
Müsavat partiyasının üzvü, keçmiş deputat Iltizam Əkbərli vaxtilə icra başçısı olduğu Imişli rayonunda baş verən qanunsuzluqlar barədə mətbuata açıqlama vermişdi. Iltizam Əkbərlinin sözlərinə görə, rayonun mərkəzindəki istirahət parkı, şahmat məktəbi sökülüb, yeri isə satılıb. Burada çoxillik ağaclar kökündən çıxarılıb. Bundan başqa, rayona ayrılan milyonlarla vəsaitin taleyi məlum deyil, 7-8 aydır ki, rayonda abadlıq işləri aparan sahibkarların pulu verilmir.
Keçmiş deputat bütün bunların günahkarı kimi Imişlinin hazırkı icra başçısı Vilyam Hacıyevi görür.
AXCP Imişli rayon şöbəsinin sədri Əli Qasımlı da rayondakı vəziyyətlə bağlı Iltizam Əkbərlinin dediklərini təsdiqləyib. Rayonda abadlıq işləri aparan sahibkarların aldadıldığını deyən Əli Qasımlının sözlərinə görə, hətta iş adamlarından biri haqqını tələb etdiyinə görə 5 sutkalıq həbs olunub: “Rayonun icra başçısının dəyişməsi müsbət istiqamətdə heç nəyi dəyişmədi. Əvvəlki icra başçısının dövründə də ayrılan 2 milyon manata Heydər Əliyev parkı, Heydər Əliyev mərkəzi yaradıldı. Vilyam Hacıyevin rəhbərliyi dövründə yenə 2 milyon manat ayrıldı və yenə də bu vəsait Heydər Əliyev parkının böyüdülməsinə sərf olundu. Ən dəhşətlisi isə odur ki, Imişlidə minlərlə ağac bir gecənin içində məhv edildi. Rayonda 20 kvadrat metrdən başlayaraq, çox böyük sahələrə qədər ərazilər yerli məmurlar tərəfindən satılır”.
İlham Hüseyn


