Bu gün Nemət Pənahlının anasının üç mərasimidir

Həcər Pənahlı: «Ümid edirik ki, heç olmasa bu gün buraxarlar»

Bu gün Nemət Pənahlının anası Sara xanımın üç mərasimidir. Ailəsi heç olmasa bu gün N.Pənahlının mərasimdə iştirakına icazə veriləcəyinə ümid edir. Dünən gün ərzində N.Pənahlının müraciətinə cavab verilməyib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə “Azadlıq”a bildirib ki, N.Pənahlı müraciət edibsə, cavab veriləcək.
N.Pənahlının xanımı Həcər Pənahlı bu münasibətin heç bir çərçivəyə sığmadığını deyir: “Ümid edirik ki, heç olmasa üçünə buraxarlar. Müraciət dedilər, etdik. Nemətlə tez-tez danışaram, deyir, hələ bir xəbər yoxdur. Ona da deyiblər ki, yuxarıdan cavab gözləyirik. Bütün cəmiyyət gördü ki, Azərbaycan hakimiyyəti insan haqlarına necə yanaşır. Mənəvi dəyərlərdən danışırlar, bu da bunların verdiyi dəyər. Deməyə söz tapmırıq”.
Nemət Pənahlının anası Sara Pənahlı aprelin 10-da vəfat edib. Məhbus siyasətçini anasının dəfninə buraxmayıblar. Həmin gün Penitensiar Xidmətdən bildiriblər ki, bunun üçün N.Pənahlının özünün yazılı müraciəti olmalıdır. Lakin yazılı müraciətdən sonra da N.Pənahlıya dəfndə iştirak üçün icazə verilməyib. Halbuki Cəzaların Icrası Məcəlləsi bu cür hallarda məhbusa qısa müddətli səfərə imkan verir. Üstəlik son illər 5 tanınmış məhbus Qənimət Zahid, Mirzə Sakit, Emin Milli, Arif Alışlı və Arif Hacılı qanunvericiliyin verdiyi bu imkandan istifadə edib.
Nemət Pənahlı 2011-ci il yanvarın 8-də həbs edilib, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olarkən – 2012-ci il yanvarın 13-də Nemət Pənahlı atasını da itirib. Onu atası Əhəd Pənahlının nə dəfninə, nə də yasına buraxıblar.

Gültəkin