“Ölkənin sərvətləri bir ailənin kassasına yığılır”

gozel bayramli-itv-cixish“Bilirlər ki, xalq bir gün ayağa qalxacaq, ona görə də kapitallarının təhlükəsizliyinə çalışırlar”

Gözəl Bayramlı: «Xalq cinayətkar rejimin ölkəni uzun müddət idarə etməsinə dözə bilməz»

Suallarımızı AXCP sədrinin müavini Gözəl Bayramlı cavablandırır. G.Bayramlı ilə müsahibəmiz ölkə daxilində baş verən və gündəmdə olan proseslərlə bağlıdır.

– Gözəl xanım, Milli Azadlıq Hərəkatının öncül simalarından olan, siyasi məhbus Nemət Pənahlının anası Sara Pənahlı dünən vəfat edib. Məhbus siyasətçini anasının dəfninə buraxmayıblar.ÿBunu necə qiymətləndirirsiniz?
– Əlbəttə, bu yol verilməzdir. Istənilən məhbusa yaxınının yas mərasimində iştirak etmək hüququ tanınmalıdır. Yaxud elə etmək olardı ki, ana oğlunu son nəfəsində görsün. Təəssüflər olsun ki, hakimiyyət siyasi mənsubiyyətinə görə insanlara təzyiq edir. Bu, hakimiyyətin mahiyyətindən irəli gəlir. Allahdan Nemət bəyin anasına rəhmət diləyirəm.

– Son zamanlar cəmiyyətdə aktiv gənclərə, fikirlərini söyləyən şəxslərə qarşı bir kampaniya aparılır. Rəhim Qazıyevin dövlət başçısına açıq məktubuna görə ona qarşı qondarma ittihamların irəli sürülməsi də bunu sübut edir. Nə baş verir?
– Hakimiyyət Azərbaycan xalqının narazılığından narahatdır. Məhz buna görə siyasi fəallar hədəfə alınır. Gənclərə qarşı yürüdülən kampaniya da bunun sübutudur. Qondarma ittihamlar onu göstərir ki, hakimiyyət gənclərin fəallığından çox qorxur. Artıq insanların ölkənin taleyinə biganə qalmaması hakimiyyəti narahat edir. Seçkiqabağı dövrdə hakimiyyət cəmiyyətin gözünü qorxutmaqla əvvəlki xofu bərpa etmək istəyir. Bu, ölkədə hazırkı avtoritar idarəçiliyi davam etdirmək niyyətindən irəli gələn məsələdir. Amma təbii ki, bu hakimiyyət istəyinə nail ola bilməyəcək. Artıq vaxt, zaman o zaman deyil. Insanlar artıq fəal şəkildə siyasi proseslərə qoşulurlar. Ölkənin taleyinə görə narahatlıq keçirirlər, etirazlarını bildirirlər. Hakimiyyət bu siyasətini uzun müddət davam etdirə bilməyəcək. Cəmiyyətin baş verənlərə reaksiyası kəskindir. Bunun təzahürünü vaxtaşırı regionlarda baş qaldıran aksiyalardan da görmək olar.

Sözdə bir, əməldə başqa siyasət

– Bu yaxınlarda hakimiyyət müxalifətə dialoq təklifi ilə çıxış etmişdi. Amma elə həmin ərəfədə istiqlalçı deputat Ibrahim Ibrahimli Naxçıvanda yaxınının yas mərasimində  iştirak etmək üçün gedən zaman oğurlanaraq, döyülmüşdü…
– Həmin o dialoq təklifindən sonra tanınmış ictimai-siyasi xadim Ibrahim Ibrahimliyə qarşı olan hadisələr onu göstərir ki, hakimiyyət həmişəki kimi təklifində səmimi deyil. Bir tərəfdən dialoq təklif olunur, digər tərəfdən Ictimai Palata Koordinasiya Şurasının üzvü, istiqlalçı deputat Ibrahim Ibrahimliyə qarşı zor tətbiq olunur. Hakimiyyət bir daha onu göstərir ki, onun dediyi ilə əməlləri uyğun gəlmir və bundan sonra da uyğun gəlməyəcək. Hakimiyyət sözdə bir, əməldə başqa siyasət yürüdür. Dialoqu pozan əksinə, hakimiyyətdir. Müxalifətlə dialoqun alınmamasının məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərindədir. Sizcə, dialoqa getməyə hazır olan qüvvə gənclərə, ölkənin tanınmış siyasi xadimlərinə qarşı bu zorakılığı edərdimi? Və ya Eldəniz Quliyevə qarşı basqılar. Bu hadisələr sübut edir ki, hakimiyyətin siyasəti yalanın üzərində qurulub. Səmimi deyillər. Yalnız öz xislətlərinə uyğun addımlar atırlar.

