“Əvvəl ABŞ-ın agenti idim, indi də Rusiyanın adamı olmuşam”

Eldar Namazov: «Yəqin sabah da bu sıraya Çini, Mozambiki əlavə edəcəklər»

Hakimiyyət mətbuatı “El” Hərəkatının rəhbəri Eldar Namazova qarşı sözün əsl mənasında, “səlib yürüşü”nə keçib. Rəsmi qəzetlər demək olar ki, hər gün E.Namazova bir neçə məqalə həsr edirlər. “Yeni Azərbaycan” qəzeti son sayında bir az da irəli gedərək Eldar Namazovu Rusiyanın bəzi imperialist dairələri ilə işbirliyində, həmçinin vaxtilə Sovet KQB-nin layihələrində fəal iştirakda ittiham edib.
Qəzetə açıqlama verən YAP icra katibinin müavini Siyavuş Novruzov isə Eldar Namazovun layihəsinin Rusiyadan gələn proqram əsasında qurulduğunu, bu səbəbdən onun Rüstəm Ibrahimbəyovun ağsaqqalığı altında fəaliyyət göstərdiyini deyib: “Ikisi bir yerdə əvvəllər hara işləyiblərsə, indi də həmin təşkilatların istəyi ilə addım atırlar”.
“Azadlıq”a açıqlamasında Eldar Namazov hakimiyyət mətbuatının onu illərdir ABŞ-ın agenti adlandırdığını, yəqin indi də növbənin Rusiyaya çatdığını deyib: “Onlara görə ABŞ-ın həyata keçirdiyi bütün layihələrin arxasında Eldar Namazov dururdu. Bu yaxınlarda bağlanan Azad Fikir Universitetini də mənim ayağıma yazmışdılar. Bu təbliğat uzun illərdir aparılırdı. Indi də mövqelərini 180 dərəcə dəyişib məni Rusiyanın adamı kimi qələmə verirlər. Yəqin sabah da bu sıraya Çini, Avstraliyanı, Mozambiki əlavə edəcəklər. Onlardan nə desən, gözləmək olar. Mənim üçün önəmli olan odur ki, Azərbaycan cəmiyyətində belə şeylərə inananlar demək olar ki, yoxdur. Hakimiyyətin bu təbliğatı əks-effekt verir. Artıq cəmiyyət hakimiyyətin şər-böhtanına məruz qalmayan siyasətçilərə bir az şübhə ilə yanaşır. Ona görə də YAP rəsmilərinin, hakimiyyət qəzetlərinin bizim haqqımızda palaz-palaz yazılarına əhəmiyyət vermək fikrində deyiləm. Şükür Allaha ki, cəmiyyət hər şeyi gözəl başa düşür”.

Gültəkin