ABŞ yetikilisi Azərbaycan hakimiyyəti qarşısında seçim tələbi qoya bilər
ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müvəkkili Tomas Melianın Bakıya səfəri ərəfəsində ABŞ Konqresinin yüksək vəzifəli təmsilçisi “Turan”a müsahibə verərək Azərbaycan hakimiyyətinə ciddi mesajlar ünvanladı. Adının çəkilməsini istəməyən Konqres nümayəndəsi bildirib ki, Azərbaycan yolayrıcındadır:
“O, demokratiya və iqtisadi çiçəklənmə yolu ilə irəliyə doğru da hərəkət edə bilər, avtoritarizm, korrupsiya tərəfə də. Biz Azərbaycanın seçdiyi yoldan çox narahatıq. Opponentlərin həbsə atılması, nümayişçilərə qarşı zorakılıqlar, KIV-ə məhdudiyyət və bu kimi əməllər bizdə həyəcan doğurur. Ümidvaram ki, Azərbaycan hakimiyyəti həqiqi maraqların böyük demokratiya və Qərblə sıx münasibətlərdə olduğunu görəcək”.
Tomas Melianın səfəri öncəsi belə bir açıqlama verilməsi təsadüfi görünmür. Konqres nümayəndəsinin söylədiklərinə diqqət yetirəndə güman etmək olar ki, ABŞ dövlət katibinin müvəkkili Bakı səfərində hakimiyyət qarşısında konkret seçim məsələsini qoyacaq.
Politoloq Vəfa Quluzadə də Melianın Bakıya konkret tələblərlə gəldiyini düşünür. Politoloqun fikrincə, səfər zamanı demokratik islahatlar, Qərbə inteqrasiya səfər zamanı müzakirə mövzusu ola bilər: “Əgər ABŞ dövlət katibinin məhz demokratiya məsələləri üzrə müvəkkili Bakıya gəlirsə, deməli, hakimiyyət qarşısıda müxtəlif tələblər qoyulacaq. Düşünürəm ki, demokratiya məsələləri, Qərbə inteqrasiya müzakirə mövzusu olacaq. Amma Azərbaycan tərəfinin bu müzakirəklərdən hansı nəticələr çıxaracağı sonrakı mərhələdə aydın olacaq”.
Bu yaxınlarda Amerikadan qayıtmış və orada Tomas Melia da daxil olmaqla, bir sıra ABŞ yetkililərilə görüşlər keçirmiş AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, hələ Birləşmiş Ştatlarda olanda bu səfər barədə məlumatlı idi. Fuad Qəhrəmanlı hesab edir ki, Melia Bakıda hökumət nümayəndələrilə görüşlərində ölkədə hüquq və azadlaqların pozulması, son dövrlər artan repressiyalarla bağlı narahatlığını dilə gətirəcək: “Amerikanın prioritet hesab etdiyi dəyərlər Ilham Əliyev hakimiyyəti tərəfindən tapdanmaqdadır və bu da ikitərəfli münasibətlərə ciddi təsir göstərir. Tomas Melia da Amerika hökumətinin demokratik dəyərlərə üstünlük verdiyini, öz prinsiplərinə sadiq qalacağını Azərbaycan hakimiyyətinə çatdıracaq. Amerika artıq bu məsələdə müşahidəçi mövqedə deyil, aktiv şəkildə iştirak edərək, müsbət addımların atılmasına töhfə vermək istəyir”.
İlham Hüseyn