– Gündəmin daha bir mövzusu offşor zonalara dövlət başçısının kapital yerləşdirməsiylə bağlıdır. Bu siyahıda yalnız dövlət başçılarından Ilham Əliyevin adı çəkilir. Başqa ölkələrdə dövlətdən kapitalın axınının qarşısında bir sədd kimi dövlət başçısı dayanır. Bu məqamı necə dəyərləndirərdiniz?
– Türkiyənin və bir çox başqa ölkələrin tanınmış mötəbər mətbu orqanları bu məsələdə yeganə dövlət başçısı kimi Ilham Əliyev və ailəsinin adının hallanmasının üzərində xüsusi vurğu ilə dayandı. Həqiqətən də əslində dövlət başçısı ölkədən kapitalın çıxmasının qarşısını almalıdır. Bizdə isə bu əksinədir. Ilham Əliyev 2012-ci ilin yekunlarına görə dünyada korrupsiya üzrə lider olduğu kimi, bu məsələdə də önə çıxdı. Ilham Əliyev dövlət başçısı olaraq yalnız korrupsiya, ölkədən offşorlara daşınan pular məsələsində lider ola bilər. Dövlətin büdcəsinin talan olunmasında, həmin vəsaitlərin offşorlara yatırılmasında Ilham Əliyev birinci yerdədir. Dünyada elə bir ailə yoxdur ki, onun 17 yaşlı oğlunun adına külli miqdarda əmlak, vəsait olsun. Elə bir dövlət başçısı yoxdur ki, onun övladları bu dərəcədə böyük vara, sərmayəyə sahib olsun. Bu onu göstərir ki, Azərbaycanda dövləti cinayətə bulaşmışlar idarə edir. Bu qrupun başında da dövlət başçısı durur. Azərbaycanın sərvətləri talanaraq bir ailənin ümumi kassasına yığılır. Qızıl yataqları, ölkənin ən məşhur bankları, başqa neçə-neçə şirkətlər bu ailəyə məxsusdur. Istisna deyil ki, gələcəkdə də bu ailənin adına olan başqa əmlaklar barədə məlumat yayılacaq.

Əliyev bu varidatı hardan əldə edib?

– Bu kapitalın xaricə çıxarılması onun təhlükəsizliyini təmin edilməsi məqsədi daşıya bilərmi?
– Bu kapital bu ailənin olsa. bilərik bunların qazancıdır və istədiklərin edirlər. 2008-ci ildə Ilham Əliyevin ailəsi offşor zonlarda bu şirkətlərə sahib olanda onun illik büdcəsi nə qədər idi? O, Dubayda övladları üçün villalar alanda hesablama aparılmışdı və məlum olmuşdu ki, Ilham Əliyevin illik gəliri 200 min dollar idi. Hakimiyyət ölkənin sərvətlərini Azərbaycandan çıxarır. Deməli, bunlar ölkənin gələcəyinə inanmırlar ki, belə addımlar atırlar. Hakimiyyət bilir ki, xalq nə vaxtsa ayağa qalxacaq və bütün bunlara son qoyacaq. Ona görə də kapitallarının təhlükəsizliyinə çalışırlar. Xalq uzun müddət ölkəni cinayətkar rejimin idarə etməsinə dözə bilməz.

– Ölkəmizdə Davos Iqtisadi Forumu keçirilir. Forumda xarici sahibkarlar ölkəyə dəvət olunur. Amma ölkədəki sahibkarlıq mühiti, bildiyiniz kimi, ürəkaçan deyil…
– Sahibkarlar üçün hər hansı normal şərait yaradılmayıb. Əksinə, sahibkarların əlində olan əmlakı, vəsaiti bu hakimiyyət əllərindən alır. Zülfüqarlı qardaşlarının və başqa sahibkarların başına açılan oyunlar bunu sübut edir. Hakim ailə özlərindən başqa kiminsə əlində sərvət toplanmasını istəmir. Bunu özlərinə təhlükə bilirlər. Ona görə hakimiyyət sahibkarlığın normal inkişafı üçün normal şərait yarada bilməz. Azərbaycan qanunlarla idarə olunmur. Qanunlarla idarə olunsaydı əksinə, hakimiyyət sahibkarlığın inkişafında maraqlı olardı. Çünki məhz sahibkarların vergisi ilə büdcə formalaşır. Amma hakimiyyət müxtəlif yollarla büdcə vəsaitlərini öz hesabına keçirir. Indiki hakimiyyət qaldıqca nə ölkənin inkişafından, nə də azad sahibkarlıqdan danışmaq olar.

