Tetçerin ölümünə “sevinən” polis istefa verib

Margaret Tetçerin ölümü haqqında təhqiramiz hesab olunan Twitter mesajları yazmış polis işçisi istefa verib.

Məlumatlara görə, serjant Jeremy Skot Barones Tetçerin ölümünün “87 il gecikdiyini” yazıb.
Polis idarəsi bu şərhlərin “qəbuledilməz” olduğunu deyib.
Polisin tvitləri yayıldıqdan sonra işi Professional Standartlar direktorluğuna verilib və o, dərhal istefa ərizəsini yazıb.
O, Tetçerin ölümü xəbərinin “gözəl xəbər” olduğunu və ölüm sırasının hazırkı baş nazir, maliyyə naziri və daxili işlər nazirinə də gəlməsini arzulayıb.
Polis komandiri Allan Gibson deyib: “Polis zabitinin bu davranışı qəbuledilməzdir və onun istefası düzgün addımdır”.
Britaniyanın keçmiş Baş Naziri Margaret Tetçer bazar ertəsi vəfat edib. O, gələn həftə dəfn olunacaq.