İranda dəhşətli zəlzələ

Aprelin 16-da İranda güclü zəlzələ baş verib. Zəlzələnin episentri İran-Pakistan sərhədinə düşüb. Təkanlar bütün Fars Körfəzi ölkələrində və Hindistanda hiss edilib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələdən bir qədər sonra təkanların 7,8 bal, İran tərəfi 7,5 bal gücündə olduğunu açıqlayıb.
İran Dövlət Televiziyası azı 40 nəfərin öldüyü haqda xəbər yaysa da, adının çəkilməsini istəməyən rəsmi şəxslər yüzlərlə adamın öldüyünü bildiriblər.
Təbii fəlakət baş verən ərazi ilə telefon əlaqəsi kəsilib. İranın Qızıl Aypara  Cəmiyyətinin sədri Mahmud Müzəffər bildirib ki, hadisə yerinə ilkin yardım üçün Xorasan, Kirman və başqa yerlərdən 5 xilasedici dəstə göndərilib. O əlavə edib ki, zəlzələnin baş verdiyi 10 məntəqədə yaşayış binaları azdır.
Bu zəlzələnin son 40 ildə İranda baş vermiş ən güclü yeraltı təkan olduğu bildirilir. Ölü sayının artacağı istisna edilmir.
 Zəlzələnin təsirindən Pakistanda da dağıntılar var. Burada 1000-dən artıq evin dağıldığı barədə xəbərlər yayılıb.