“Hakimiyyət sonunun yaxınlaşdığını hiss edir deyə, hamıya qarşı müharibəyə başlayıb”
“Offşorlar barədə məlumatın açılması Azərbaycanda inqilabi dəyişikliklərin qaçılmaz olduğunu deməyə əsas verir”
Əvəz Temirxan: «İqtidara bildirilir ki, demokratik seçkilərə getməsə, Azərbaycan xalqı ayağa qalxa bilər»
Seçki yaxınlaşdıqca hakimiyyətin cəmiyyətdə aktivliyin qarşısını almaq üçün atdığı addımlar artmaqdadır. Siyasi fəal gənclər, siyasətçilər hazırda hədəfə çevriliblər. Halbuki ölkədə gərgin durum nəzərə alınarsa, iqtidar cəmiyyətə münasibətdə yumşaq siyasət yürütməli idi. ALP sədri Əvəz Temirxanla müsahibəmizə məhz bu suala cavab almaqla başladıq.
– Azərbaycanda baş verən repressiyalara görə hakimiyyətlə yanaşı beynəlxalq təşkilatlarda iqtidara lobbiçilik edən şəxslər, qüvvələr də məsuliyyət daşıyır. Təsadüfi deyil ki, Ştrasserin yanvar ayında Azərbaycanda siyasi məhbuslara dair məruzəsi qəbul edilmədikdən sonra AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidova qarşı daha 3 maddə ilə ittiham irəli sürüldü. O gündən indiyə qədər 40-a yaxın adam həbs olunub. Bundan bir nəticə çıxarmaq olar ki, beynəlxalq və daxili irtica birləşərək xalqa qarşı repressiya aparırlar. Bununla iqtidar Avropanı azərbaycanlaşdırmağa çalışır. Iqtidarın hazırkı narahatlığı isə ondan irəli gəlir ki, Azərbaycanda inqilabi vəziyyət yetişib. O, ölkəni artıq əvvəlki metodlarla idarə edə bilmədiyindən repressiyaları daha da gücləndirir. Cəmiyyət isə əvvəlki vəziyyətdə yaşamaq istəmədiyindən bütün repressiyalara baxmayaraq narazılığı artırır.
– Bu yaxınlarda hakimiyyət müxalifətə dialoq təklifi ilə çıxış etmişdi. Amma elə həmin ərəfədə istiqlalçı deputat Ibrahim Ibrahimli Naxçıvanda yaxınının yasında iştirak etmək üçün gedən zaman oğurlanaraq döyülmüşdü. Yaxud dialoq təklif olunur, amma dərhal sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müxalifətə sərt ittihamlar yağdırır…
– Yəqin iqtidar dialoq deyəndə müxalifət təmsilçilərinin başına torba keçirərək onları döyməyi nəzərdə tutur. Azərbaycan iqtidarı dialoqa heç zaman getməyəcək. Çünki iqtidar müxalifətlə apardığı diskussiyaların hamısını uduzub. Televiziyalarda, mətbuat səhifələrində gedən diskussiyalarda hakimiyyət hər zaman məğlub olub. Bu iqtidar üçün iki ən böyük təhlükə var. Birinci dialoq, ikinci sərbəst toplaşmaq azadlığının təminatı. Ona görə iqtidar bu iki şeydən həmişə qaçır. Azərbaycanda situasiya gəlib Suriyadakı vəziyyətə çatarsa, iqtidar bəlkə o zaman dialoqa gedər. Suriya variantı isə Azərbaycan dövlətinin məhvinə aparacaq.
