Həbsdəki AXCP-çi gəncə ailəsilə görüş verilmir

Vəkil Əsabəli Mustafayev “Media forum” saytına həbsdə olan AXCP üzvü Daşqın Məlikovun problemlərindən danışıb. O bildirib ki, ötən həftəsonu Daşqın Məlikovla görüşüb: “Saxlandığı istintaq təcridxanasında Daşqınla görüşdüm. Görüşdə əsasən onun həbsi ilə bağlı prosesləri müzakirə etdik. Onun müdafiəsinin necə olacağı barədə söhbət etdik”.

Əsabəli Mustafayev bildirib ki, gənc fəalın əsas problemlərindən biri ona valideynləri ilə görüşməyə icazə verilməməsidir: “Qanuna görə, o, ayda 4 dəfə, hər dəfə 4 saat müddətinə valideynləri və qohumları ilə görüşə bilər. Daşqın görüşlə bağlı problemin aradan qalxması üçün Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasının rəisinə müraciət edib.

Digər problem isə onun xəstəliyi ilə bağlıdır. Bronxial astma xəstəsi olduğu üçün o, hər 6 aydan bir xəstəxana şəraitində müalicə almalıdır. Növbəti müalicə vaxtı gələn aya – may ayına düşür. Müalicənin nə cür olacağı barədə söhbət apardıq və qərara gəldik ki, həmin vaxta qədər onun ev dustaqlığına buraxılmasına cəhd göstərək”.