən çox üzvünün olduğunu deyir. Fəal üzvlərin sayı isə 25-30 nəfərdi: “Sadəcə, biz hələ üzvlüklə bağlı ictimaiyyətə çağırış etməmişik. Sıralarımıza qoşulan gənclər layihələrimizdən, fikirlərimizdən təsirlənərək üzv olan gənclərdir”.
Bu siyahını uzatmaq da olardı. Görünən odur ki, ölkə gəncliyinin aktiv kəsimi hakimiyyəti dəstəkləmir. Ona görə də yuxarıda adlarını çəkdiyimiz, ölkədə demokratiyanın bərqərar olması istiqamətində mübarizə aparan müxalifyönlü və müstəqil gənclər təşkilatlarında birləşərək, bu mübarizəyə öz töhfələrini verməyə çalışırlar.
İlham Hüseyn