Offşordakı əmlakın açıqlanması təsadüfi deyil
– Tez-tez müzakirə olunan daha bir mövzusu offşor zonalara Azərbaycanın dövlət başçısının kapital yerləşdirməsiylə bağlıdır. Ofşorlara vəsait yatıranların iri siyahısında yalnız dövlət başçılarından Ilham Əliyevin adı var. Başqa ölkələrdə dövlətdən kapital axınının qarşısında bir sədd kimi dövlət başçısı dayanır. Amma Azərbaycanda belə görünür ki, bu prinsip tərsinə işləyir…
– Əslində Azərbaycanın dövlət başçısının adının bu siyahıda çəkilməsi təsadüfi deyil. Fikrimcə, bu təkcə jurnalist araşdırmasının nəticəsi deyil, bir xəbərdarlıqdır. Çünki jurnalistlərin əli belə sirlərə bir o qədər də çatmır. Ola bilsin ki, bu informasiya jurnalist təşkilatlarına aparıcı dünya dövlətlərinin kəşfiyyatları vasitəsilə sızdırılıb. Bu isə o deməkdir ki, Azərbaycanda inqilabi dəyişiklik qaçılmazdır. Amma əslində bu xəbərdarlıq seçki saxtakarlığından vaz keçməyə çağırışdır. Bildirilir ki, demokratik seçkilərə getməsəniz, seçki qanunvericiliyinə ciddi dəyişikliklər etməsəniz, bu faktlar əsasında Azərbaycan xalqı ayağa qalxa bilər. Amma hələ indi də gec deyil ki, Azərbaycan rəhbərliyi demokratik düşərgə ilə dialoqa getsin, ölkədə demokratik seçki mühitinin yaradılmasının əvəzində, müxalifətdən qarantiya alsın ki, maliyyə amnistiyası olacaq, offşor zonalarla bağlı qalmaqal kiminsə cinayət məsuliyyətinə cəlb olunmasına gətirməyəcək. Yəni hakimiyyət seçki vasitəsilə dəyişəcəksə, birinci şəxsdən tutmuş, sıravi JEK rəisinə qədər heç kim həbs olunmayacaq. Xaricdəki kapitalın leqallaşdırılması yolları haqqında indidən dialoqa getmək lazımdır. Həmin kapitaldan həm cəmiyyət, həm də onun sahibləri faydalana bilərlər. Bunun hansı yol ilə həyata keçiriləcəyi barədə Liberal Partiyasının təklifləri var. Bir-birimizlə düşmənçilik etmədən, ölkədə qaynar vətəndaş müharibəsinə keçmədən bu məsələni həll etmək, 100 minlərlə işsizi işlə təmin etmək olar.
– Offşorlara kapitalın çıxarılması onun təhlükəsizliyini təmin edə bilərmi?
– Xeyr, bu, kapitalın təhlükəsizliyini təmin edə bilməz. Gördüyünüz kimi, hətta offşor banklarda belə hesabların sahiblərinin adları açıqlanır və məlumatı gizlətmək olmur. Ona görə də hesab edirəm ki, bu kapitalı xaricə qoyub, əcnəbilərin ondan faydalanmasına imkan yaratmaqdansa, onu ölkəyə gətirib, xalqın xeyrinə yatırtmaq olar. Bu zaman həm xalq, həm də o çirkli pulların sahibləri bu pullardan bəhrələnmək imkanı əldə edəcəklər. Amma təəssüf ki, cəmiyyətdəki bir sıra qüvvələr hələ bu siyasəti qəbul etməyə hazır deyillər. Cəmiyyət və bu pulların indiki sahibləri düşünməlidirlər. Cəmiyyət düşünməlidir ki, bu pul gələcəkdə baş verə biləcək inqilabın yatırılması, vətəndaş müharibəsinin aparılması, 100 minlərlə günahsız adamın qanının tökülməsi üçün maliyyə mənbəyinə çevrilə bilər. Offşordakı pulların sahibləri isə düşünməlidir ki, elə bir məqam çata bilər ki, bu milyardlar son qəpiyinə qədər onların əlindən alınar. Bu pullar hakimiyyətdəkilərin xoş gününün deyil, bəd gününün maliyyə mənbəyi ola bilər.
Nifrət çıxış yolu deyil
– Hazırda seçkilərə az müddət qalmış demokratik düşərgənin birliyi ilə bağlı müxtəlif təkliflər səslənir. Eyni zamanda Islam Partiyasının bir sıra tanınmış siması da demokratik qüvvələrlə birliyin zəruriliyini dilə gətiriblər. Bu təşəbbüsləri necə qarşılayırsız?
– Birlik həmişə vacibdir. Birlik cəmiyyəti pərakəndəlikdən xilas edir, xalqı toparlayır. Amma çox təəssüf ki, bu birlik lazım olsa da, onun reallaşdırılması üçün vaxt, demək olar, itirilib. Hazırda cəmiyyətdə aparıcı siyasi qüvvələr sayılanların bəziləri birlik adı altında cəmiyyəti parçalayır və hansısa alver etmək istəyir. Bu həm maddi, həm də mandat alveridir. Bir müddət əvvəl mətbuatda belə bir informasiya yayıldı ki, 2013-cü ildə hakimiyyətə güzəşt edilməsinin qarşılığında, 2015 parlament seçkilərində həmin qüvvələrə 10-15 mandat veriləcək. Təəssüf edirəm ki, seçkilərin nəticələrinə təsir edə biləcək birlik xeyli gecikib. Ümid var, amma çox azdır. Hətta indidən sonra birləşsək belə, biz azad və ədalətli seçkilərin keçirilməsi üçün qanunvericiliyin qəbuluna bəlkə də nail ola bilməyəcəyik.
