«Bu, «korrupsiya şousu»nun davamıdır»
«Hökumət inhisarçılığın qarşısını həqiqətən almaq istəyirsə, Rəqabət Məcəlləsini qəbul etsin»
Bu günlərdə məlumat yayıldı ki, bazarlarda süni surətdə qiyməti qaldıranlar və inhisarçılığa yol verənlərlə bağlı cəzalar sərtləşdiriləcək. Bu məqsədlə də Cinayət Məcəlləsinin 199-cu maddəsinə dəyişiklik ediləcək. Layihəyə əsasən, inhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, həmçinin bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etməyə görə 1000 manatdan 5000 manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə gözlənilir.
Süni bahalaşma yaradanlara 6 illik həbs cəzası…
Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası müəyyənləşəcək.
Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Məlum maddənin hazırda qüvvədə olan variantına görə, sözügedən əməllərə yol verənlər 100 manatdan 500 manata qədər cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunur.
Göründüyü kimi, cəza tədbirləri indiyə qədər də mövcud idi, sadəcə olaraq indi bu cəzanı sərtləşdirirlər. Ötən dövr ərzində ölkə əhalisi bunun hansısa faydasını görməyibsə, cəza sərtləşəndən sonra vəziyyətin dəyişəcəyinə necə ümid etmək olar? Üstəlik inhisarçılığın, qeyri-rəqabət mühitinin hökm sürdüyü bir ölkədə bazardakı qiymətləri müəyyənləşdirməyən “xırda fiqurları” cəzalandırmaq nəyi dəyişəcək? Aydın məsələdir ki, hansısa inhisarçı və ya bu mühiti yaradan hansısa oliqarx bu əməllərə görə məsuliyyətə cəlb olunmayacaq. Belə olan halda hökumətin süni qiymət artımının qarşısını almaq niyyətində səmimi olduğuna necə inanaq?
“Bunun qarşısını inzibati yolla almaq mümkün deyil”
Iqtisadçı Rövşən Ağayev deyir ki, qiymətlərin süni şəkildə artırılması inhisarçılıq sayılır və ayrı-ayrı ölkələrin qanunvericiliyində bununla bağlı inzibati sanksiyalar nəzərdə tutulub: “Amma məsələ ondadır ki, Azərbaycan iqtisadiyyatının özü bütövlükdə inhisarlaşmış iqtisadiyyatdır. Rəqabətli iqtisadiyyat şəraitində hansısa iqtisadi qrup və ya qruplar bazardakı payının çoxluğundan istifadə edib qiyməti artıra bilir. Yaxud ayrı-ayrı iqtisadi qruplar sövdələşməyə gedib qiyməti artırır. Məsələ burasındadır ki, Azərbaycanda inzibati yollarla bunun qarşısını almaq mümkün deyil. Çünki hökumət rəqabət mühiti yaratmadan iqtisadiyyatın bütün sahələrini inhisarlaşdırıb. Bura kommunikasiyadan tutmuş, ərzaq istehsalına, idxala, sərnişin nəqliyyatına qədər – hər sahə və xidmət növü daxildir. Əgər bunların hamısı yüksək səviyyədə inhisarlaşıbsa, prosesin qarşısını inzibati yolla almaq mümkün deyil. Sadəcə olaraq rəqabət yaranmalıdır. Rəqabət yarandıqca bu problemlər aradan qalxacaq”.
“İndiki halda qurban xırda sahibkarlar olacaq”
R.Ağayevin sözlərinə görə, hökumət inhisarçılıqla səmimi şəkildə mübarizə aparmaq istəyirsə, Rəqabət Məcəlləsini qəbul etməlidir: “Rəqabət Məcəlləsi Milli Məclisin birinci oxunuşuna 2006-cı ildə çıxarılıb. Düz 7 ildir ki, hökumət bu məcəlləni qəbul etmir. Indi süni bahalaşma yaradanlara qarşı cəza tədbirini iki səbəbə görə sərtləşdirirlər. Birincisi, korrupsiyaya qarşı mübarizə şousu kimi, burada da bir şou yaratmaq istəyirlər. Xırda adamları – onuncu dərəcəli məmurları tutub korrupsiyaya qarşı mübarizə apardıqlarını nümayiş etdirirlər. Korrupsiya sistemini yaradanları isə məsuliyyətdən kənarda saxlayırlar. Ikincisi, inhisarçılıqla bağlı həm cəmiyyətdə, həm beynəlxalq qurumlarda ciddi narahatlıqlar var. Beynəlxalq təşkilatlar hökumətdən bu problemi aradan qaldırmağı tələb edirlər. Hökumət də ”korrupsiya şousu”nun davamı kimi belə bir görüntü yaratmaq istəyir ki, guya inhisarçılığa qarşı mübarizə aparır. Indiki halda bunun qurbanı ölkədə inhisarçılıq yaratmış böyük şirkətlər və böyük fiqurlar yox, xırda sahibkarlar olacaq”.
Deputatlar nə deyir?
Məsələ ilə bağlı parlament üzvlərinin də maraqlı reaksiyaları olub. Məsələn, parlamentin Iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da hesab edir ki, problemin həlli üçün ən ideal variant Rəqabət Məcəlləsinin qəbuludur: “Belə ağıllıdırlar, ilk növbədə Rəqabət Məcəlləsinin qəbul etsinlər. Bu məcəllə qəbul edilsə, bazar iqtisadiyyatında mühüm irəliləyişlər müşahidə olunacaq. Ümumiyyətlə demokratik dövlət quruluşunda bazarı stabilləşdirmək asan deyil. Lakin müəyyən qədər inhisarçılığın, korrupsiyanın qarşısı alına bilər. Rusiya Dumasında çox maraqlı və faydalı qanun qəbul edilib. Topdansatış mərkəzlərində məhsulun üzərinə 15 faizdən artıq məbləğ əlavə edilə bilməz. Həmin qanun bu gün Rusiya bazarında öz səmərəsini göstərir”.
“Xalqın cibinə girənlər cəzalandırılmalıdır”
Deputat Əli Məsimli də cəza tədbirlərinin sərtləşdirilməsinə paralel olaraq Rəqabət Məcəlləsinin qəbulunu vacib sayır. Onun fikrincə, bu məcəllə qəbul olunandan sonra problemin həllinə əhəmiyyətli dərəcədə yaxınlaşmaq mümkün olacaq: “Necə olur ki, beş manat rüşvət alana beş il iş verirlər, amma inhisarçılığa yol verən insanlar yüngül cəza ilə vəziyyətdən çıxırlar. Halbuki bu cinayət əməlidir və həmin insanlar ciddi şəkildə cəzalandırılmalıdırlar. Belə insanlar xalqın cibinə girirlər. Bu, biznes deyil, oğurluqdur. Mən təklif edərdim ki, 5000 min manatlıq cəza tətbiq edildikdən sonra həmin şəxs və ya müəssisə eyni əməli ikinci dəfə törətsə, fəaliyyəti dayandırılsın. Belə insanlar biznesmen deyil, oğru, banditdilər. Camaat qəpiyi qəpiyin üstünə qoyub çörək alır. Xalqın cibinə girib oğurluq etmək olmaz. Bu, xüsusən də aztəminatlı ailələrə təsir edir. Odur ki, inhisarçılığın qarşısını almaq üçün ilk növbədə Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bunu uzatmağın mənası yoxdur, qəbuluna tez nail olmaq lazımdır”.
Gültəkin