ABŞ-a uğurlu səfərlər davam edəcək

– Hazırda rəsmi mətbuatda AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ABŞ-a etdiyi uğurlu səfərə qarşı kampaniya aparılır. Əslində bu təbliğat nəyin göstəricisidir?
– Hakimiyyətin narahatlığı AXCP yetkilisinin ABŞ-da yüksək səviyyədə qarşılanmasından irəli gəlir. Son on ildə heç bir müxalifət təmsilçisi, hətta dövlət başçısı belə bu səviyyədə qarşılanmayıb. Ilin əvvəlində dövlət başçısının bir neçə ölkəyə səfəri olub. Bu ölkələr Xorvatiya və Sinqapurdur. Başqa mötəbər dövlətlərə səfər olmayıb. Biz hər gün hakimiyyətin mahiyyətini açan daha çox faktlarla qarşılaşırıq. AXCP yetkilisi ABŞ-da yüksək səviyyədə qəbul olunub, ölkəmiz üçün mühüm məsələlər müzakirə olunub. Fuad Qəhrəmanlı ABŞ təmsilçilərinin diqqətinə ölkədəki mövcud ictimai-siyasi vəziyyəti çatdırıb. Ona görə bu səfərin gözdən salınmasına hesablanan addımlar onun uğurlu alındığına işarədir. Amma bundan sonra da belə uğurlu səfərlər reallaşacaq. AXCP sədrinin nümayəndəsinin dilindən ölkədə baş verənlərin dinlənilməsi həm partiyamıza, həm də müxalifətə olan yüksək səviyyəli münasibətin ifadəsidir.

– Cəmiyyətdə tanınmış islamçılar demokratik qüvvələrlə birləşmək ideyasını irəli sürüblər. Bunu necə qiymətləndirirsiniz?
– Bu olduqca müsbət haldır. Biz hər zaman inanclı kəsimlə təmasda olmağa, onlarla birgə mübarizə aparmağa üstünlük vermişik. Artıq inanclı kəsim də başa düşür ki, bu xalqı bəladan çıxarmaq üçün yalnız bir olmalıyıq. Cəmiyyətin bütün demokratik qüvvələri, inanclı kəsim ölkənin xoş gələcəyi üçün əlindən gələni etməlidir. Inanclı soydaşlarımız da bu məsələdən kənarda qala bilməzlər. Hesab edirəm ki, xalqın daha geniş təbəqəsi ilə biz ölkəni bu bəladan çıxara biləcəyik.

Bu rejimə müstəqil ziyalı lazım deyil

– YAP yetkilisi Əli Əhmədov tanınmış zyialı Rüstəm Ibrahimbəyovun ünvanına növbəti dəfə sərt mesajlar ünvanlayıb, təhqirə yol verib…
– Bunları ziyalı sözü maraqlandırmır. Artıq 20 ildir ki, bu davam edir. Bunlara müstəqil fikri olan ziyalı lazım deyil. Bu hakimiyyətə saray ziyalıları lazımdır ki, onlara şöhrət ordeni versinlər. Amma Rüstəm Ibraimbəyov dünyada tanınmış ziyalımızdır. Biz fəxr etməliyik ki, dünyada bizi məhz belə şəxs tanıdır. Amma hakimiyyət Rüstəm Ibrahimbəyova qarşı təhqirlərə yol verməklə məşğuldur. Deməli, bu hakimiyyət narahatdır. Çünki hakimiyyət bilir ki, Rüstəm Ibrahimbəyov Azərbaycanda söz sahibi olan şəxsdir. Onlar istəmirlər ki, Rüstəm Ibrahimbəyovun dilindən xalq həqiqətləri eşitsin. Rüstəm Ibrahimbəyov kimi ziyalılarımız bu hakimiyyətin yalanına şərik olmadıqlarına görə hədəfə gəlirlər. Ona görə də Əli Əhmədov öz xislətinə uyğun olaraq Rüstəm Ibrahimbəyova qarşı bu cür ittihamları irəli sürür.

– Dövlət başçısı keçirdiyi müşavirədə dəbdəbəni qınadı. Amma hazırda Heydər Əliyevin ad gününə rayonlar yüksək səviyyədə hazırlaşır. Bakı meri hətta bəyan edib ki, keçən ilkindən iki dəfə artıq gül gətirəcək. Bu isə iki dəfə artıq məsrəf deməkdir…
– Bu, qeyri-səmimiliyin göstəricisidir. Dövlət başçısı bəyan edirdi ki, məmur balaları qudurublar, dəbdəbəli həyat tərzi sürürlər, mən öz ad günümü qaçqın düşərgəsində keçirmişəm. Hazırda Respublika Sarayının qarşısındakı park bağlanıb və ora milyonlarla vəsait xərclənir. Hesablamalara görə, bu bayrama 50-60 milyon pul vəsaiti xərcləyəcəklər. Bu dəbdəbə deyil, bəs nədir? Nəyə görə Heydər Əliyevə belə dəbdəbəli ad günü keçirilməlidir? O, Azərbaycana bu avtoritar rejimi miras qoyub gedib.

Xəyal