– YAP yetkilisi Əli Əhmədov tanınmış ziyalı Rüstəm Ibrahimbəyovun ünvanına növbəti dəfə sərt ittihamlar ünvanlayıb, təhqirə yol verib…
– Cəmiyyətdə fikirlər müxtəlif ola bilər. Amma bütün hallarda cəmiyyətdə hər hansı şəxsə, ictimai-siyasi qüvvəyə qarşı nifrət çağırışları qəbulolunmazdır. Təbii ki, bu iqtidar sağlam məntiqini itirməyibsə. Bununla yanaşı iqtidara qarşı da düşmənçiliyə çağırış vəziyyətdən çıxış yolu deyil. Qarşılıqlı nifrət yox, Azərbaycan xalqı naminə qarşılıqlı güzəştlər, dialoq, müzakirələr olmalıdır. Cəmiyyətin gələcəyi bundan asılıdır.
– Əli Əhmədovun daha bir fikri ondan ibarətdir ki, Azərbaycan xalqının böyük əksəriyyəti Ilham Əliyevi növbəti dəfə dövlət başçısı görmək istəyir.
– Xalqın azsaylı kəsimində bu istək var. Amma xalqın böyük əksəriyyətində belə bir istək yoxdur.
Hakimiyyət xalqa heç bir dəyər vermir
– Hakimiyyət hazırda öz vətəndaşları ilə yanaşı xarici QHT-ləri, beynəlxalq təşkilatları da hədəf götürüb. MDI və ATƏT-ə qarşı aparılan təbliğat kampaniyası da bunu sübut edir. Belə bir qarşıdurma siyasəti hakimiyyətə nə vəd edir?
– Bu, hakimiyyətə yaxşı heç nə vəd etmir. Bu o deməkdir ki, artıq iqtidar yürütdüyü siyasətlə özünün bataqlıqda boğulduğunu bilir. Iqtidar bu siyasəti davam etdirərsə, yaxın zamanlarda hakimiyyəti itirə bilər. Hakimiyyət sonunun yaxınlaşdığını hiss etdiyindən, artıq hamıya qarşı müharibəyə başlayıb.
– Artıq əsgər ölümləri təəssüf ki, gündəmin əsas mövzusuna çevrilib. Əsgər ölümü ilə bağlı xəbərlərin vaxtaşırı gəlməsi təəccüblü qiymətləndirilmir. Lakin ölümlərin artmasına baxmayaraq, hakimiyyət buna reaksiya vermir, əksinə, bu məlumatı yayanları ünsür adlandırır. Bu siyasəti necə dəyərləndirmək olar?
– Bu, hakimiyyətin xalqa heç bir dəyər vermədiyini göstərir. Azərbaycan xalqına öz oğurluğunun, talançılığının təminat vasitəsi kimi baxır. Ümumiyyətlə, Azərbaycan xalqının məhvi bu hakimiyyət üçün heç nə demək deyil. Azərbaycan iqtidarı xalqı saymır. Əsgər ölümü çox təəssüf ki, bunlar üçün adi şeydir, statistikadır.
– Dövlət başçısı keçirdiyi müşavirədə dəbdəbəni qınadı. Amma hazırda Heydər Əliyevin ad gününə rayonlar yüksək səviyyədə hazırlaşır. Bakı meri hətta bəyan edib ki, keçən ilkindən iki dəfə yarım artıq gül gətirəcək. Bu isə iki dəfə yarım artıq məsrəf deməkdir…
– Yaxşı bir rus deyimi var – “Pir vo vremya çumı”, yəni “Vəba zaman kef”. Hakimiyyətdəkilərin mərhum liderlərinin xatirəsini yad eləmək cəhdləri YAP-ın baxışından məntiqli görünür.
Keçən il bahalı güllərin ölkəyə gətirilməsinə 15 milyon manat xərclənmişdi. Bu il gülün 2 dəfə yarım artıq olacağını bəyan edirlər. Xərclərin təxminən 50 milyon dollara çatacağı planlaşdırılır. Adambaşına qızıl-valyuta ehtiyatı təqribən 100 min dollar olan Norveç kimi zəngin neft-qaz ölkəsi, səhv etmirəmsə, “Avroviziya” yarışmasının keçirilməsinə təqribən 50 milyon dollar pul xərcləmişdi. 9 milyon əhalisindən 4 milyonu çörək tapmadığından ölkəni tərk etmiş Azərbaycan isə bir gül bayramına təqribən 50 milyon dollar pul xərcləyir. YAP-çılar bilməlidir ki, liderlərinin xatirəsini anmağın ən yaxşı yolu daha çox işsizə iş vermək, daha çox yoxsulu aclıqdan xilas etmək, daha çox vətəndaşın ləyaqətli səviyyədə yaşamasını təmin etməkdir. YAP rəhbərliyi bunu etmirsə, deməli, davranış məntiqini itirib. Çünki seçki ilində dəbdəbəli gül bayramı və xalqın qıcıqlandırılması heç başadüşülən deyil.
Xəyal


