“Yeganə çıxış yolu birlikdir”

Fikrət Cəfərli: “Bəzi siyasilərin siyasi hikkələri mümkün olanı mümkünsüz edir”

KXCP daxilindəki “Demokratik  Birlik” fraksiyasının təsisçilərindən Fikrət Cəfərli  müxalifətin birliyi və prezident seçkisində iştirakı mövzunda açıqlama verərək düşərgənin hazırkı siyasətini tənqid edib. “Hakimiyyətin xalqa zülm etməsi, kölələşdirmə siyasəti hər kəsə aydındır. Bunun nə izaha, nə də sübuta ehtiyacı var. Ona görə də hamını düşündürən sual budur: müxalifət xalqa qənim kəsilən bu rejimdən onu və bu dövləti necə xilas etmək istəyir? Yaxud da xilas üçün nəticəsi olan birlik naminə yetərincə çabalar göstərirmi? Təəssüf ki, müxalifətin hazırda apardığı siyasət rejimin ömürünü uzadır”, – deyə o bildirib. F.Cəfərlinin fikrincə, hazırkı şəraitdə demokratik qüvvələrin əldə edəcəyi ən effektiv nəticə gündəmin əsas mövzusuna çevrilən birliklə bağlı düsturu tapmaq olardı: “Bir çoxları bunun mümkün olmadığını desə də, əslində daha geniş spekteri əhatə edən böyük birliyin yaranması və sistemli fəaliyyəti mümkündür. Sadəcə bəzi siyasilərin şəxsi, yersiz siyasi hikkələri mümkün olan məsələni mümkünsüzləşdirir. Böyük birliyin açarı ola biləcək siyasi birliyin yolu və adı isə bəllidir. Bu qurumun prezident seçkisində namizədini müəyyən etməsi əslində böyük birliyin yaranmasında açar rolunu oynaya bilər. Bununla da bütün müxalif qüvvələrin, demoktarik institutların vahid mövqedən çıxış etməsinə şərait yaradar. Yetər ki, siyasi avantüraya çevrilmiş hikkə kənara qoyulub, ictimai fikirlə hesablaşılsın”.
Bütün bunlarla yanaşı F.Cəfərli hesab edir ki, müxalifət daxilində son vaxtlar gedən müzakirələr nəzərdə tutulan geniş spekterli koalisiyanın yaranacağına optimis yanaşmağa əsas verir: “Bu gün hamımız ümid edirik ki, enerjimizi daxili mübarizəyə yox, millətimizi bir qrup korrupsener, qeyri-demokratik yolla hakimiyyəti ələ keçirmiş bu rejimin əsarətindən qurtarıb, normal, demokratik cəmiyyət qurmağa sərf edəcəyik. Müxalifətin qarşısında düran əsas vəzifə xalqı cəmiyyətin demokratikləşməsi prosesinə cəlb etmək olmalıdır. Xalqı bu prosesə cəlb etməyin yolu isə demokratik qüvvələrin birliyindən keçir. Əvvəlcə özümüz siyasi hikkədən imtina edib birləşməyi bacarmalıyıq. Xalqa demokratik qüvvələrin saflaşmış cəmiyyət qurmaq mesajını çatdırmağı bacarmalıyıq. Əks təqdirdə biz xalqdan ayrı mübarizə aparmaq zorunda qalacağıq. Bununla da bütünlükdə cəmiyyət yenidən uduzmuş olar”.
F.Cəfərliyə görə, əsas sualardan biri də geniş koalisiyanın hansı qüvvələrlə qurulmasıdır. O, hesab edir ki, bu qüvvələrə oturuşmuş və regional strukturları olan partiyalar, ictimai rəyin qəbul etdiyi, mübarizənin önündə olmaq istəyən gənclər təşkilatları, Ziyalılar Forumu və orada təmsil olunmayan müstəqil ziyalılar daxildir.
“Başa düşürük ki, siyasi partiyalar maraqlar üzərində qurulur və əsas məqsədləri də hakimiyyət uğrunda mübarizə aparmaq, qələbə qazanmaqdır. Amma avtoritar rejimlərdə siyasi partiyalara nəinki hakimiyyət uğrunda mübarizə aparmalarına və qələbələrinə, heç normal fəaliyyət göstərmələrinə belə imkan verilmir. Bu şərtlər altında fəaliyyət göstərən partiyalar ancaq varlıqlarını qorumaqla məşğuldular. Ona görə də yeganə çıxış yolu  birlikdir”, – deyə F.Cəfərli qeyd edib.